Accessibility links

Sevgim Rəhmanov: Ticarətdə dövriyyənin 40-50 faizi qeydə alınmır [Video-müsahibə]


Sevgim Rəhmanov: Ticarətdə dövriyyənin 40-50 faizi qeydə alınmır
please wait

No media source currently available

0:00 0:07:22 0:00

Sevgim Rəhmanov: Ticarətdə dövriyyənin 40-50 faizi qeydə alınmır

Tacirlər və Istehsalçılar Birliyinin rəhbəri Amerikanın Səsinə müsahibəsində ticarətədə problemlərdən danışıb

Tacirlər və Istehsalçılar Birliyinin rəhbəri Sevgim Rəhmanov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda ticarətdə, idxal və ixracda problemlərdən danışıb.

Amerikanın Səsi: 2016-cı ildə Azərbaycanın daxili ticarətinin əsas hissəsi idxal məhsulları hesabına formalaşıb. 2017-ci ildə də bu meyl davam edəcək?

Sevgim Rəhmanov: Ticarətdə elə məhsullar var ki, onlarda davamiyyət ola bilsin ki, azalsın. Məsələn, kənd təsərrüfatı məhsullarının satışında ola bilər ki, həmin meyar azala bilər. Amma, hansı məhsullar ki, Azərbaycanda istehsal olunmur, əlbəttə onlara ehtiyac var. Onlarda bir dəyişiklik olmayacaq.

Amerikanın Səsi: Əsasən hansı məhsullarda dəyişiklik olmayacaq? Sənaye məhsulları, kənd təsərrüfatı məhsulları...

Sənaye məhsullarının artırılması üçün infrastruktur lazımdır, yeni fabrik, zavodlar lazımdır. Bu hələlik yoxdur.

Sevgim Rəhmanov: Burada sənaye məhsullarından söhbət gedir. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün Azərbaycanın dəyişikliklər etməyə imkanları var. Buna imkanların daha da çoxalması üçün işlər görülür. Amma, sənaye məhsullarının artırılması üçün infrastruktur lazımdır, yeni fabrik, zavodlar lazımdır. Bu hələlik yoxdur.

Amerikanın Səsi: Ölkədə idxal-ixrac əməliyyatlarında inhisarçılıq və süni maneələr varmı? İndi istənilən şəxs istənilən məhsulun ixrac və ya idxalı ilə məşğul ola bilirmi?

Bir nəfər haradasa müəyyən malın idxalını təşkil edir, 5-10 nəfər vasitəsi ilə həmin məhsul idxal olunur.

Sevgim Rəhmanov: İxrac etmək üçün mütləq nəyisə istehsal etməlisən. İstehsal edən bir şəxs də onu ixrac etmək üçün müəyyən bir prosedurlar keçməlidir. Müəyyən qaydalara riayət olunmalıdır. İstəyir Avropaya idxal olunsun, başqa xarici dövlətlərə ixrac olunursa onların da müəyyən istəkləri, qaydaları, qanunları var. O qaydalara, qanunlara, sertifikatlara riayət etmək lazımdır. İdxalda isə idxal etdiyin məhsullar Azərbaycan qaydalarına cavab verirsə, onu idxal etmək olar. Deməzdim ki, ixracda monopoliya var. İdxalda isə monopoliya o şəkildədir ki, monopoliya deməzdim, ola bilsin sövdələşmə olsun. Bir nəfər haradasa müəyyən malın idxalını təşkil edir, 5-10 nəfər vasitəsi ilə həmin məhsul idxal olunur.

Amerikanın Səsi: Yəni yaxınları vasitəsi ilə?

Sevgim Rəhmanov: Bəli, yaxınları, şərikləri vasitəsi ilə idxal edir. O monopoliya satışda özünü göstərir. Necə ola bilər ki, eyni məhsul başqa-başqa adamlarla əgər, idxal olunursa, niyə Azərbaycanda eyni qiymətə satılır. Bəs burada rəqabət prinsipi olmalıdır. Bazar iqtisadiyyatı rəqabətə söykənir. Əgər rəqabət yoxdursa, deməli malların qiyməti bir mərkəzdən diktə olunur.

Amerikanın Səsi: Məhsul növləri üzrə misallar göstərə bilərsinizmi?

