Accessibility links

İranda islahatçı jurnalistlər həbs edilib


Reyhanə Təbatəbayi
Reyhanə Təbatəbayi

Yanvarın 26-dan başlayaraq 17 jurnalist həbs edilib. İslahatçı jurnalistlər xarici media ilə əməkdaşlıqda günühlandırılır

İranda islahatçı “Şərq” qəzetinin əməkdaşı Reyhanə Təbatəbayi tutulub. Bununla da yanvarın 26-dan tutulan jurnalistlərin sayı 17 nəfərə çatıb.

“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Reyhanə Təbatəbayini yanvarın 31-də mənzilində tutub bilinməz istiqamətə aparıblar. Evdə yoxlama aparılıb, jurnalistin kompüteri, CD-ləri, əlyazmaları və bir sıra digər şəxsi əşyaları götürülüb.

Reyhanə Təbatəbayi dərc etdirdiyi tənqidi yazılarına görə əvvəllər həbsdə yatıb.

İran parlamentinin deputatı Əli Mütəhhəri yanvarın 31-də mediaya açıqlamasında islahatçı jurnalistlərin kütləvi həbsinə etiraz bildirib.

Əli Mütəhhəri deyib ki, jurnalistlərin bu şəkildə həbs edilməsi düzgün deyil.

“Jurnalistlərin kütləvi şəkildə bu tərzdə həbs edilməsi onların peşə və psixoloji təhlükəsizliyinə xələl gətirə bilər. Biz jurnalistlərin kütləvi həbs məsələsini parlamentdə qaldıracaq, mətbuata nəzarət heyəti vasitəsilə problemi araşdıracağıq. Mətbuat sahəsinə qorxu və təhlükə atmosferi hakim etmək ölkənin məsləhətinə uyğun deyil. Jurnalistlərin bu şəkildə həbs olunmasına ehtiyac yoxdur. Hesab edirəm ki, onlar sadəcə olaraq yazılı şəkildə çağırılıb dindirilməli idilər”.
Əli Mütəhhəri ETTELAAT-ın tutulan jurnalistlərlə bağlı son bəyanatına, onları BBC ilə əməkdaşlıqda günahlandırmasına da münasibət bildirib.

“Mənim üçün yaranan sual odur ki, bu jurnalistlər həqiqətən hansı bir məlumatı və ya xəbəri BBC-yə verə bilərlər ki, BBC-nin ondan xəbəri olmasın? Tutulan jurnalistlərin islam hakimiyyətinə müxalif xarici mediadakı bəzi şəxslərlə əməkdaşlığı haqda hər hansı qaneedici dəlil-sübut varsa, ictimaiyyətə çatdırılmalıdır. Yoxsa jurnalistlərin sadəcə olaraq kiminsə telefon əlaqəsi saxlaması və ya telefonda danışması onların xarici qurumlara bağlılığı demək deyil”.

ETTELAAT əməkdaşları yanvarın 26-dan başlayaraq indiyədək 17 jurnalisti həbs edib.
XS
SM
MD
LG