Accessibility links

İlqar Nəsibovun qəddarcasına döyülməsi hiddətlə qarşılanıb (Bəyanatlar)


İlqar Nəsibov

İlqar Nəsibov

Böyük Britaniya səfirliyi, Liberal və Xalq Cəbhəsi Partiyalarının bəyanatlarını təqdim edirik. Hüquq müdafiəçisinin döyülməsi ilə bağlı rəsmi məlumat verilmir

Naxçıvanda hüquq müdafiəçisi və jurnalist İlqar Nəsibovun qəddarcasına döyülməsi etirazlarla qarşılanır. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Milli Şura, Azərbaycan Xalq Cəbhəsi, Liberal, Müsavat, Vətəndaş Həmrəyliyi Partiyaları kəskin bəyanatlarla çıxış edib.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir:

“Naxçıvanda İlqar Nəsibovun vəhşicəsinə döyülməsindən şoka düşdük. Ümid edirik ki, ədalətli araşdırma olacaq və cinayətkarlar cəzasını alacaq”, Böyük Britaniya səfirliyinin bəyanatında bildirilir.

İlqar Nəsibovu döydürənlər və döyənlər ən böyük zərbəni Azərbaycanda qanuna, hüquqa, ədalətə və Azərbaycanın beynəlxalq nüfuzuna vurub.

Azərbaycan Liberal Partiyasının bəyanatında isə deyilir ki, Azərbaycan Liberal Partiyası İlqar Nəsibovun zorakılığa məruz qalmasını onun ictimai fəaliyyəti ilə bağlı olduğunu hesab edir. “Bu özbaşınalıqdan ciddi narahatıq. İlqar Nəsibovu döydürənlər və döyənlər ən böyük zərbəni Azərbaycanda qanuna, hüquqa, ədalətə və Azərbaycanın beynəlxalq nüfuzuna vurub”.

ALP Azərbaycan iqtidarını İlqar Nəsibovun döyülməsini sifariş edənləri və icra edənləri tezliklə ifşa edib, qanunun bütün ciddiyi ilə cəzalandırmağa çağırır.

AXCP şübhə etmir ki, İlqar Nəsibovu ümumilikdə Azərbaycan hakimiyyəti, ayrılıqda götürüldükdə isə Naxçıvan rəhbərliyi, onun hüquq müdafiəçisi fəaliyyətinə görə o cür cəzalandırıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası da Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibovun görünməmiş qəddarlıqla döyülməsi ilə bağlı bəyanat verib.

Bəyanatı diqqətinizə çatdırırıq:

"Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Naxçıvanda fəaliyyət göstərən hüquq müdafiəçisi İlqar Nəsibova qarşı misli görünməmiş zorakılıqla bağlı hiddətini ifadə edir və onun taleyindən ciddi şəkildə narahat olduğunu bildirir.

Həyat yoldaşı Məlahət Nəsibovanın verdiyi məlumatlara görə, İlqar Nəsibovu avqustun 21-də naməlum şəxslər təsisçisi olduqları ictimai təşkilatın ofisində ölümcül döyərək, huşsuz vəziyyətdə atıblar. İlqar Nəsibovun necə misli görünməmiş vəhşiliklə döyüldüyü onun al qan içindəki fotolarından da aydın görünür. Fotoların həqiqi olduğunu onun həyat yoldaşı təsdiqləyir. Açıq-aşkar görünür ki, cinayətkarların məqsədi İlqar Nəsibovun həyatına qəsd etmək olub və o, yalnız möcüzə sayəsində sağ qalıb.

AXCP yada salır ki, bir qədər əvvəl Nəsibovlar ailəsi evlərinin kilidinə müdaxilə olunması ilə bağlı açıqlama yaymışdılar. O zaman və daha əvvəl də bu ailə yerli hakimiyyətin və hüquq-mühafizə orqanlarının təqibi altında olub.

Bu dəfə baş verənləri isə AXCP xüsusi amansızlıq kimi dəyərləndirərək, beynəlxalq aləmi bu cür vandalizmə aydın və obyektiv mövqe göstərməyə çağırır.

AXCP ölkə ictimaiyyətinə, eləcə də demokratiyanı amal seçən təşkilatları baş verən bu cür qeyri-insani cinayətlərə laqeyd qalmamağa, “məndən ötdü qardaşıma dəydi” yanaşmasından uzaq mövqe tutmağa dəvət edir.

AXCP hakimiyyət orqanlarından tələb edir ki, baş vermiş bu ağır cinayətin üstünü ən qısa zamanda və obyektiv şəkildə açmaq üçün bütün vacib tədbirlər görülsün və cinayətkarlar tapılaraq layiqli cəzalarını alsınlar.

