Accessibility links

Ukraynada Dövlət Təhlükəsizlik İdarəsinin iki polkovniki Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinərək həbs edilib


Ukrayna Təhlükəsizlik Xidməti prezident Volodimir Zelenski, Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov və digər yüksək vəzifəli dövlət rəsmilərinə sui-qəsd hazırlamaqda şübhəli bilinən Dövlət Təhlükəsizlik İdarəsinin iki polkovnikinin saxlanıldığını və həbs edildiyini açıqlayıb.

Sözügedən əməkdaşlar hərbi vəziyyətdə (CM-nin 111-ci maddəsinin 2-ci hissəsi) dövlətə xəyanətdə və və terror aktına hazırlıq (CM-nin 14-cü maddəsinin 1-ci hissəsi, 258-ci maddəsinin 2-ci hissəsi) ilə ittiham olunurlar. Şübhəliləri ömürlük həbs cəzası gözləyir. Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat verib.

Bəyanatda bildirilir ki, həbs edilən şəxslər Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin agent şəbəkəsinin bir hissəsinə daxil olub. Maksim Mişustin, Dmitri Perlin və Aleksey Kornevin Federal Təhlükəsizlik Xidmətinin 5-ci Əməliyyat İnformasiya Departamentinin 9-cu İdarəsinin üç əməkdaşı olduğu qeyd olunub.

Müstəntiqlərin verdiyi məlumata görə, şübhəlilər “ödəniş müqabilində Ukraynaya qarşı təxribat fəaliyyətinin həyata keçirilməsində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına könüllü yardım göstəriblər”.

İstintaq iddia edir ki, adıçəkilən polkovniklər məxfi məlumatları Rusiya kəşfiyyatçılarına ötürüb, həmçinin Kyiv vilayətindəki şəxsi evlərdən birində baş verməli olan “terror aktı həyata keçirmək üçün vasitələr hazırlayıb gizlədiblər”.

Ukrayna Təhlükəsizlik Xidmətinin bildirdiyinə görə, həbs edilənlərdən biri sui-qəsd üçün istifadə edilməli olan yüngül kamikadze dronları, RPG-7 tank əleyhinə qumbaraatan və MON-90 piyada əleyhinə minaları Kyivə şəxsən gətirib.

Təhlükəsizlik Xidmətinin məlumatına görə, agent şəbəkəsinin ilk iştirakçıları Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovu aradan qaldırmaq istəyirdilər və terror aktı Pasxa ərəfəsində baş verməli idi.

“Düşmənin planı belə idi: işə götürülən agent qorunan şəxsin hərəkətini müşahidə etməli və məlumatı düşmənə ötürməli idi, məmurun yerləşdiyi binanın koordinatlarına raket zərbəsi endirmək planlaşdırılırdı. Daha sonra onlar pilotsuz təyyarə ilə ərazidə qalan insanlara hücum etmək niyyətində idilər, bundan sonra ruslar pilotsuz təyyarənin istifadəsinin izlərini məhv etməyi planlaşdırmışdılar”, açıqlamada deyilir.

Lakin plan iflasa uğradı. Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşları təqsirləndirilən şəxslərin bütün hərəkətlərini tədricən sənədləşdirib, sonra isə onları saxlayıblar. Departamentdən əlavə ediblər ki, Dövlət Təhlükəsizlik İdarəsi əməkdaşlarının yaşayış yerində axtarışlar aparılıb, müstəntiqlər onların terror aktının təşkilində iştirakına dair döyüş sursatı və digər sübutlar götürüblər.

“Məhdud sayda insan bizim xüsusi əməliyyatımızı bilirdi və mən onun gedişatına şəxsən nəzarət edirdim, Putinə andiçmə mərasimi üçün hədiyyə edilməli olan terror aktı əslində Rusiya xüsusi xidmətinin uğursuzluğu idi”, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk deyib.

Aprel ayında Polşada Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən ölkə vətəndaşı həbs edilib. Daha sonra Ukrayna Təhlükəsizlik Xidməti iddia edib ki, həbs olunan şəxs Volodimir Zelenskiyə qarşı sui-qəsd təşkil etməkdə Baş Kəşfiyyat İdarəsinə kömək etmək istəyir.

Forum

XS
SM
MD
LG