Accessibility links

İranda ABŞ-ın xeyrinə casusluqda ittiham olunmuş nüvə alimi edam edilib


Şahram Əmirinin 2010-cu ildə Tehranda Xomeyni hava limanında jurnalistlərlə mətbuat konfransı zamanı çəkilmiş foto

Şahram Əmirinin 2010-cu ildə Tehranda Xomeyni hava limanında jurnalistlərlə mətbuat konfransı zamanı çəkilmiş foto

İranda Tehranın mübahisəli nüvə proqramı ilə bağlı gizli məlumatları Birləşmiş Ştatlara ötürməkdə ittiham edilmiş nüvə alimi edam edilib.

Şahram Əmirinin edam edildiyi İranın rəsmi İRNA xəbər agentliyi tərəfindən təsdiq edilib. "Əmiri Birləşmiş Ştatlarla əlaqələri vasitəsilə ölkə haqda düşmənə vacib informasiya ötürüb"-deyə ədliyyə nazirliyinin nümayəndəsi Qualmhüseyn Möhseni Ecehi bildirib.

Onun sözlərinə görə, İranın Ali Məhkəməsi Əmiri haqda çıxarılmış ölüm hökmünü qüvvədə saxlayıb.

Əmiri 2009-cu ildə Səudiyyə Ərəbistanına getmiş və bundan bir il sonra Birləşmiş Ştatlara köçmüşdü. ABŞ rəsmiləri bundan öncə Əmirinin İrana qayıtması və İranın nüvə proqramı haqda məlumat ötürməsi üçün ona 5 milyon dollar məbləğində vəsait ödədiklərini bildirmişdi.

Amerikanın bir rəsmisi Birləşmiş Ştatların Əmiridən "dəyərli informasiya" alındığını deyib.

İranın Atom Enerjisi Təşkilatında çalışan universitet alimi olan Əmiri 2010-cu ilin sonlarında pulu götürmədən Birləşmiş Ştatları tərk etmiş və həbs olunmazdan əvvəl İran rəsmiləri tərəfindən vətəndə qəhrəman kimi qarşılanmışdı. O, İran rəsmilərinə Səudiyyə Ərəbistanında ABŞ-ın Mərkəzi Kəşfiyyat agentliyinin iki agenti tərəfindən oğurlanmzdan əvvəl Birləşmiş Ştatlarda saxlandığını bildirmişdi.

İran rəsmiləri Tehranın nüvə proqramının qeyri-hərbi məqsədlər daşıdığını iddia edirdi. Birləşmiş Ştatlar isə keçən il İranın hərbi bazasında təhqiqat zamanı aşkar edilmiş uran hissələrinin belə görünür ölkənin gizli nüvə proqramından qaldığını bildirib.

Birləşmiş Ştatlar və dünyanın altı qüdrətli dövləti keçən il İranın nüvə proqramının nüvə silahı etmək qabiliyyətinə malik olmadığı bir səviyyədə məhdudlaşdırılmasına dair razılıq əldə edib. Qərb dövlətləri bunun müqabilində İrana qarşı iqtisadi sanksiyaları aradan qaldırıb.

XS
SM
MD
LG