İlqar Nəsibova qarşı o cür vandallığın son vaxtlar ölkədə hüquq müdafiəçilərinə qarşı həyata keçirilən repressiyanın tərkib hissəsi olduğu haqda cəmiyyətdə əsaslı şübhələr var. AXCP şübhə etmir ki, İlqar Nəsibov ümumilikdə Azərbaycan hakimiyyətinin, ayrılıqda götürüldükdə isə Naxçıvan rəhbərliyinin onun hüquq müdafiəçisi olaraq göstərdiyi fəaliyyətə görə o cür cəzalandırılıb. İndi Azərbaycan hakimiyyəti bu ağır cinayətdə maraq və iştirakının olmadığını sübut edə bilmək üçün ictimaiyyətin inanacağı obyektiv istintaq aparmalı və cinayətkarların qanun qarşısında cavab verməsini təmin etməlidir. Hələliksə İlqar Nəsibovun tökülən qanı siyasi hakimiyyətin üzərindədir", sənəddə qeyd edilir.

Beynəlxalq aləmin də diqqətini cəlb edən bu hadisə təkcə Nəsibovlar ailəsinə qarşı deyil, Azərbaycanda yaşayan hər bir ailənin də başına gətirilə bilər.

Müsavat Partiyası Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibovun qəddarcasına döyülməsini pisləyən bəyanatla çıxış edib. Bəyanatda deyilir:

Avqustun 21-də naməlum şəxslər hüquq müdafiəçisi, jurnalist İlqar Nəsibovu təsisçisi olduğu ictimai təşkilatın ofisində insanlığa, şərəf və ləyaqətə zidd olan formada vəhşicəsinə döyərək, yaralı vəziyyətdə qoyaraq aradan çıxıblar. İlqar Nəsibovun ölümcül döyülməsinin əlamətləri onun yayılan fotolarından aydın görünür. Aydın görünür ki, sifarişi yerinə yetirənlərin məqsədi İ.Nəsibovun həyatına qəsd etmək olub, lakin o, möhkəm iradəsinin hesabına sağ qalıb.

O da qeyd olunmalıdır ki, Nəsibovlar ailəsinə qarşı bu cür haqsızlıqlar əvvəllər də zaman-zaman həyata keçirilib. Bu cür qanunazidd hərəkətlərlə İ.Nəsibovun və onun həyat yoldaşı Məlahət Nəsibovanın Naxçıvan Muxtar Respublikasında hüquq müdafiə işləri ilə məşğul olmasının və orada baş verən haqsızlıqlara etiraz səsinin ucaltmasının qarşısını almağa cəhd göstəriblər.

Beynəlxalq aləmin də diqqətini cəlb edən bu hadisə təkcə Nəsibovlar ailəsinə qarşı deyil, Azərbaycanda yaşayan hər bir ailənin də başına gətirilə bilər.

Müsavat Partiyası İlqar Nəsibova qarşı həyata keçirilən amansız döyülmə faktını ümumbəşəri dəyərlərə zidd olduğunu xüsusi vurğulayaraq, beynəlxalq aləmi bu cür vandalizm hadisəsinə qarşı çıxmağa və hadisəyə real qiymət verməyə çağırır.

Müsavat Partiyası Azərbaycan vətəndaşlarını baş verən bu cür insanlığa zidd hərəkətlərə laqeyd qalmamağı və əsl vətəndaş mövqeyi sərgiləməyə dəvət edir.

Müsavat Partiyası hakimiyyət orqanlarından baş verən cinayət hadisəsinin sifarişçilərinin və icraçılarının tez bir zamanda aşkarlanması və onların qanunauyğun şəkildə cəzalandırılmasını tələb edir.

Müsavat Partiyası bu cür vasitələrin Azərbaycanı xalqının haqq-ədalət uğrunda mübarizəsinin qarşısını ala bilməyəcəyini bir daha bəyan edir.

Demokratik Qüvvələrin Milli Şuranın bəyanatında deyilir ki, İlqar Nəsibov hakimiyyət dairələrinin əli ilə döydürülüb.

Bəyanatda deyilir:

İlham Əliyevin avtoritar və totalitar hakimiyyət rejimi daha bir hərəkəti ilə Azərbaycanı və bütün beynəlxalq aləmi heyrətləndirməkdədir. Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibovun vəhşicəsinə döyülməsindən bütün dünya şoka düşmüşdür. Bir vaxtlar cənab İlham Əliyev hüquqi dövlət quracağını bəyan etmişdi. Lakin baş verən vəhşiliklər, ölkəmizdə irticanın azğınlığı vəd edilən hüquqi dövlətdən əsər-əlamət olmadığının aydın ifadəsidir. Günün günorta çağı

Etirazçı dairənin ağzının yumulması, tənqidçi düşərgənin susdurulması, demokratiyanın ələ salınması İlham Əliyev rejimin mahiyyətini ortaya qoymuşdur.

Azərbaycan vətəndaşı, ölkənin daha sərt avtoritar bölgəsi sayılan Naxçıvanda, şübhəsiz ki, hüquq mühafizə orqanlarının bələdçiliyi ilə qanına qəltan edilmişdir.

