Accessibility links

İrana qarşı beynəlxalq sanksiyalar aradan qaldırılır


ABŞ Dövlət katibi Con Kerri Vyanada sənədləri imzalayır
ABŞ Dövlət katibi Con Kerri Vyanada sənədləri imzalayır

BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramının məhdudlaşdırılmasına dair üzərinə götürdüyü öhdəliklərə əməl etdiyini elan etməsindən sonra İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalar aradan qaldırılır.

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Mogerini dünya qüdrətlərinin İrana qarşı sanksiyaları aradan qaldıracağını Vyanada İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfrasında bildirib.

ABŞ Dövlət katibi Con Kerrinin verdiyi bəyanatda ABŞ-ın sanksiyalarının dayandırılmasının İranla nüvə razılığına əsasən qüvvəyə mindiyini bildirib. Ağ Evin eyni zamanda verdiyi sərəncamda sanksiyaların götürülməsi ilə bağlı ölçülərin qüvvəyə mindiyi bildirilir.

İslam respublikası və dünya qüdrətləri arasında nüvə razılaşması iyul ayında imzalanıb. Razılığa əsasən, Tehran sanksiyaların aradan qaldırılması müqabilində uranın zənginləşdirilməsi sahəsində fəaliyyətlərini məhdudlaşdırmalı və beynəlxalq təftiş üçün təqdim etməli idi.

İran cümə axşamı günü Arakda ağır su reaktorunun özəyinin çıxarıldığını və onun bir hissəsinin sementlə örtüldüyünü bildirib. Bu o deməkdir ki, reaktordan nüvə silahı istehsalı üçün isfidafə edilə bilməz.

Dünya qüdrətləri İranın nüvə silahları istehsalına çalışmasından şübhələnirdi. Tehran isə nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini bəyan edirdi.
Beynəlxalq sanksiyaların İranın 50 milyard məbləğində maliyyə vəsaitinin dondurulması ilə nəticələnmişdi.

XS
SM
MD
LG