Accessibility links

ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizəyə dair illik hesabatı


İnsan alveri qurbanları (plakat)

İnsan alveri qurbanları (plakat)

Azərbaycanın ikinci dövlətlər qrupuna daxil edilməsinə ölkə hakimiyyətinin traffikinqə qarşı mübarizəni gücləndirəcəyini vəd verməsi səbəb olub

ABŞ Dövlət Departamenti dünya ölkələrində insan alverinə qarşı mübarizəyə dair illik hesabatını açıqlayıb. Azərbaycan standartların tam tətbiq edilmədiyi, lakin “mühüm səylərin göstərildiyi” ölkələr qrupuna daxil olub.

Hesabatda üç qrupa ayrılan 188 ölkə yer alıb. Birinci qrupa hakimiyyətlərin insan alverinə qarşı mübarizə standartlarını tətbiq etdiyi dövlətlər daxildir. İkinci qrup standartların tam tətbiq edilmədiyi, lakin mühüm səylərin göstərildiyi ölkələri əhatə edir. Üçüncü qrupa daxil olan ölkələrdə hakimiyyətlər zəruri minimal standartları belə tətbiq etmir və bundan ötrü kifayət qədər səy göstərmir.

Azərbaycana aid olan hissədə qeyd olunur ki, Azərbaycan məcburi əməyə və seksual istismara məruz qalan kişilər, qadınlar və uşaqlar üçün tranzit ölkədir. Azərbaycanlı kişilər və oğlan uşaqları həm bu ölkədə, həm də Rusiyada məcburi əməyə cəlb olunurlar. Azərbaycandan olan qadınlar burada və Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, İranda seksual istismara məruz qalırlar. Türkiyədən, həmçinin Türkmənistan, Özbəkistan, Əfqanıstan, Filippin, Rumıniya, Hindistan və Ukraynadan olan işçi miqrantlar Azərbaycanın tikinti sahələrində məcburi əməyə məruz qalırlar.

Azərbaycan hökuməti insan alverinin ləğvi üzrə minimal standartlara tam əməl etmir, lakin bunu etmək üçün mühüm səylər göstərir. Hesabat dövründə hökumət hüquq-mühafizə orqanlarının bu məsələdə səylərini canlandırıb, müəyyən edilmiş qurbanların müdafiəsi və reinteqrasiyasının təmin olunmasını davam etdirib, insan alveri ilə bağlı bilgilərin artırılmasını davam etdirib. Lakin hökumət insan alverinin qurbanları olan heç bir əcnəbi aşkar etməyib. Hökumətdəki sistemli korrupsiya hüquq-mühafizə orqanlarının səmərəli işinə, qurbanların identifikasiyası səylərinə əngəl törədir.

Ümumilikdə sənəddən məlum olur ki, Azərbaycanda traffikinqə qarşı mübarizə üçün zəruri qanunverici və normativ sənədlər qəbul olunur. Əsasən 2009-2013-cü illərdə insan alverinə qarşı mübarizə üzrə fəaliyyət planı qəbul olunub, müxtəlif ictimai müzakirələr keçirilib. Lakin praktikada göstəricilər traffikinqə qarşı mübarizəyə formal yanaşmadan xəbər verir. Məsələn, əmək istismarı ilə bağlı 13 000 telefon zəngindən yalnız iki hal araşdırılıb. Əmək istismarına görə bir nəfər mühakimə olunmayıb. DİN və Əmək Müfəttişliyi tərəfindən 5000-dən çox reydin keçirilməsinə baxmayaraq, hökumət insan alverinin və əmək istismarının qurbanı olan əcnəbi müəyyən etməyib. 2011-ci illə müqayisədə seksual istismar halları ilə bağlı araşdırmaların sayı 17-dən 10-dək azalıb.

Azərbaycanın ikinci dövlətlər qrupuna daxil edilməsi əsasən onunla bağlıdır ki, ölkə hakimiyyəti hesabat dərc olunan ərəfədə iradları nəzərə alaraq traffikinqə qarşı mübarizəni gücləndirəcəyini Amerika tərəfinə vəd verib.

ABŞ-ın sanksiyasına məruz qala biləcək üçüncü qrupa Rusiya, Çin, Özbəkistan, Əlcəzair, Kuba, İran, Yəmən, Səudiyyə Ərəbistanı, Küveyt, Suriya, Liviya, Ekvatorial Qvineya, ÇXDR, Eritreya, Mavritaniya, Papua-Yeni Qvineya və Zimbabve daxildir.

“Dövlət Departamentinin hesabatında Rusiya, Çin və Özbəkistanın reytinqi minimal səviyyəyə endirilib. Əgər ABŞ prezidenti əks qərar qəbul etməsə, bu ölkələri sanksiya gözləyə bilər”, - sənəddə deyilir.

ABŞ prezidenti Barak Obama sanksiyalar barədə fərmanı sentyabrda imzalaya bilər. Əgər ABŞ prezidenti onların ABŞ-ın milli maraqlarına uyğun olmayan ölkələr kimi tətbiq edilməməsi barədə qərar qəbul etməsə, bu 2013-cü il oktyabrın 1-də qüvvəyə minəcək.

Sanksiyalar mədəni və təhsil mübadilələrindən imtina, Beynəlxalq Valyuta Fondu və Dünya Bankından yardım alınmasına ABŞ-ın razı olmamasını nəzərdə tuta bilər.
XS
SM
MD
LG