Uzun illərdir Nəsibovlar ailəsi Naxçıvanda ekstremal şəraitdə işləyir, həyatlarını, ailələrinin taleyini ağır risk altına qoyurlar. Onların dirənişi və dözümü sözün tam mənasında fədakarlıq, Azərbaycan diktatorluğunun Naxçıvan “eksperimental laboratoriyasında” qəhrəmanlığa bərabər bir hadisədir. Bakıdakı həbslərdən, hakimiyyətin nəzarətində olmayan insan hüquqları təşkilatlarının total təqibindən ilhamlanaraq bu “eksperimental laboratoriyada” insanlıq adına zidd olan növbəti vəhşilik baş vermiş, ölkəmiz beynəlxalq aləmdə rüsvay edilmişdir. İndi dünyanın aparıcı informasiya vasitələri və media qurumları bu rüsvayçılıqdan, insan ləyaqətinin tapdalanmasından, Azərbaycanda zor üzərində bərqərar olan bir diktatorluğun mövcudluğundan yazır.

Korrupsiya genişləndikcə, rüşvət şəbəkəsi çiçəkləndikcə, monopolist dairə kiçildikcə, xalqın malı hesabına zənginləşənlər öz vəhşi təbiətini ortaya qoymaqdadır. Etirazçı dairənin ağzının yumulması, tənqidçi düşərgənin susdurulması, demokratiyanın ələ salınması İlham Əliyev rejimin mahiyyətini ortaya qoymuşdur. Xalqdan mandat almayan, ötən ilin oktyabrında seçkiləri total şəkildə saxtalaşdıran, hakimiyyəti mənimsəyən bir güruhun son iki həftə ərzində Leyla və Arif Yunusları, Rəsul Cəfərovu, İntiqam Əliyevi, Murad Ədilovu, Xaqani Məmmədovun və adı siyasi məhbus siyahısında sıralanan 100-dən artıq fədakar insanı saxta ittihamlarla həbsə atması, İlqar Nəsibov kimi nəcib bir insanı al-qana boyaması Azərbaycan həyatının acı reallığıdır. Demokratik Qüvvələrin Milli Şurası İlqar Nəsibovla bağlı baş vermiş vəhşilik aktını qəti şəkildə pisləyir, ölkənin bütün həyatını bürümüş irticanın azğınlığının qarşısının alınmasını və günahkarların cəzalandırılmasını tələb edir.

Vətəndaş Həmrəyliyi Partiyası hüquq müdafiəçisinin döyülməsini pisləməklə yanaşı, Naxçıvan Daxili İşlər Nazirliyinin üzr istəməsini tələb edir.

VHP belə bir əsassız məlumatı yayan Naxçıvan Daxili İşlər Nazirliyinin dərhal təkzib verməsini və təşkilatdan üzr istəməsini tələb edir

VHP Mətbuat Xidmətinin məlumatda bildirilir ki, Naxçıvan DİN-in "Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin həmtəsisçisi İlqar Nəsibovu Naxçıvanda döyən Fərid Əsgərovun VHP-nin Naxçıvan MR təşkilatının sədri kimi təqdim edilməsi əssasızdır və heç bir məntiqə sığmır:

"VHP bəyan edir ki, Fərid Əsgərov adında Naxçıvan MR təşkilatının nəinki sədri, heç üzvü belə yoxdur. Fərid Əsgərov adlı şəxs 2 il öncə təşkilata üzvlük üçün müraciət etsə də, onun müraciəti VHP Siyasi Şurası tərəfindən müsbət dəyərləndirilməyib və o, təşkilat sıralarına hətta üzv kimi qəbul edilməyib".

Bəyanatda VHP Naxçıvan Muxtar Respublikası təşkilatına Abdulla Abdullayevin sədrlik etdiyi də xatırladılıb və yayılan yanlış xəbərə görə partiyanın ictimai-siyasi nüfuzuna ziyan vurduğu üçün Naxçıvan DİN-dən təkzib vermək və üzr istəmək tələb edilib:

"VHP bir qeyri-hökumət təşkilatı sədrinin döyülməsi faktını pisləməklə barabər, Naxçıvan Muxtar Respublikasında VHP-nin yerli təşkilatının rəsmi qeydiyyatdan keçən sədri olduğu halda, heç bir sənəd-sübut olmadan, həbs olunan şəxsin əsassız iddiası ilə onun rəsmən VHP-nin təşkilat sədri kimi təqdim edilməsinə kəskin etiraz edir, cinayət törədən bir şəxsi qanunsuz olaraq VHP-nin təşkilat sədri kimi təqdim etməklə Naxçıvan DİN-in təşkilatın imicinə ciddi zərər vurduğunu bildirir.

Buna görə də VHP belə bir əsassız məlumatı yayan orqanın dərhal təkzib verməsini və təşkilatdan üzr istəməsini tələb edir".

Xatırladaq ki, bu gün Naxçıvan MR DİN Naxçıvan şəhər sakini İlqar Nəsibovun Naxçıvanda “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin ofisində döyülməsi barədə məlumat yayıb.

Nazirliyin verdiyi məlumatda ictimai birliyin həmtəsisçisi olan İlqar Nəsibovu döyən Fərid Əsgərov VHP-nin Naxçıvan MR təşkilatının sədri kimi təqdim edilib.

XS
SM
MD
LG