Dollar manat nisbəti dəyişdikdən sonra banan haradasa 4 manat olmalı idi. Amma nədənsə hansısa bir hadisə baş verdi, mən yenə də başa düşmürəm, bananın qiyməti oldu 1,30-1,50 manat. Baxmayaraq ki, manatın dollara nisbəti iki dəfə dəyişmişdi.

Sevgim Rəhmanov: Bananı göstərə bilərəm. Dolların manata nisbəti dəyişdikdən əvvəl banan bazarda 2,30-2,40 manat idi. Dollar manat nisbəti dəyişdikdən sonra banan haradasa 4 manat olmalı idi. Amma nədənsə hansısa bir hadisə baş verdi, mən yenə də başa düşmürəm, bananın qiyməti oldu 1,30-1,50 manat. Baxmayaraq ki, manatın dollara nisbəti iki dəfə dəyişmişdi. Amma qiymət haradasa iki dəfə ucuzlaşdı. Nə oldu? Bu yenə də ola bilsin ki, həmin o idxal zamanı gömrük prosedurlarında haradasa dəyişiklik oldu, idxal edənlər haradasa öz idxallarından, öz istəklərindən imtina etdilər? Hələlik mən onu araşdırmamaışam, bilmirəm. Amma fakt ondadır ki, bu gün həmin qiymət belə hala gəlib düşüb.

Amerikanın Səsi: Ölkədə topdansatış və pərakəndə satış bazarlarında durum necədir? Monopoliya var?

Bilinmir ki,hansı topdansatışdır, hansı pərakəndə satışdır.

Sevgim Rəhmanov: Bu gün Azərbaycanda “Ticarət haqqında” qanunun olmaması ucbatından, parakəndə ticarətlə topdansatış ticarətin arasında bir fərq yoxdur. Məsələn, bu gün gedib bir blok siqaret almaq, - bu topdansatışdır, pərakəndədir? Ayırmaq olmur. Bu gün əgər ticarət qanunu olsa idi, ticarət qanunundan çıxarışlar olsa idi ki, pərakəndə satış məntəqələrinin qaydaları budur, onda onu demək olardı. Bu gün mən deyə bilmərəm ki, Azərbaycanda, daha doğrusu Bakı şəhərində topdansatış var, ya yoxdur. Köhnə qaydalarda var idi, topdansatış idarələri parakəndə satışla məşğul ola bilməz. Amma, parakəndə satış mağazaları topdansatışla məşğul ola bilər. O vaxt ki, onlar satdığı mala hesab-qaimə yazsınlar. Bu köhnə qaydalarda var idi. Amma, indi bu qaydaların olmaması gətirib xaos vəziyyətə çıxarıb. Bilinmir ki,hansı topdansatışdır, hansı pərakəndə satışdır.

Amerikanın Səsi: Bir sıra ekspertlər ölkədə “gizli iqtisadiyyat”ın səviyyəsinin çox yüksək olduğunu bildirir. Ticarətdə qeydə alınmayan dövriyyə nə qədərdir?

Mağazada satılan mallar sənədsizdirsə, hesab-qaimələri yoxdursa, deməli bu haradasa gizli yollarala ya idxal olunur, ya gizli yollarla istehsal olunur.

Sevgim Rəhmanov: Gizli iqtisadiyyatın çox olmasını mən deyə bilmərəm. Çox nədir, az nədir? Amma hər bir ölkədə gizli iqtisadiyyat var. Gizli iqtisadiyyatla dövlət, rəhbərlik mübarizə aparır. Əfsuslar olsun ki, Azərbaycanda da bu var. Çünki nədən nəzərə çarpır? Mağazada satılan mallar sənədsizdirsə, hesab-qaimələri yoxdursa, deməli bu haradasa gizli yollarala ya idxal olunur, ya gizli yollarla istehsal olunur. Ona görə də, mən deyərdim ki, bu var. Amma onun çox və az olmasını demək mükün deyil. Məndə belə faktlar yoxdur.

Amerikanın Səsi: Bəs ticarətdə qeydə alınmayan dövriyyə nə qədər ola bilər?

Sevgim Rəhmanov: Bu gün ticarətdə statistik rəqəmləri götürsək və faktiki ticarəti nəzərə alsaq görərik ki, statistik rəqəmlər haradasa 40-50 faiz aşağıdır. Yəni, hesaba alınmayan dövriyyə iki dəfə çoxdur.

XS
SM
MD
LG