Accessibility links

ABŞ səfirliyi: Kaliforniya Senatının Dağlıq Qarabağa dair qətnaməsi ABŞ-ın xarici siyasətini dəyişmir


Amerika səfirliyi
Amerika səfirliyi

ABŞ-ın Kaliforniya Ştatının Senatının Dağlıq Qarabağla bağlı qətnaməsi Azərbaycanda etiraza səbəb olub

ABŞ-ın Kaliforniya Ştatının Senatının Dağlıq Qarabağla bağlı qətnamə qəbul etməsi Azərbaycanda narazılıqla qarşılanıb. Azərbaycanın Los-Ancelesdəki konsulluğu etiraz bəyanatı ilə çıxış edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin təmsilçisi Elman Abdullayev isə bu gün keçirdiyi brifinqdə deyib ki, ABŞ-ın Kaliforniya Ştatı Senatının Dağlıq Qarabağa dair qəbul etdiyi qətnamə bəyannamə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil.

“Bu fakt həmin sənədin qəbul edilməsinə səs verən senatorların dürüstlüyünü şübhə altında qoyur ki, bu da ABŞ-dakı erməni lobbisinin maliyyə dəstəyi sayəsində mümkün olub. Kaliforniyalı senatorlar bu qətnaməyə səs verməklə Azərbaycan torpaqlarının işğalını dəstəkləməyə çağırıblar ki, bu da beynəlxalq norma və prinsiplərə ziddir”, Abdullayev qeyd edib.

O xüsusi olaraq vurğulayıb ki, sənəddə qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyi tanınmır.

“Senatın buna hüququ çatmır. Sənəd bəyannamə xarakteri daşıyır və Kaliforniya ştatının yanlış qənaətdə olduğunu təsdiq edir".

Onun sözlərinə görə, qeyd edilən qətnamə Ermənistan xalqını aldatmağa yönəldilib.

Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun bəyanatında isə deyilir ki, qətnamə gündəliyə gətirilən andan Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğu tərəfindən bütün senatorlara dəfələrlə məktub göndərilib, onlarla çoxsaylı görüşlər keçirilib, qətnamənin tam qərəzli olduğu, ABŞ xarici siyasətinə zidd olduğu, o cümlədən etnik təmizləməyə, qanunsuz işğala haqq qazandırdığı diqqətə çatdırılıb.

"Bundan başqa, Kaliforniyadakı Azərbaycan icması səfərbər olmuş, Senata müxtəlif vasitələrlə öz etirazlarını çatdırmışdılar. Nəticədə 1 milyon erməninin yaşadığı Kaliforniya kimi ştatda erməni lobbisinin dəridən-qabıqdan çıxmasına, Kaliforniyanın qanunverici orqanının iki erməni deputatının bütün səylərinə, ermənilər tərəfindən hədə-qorxu, şantaj və digər vasitələrlə senatorlara göstərilən təzyiqlərə baxmayaraq, avqustun 27-də keçirilən səsvermədə 40 senatordan 17-si qətnamənin lehinə səs verməkdən imtina edib".

Bəyanatda həmçinin qeyd olunur ki, erməni lobbisindən öz seçki kampaniyaları üçün daim külli miqdarda maliyyə dəstəyi alan, beləliklə, onlardan tam asılı vəziyyətdə olan senatorlar lobbini razı salmaq üçün bu qətnaməyə səs veriblər.

"Bu isə əsl siyasi korrupsiyadır. Buna başqa ad vermək mümkün deyil. Bu həmçinin, ABŞ demokratiyasının və siyasi sisteminin qüsurlu olmasının bariz göstəricisidir. Hansısa etnik lobbi razı qalsın deyə, ABŞ-ın rəsmi mövqeyinə və milli maraqlarına zidd olan belə qətnamənin qəbulunun mümkün olması göstərir ki, Amerika siyasi sisteminin təcili şəkildə ciddi islahatlara ehtiyacı var”.

Öz növbəsində ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti bildirib ki, Kaliforniya Ştatının Senatı tərəfindən Dağlıq Qarabağa dair qəbul edilən qətnamə bir qanunvericilik orqanının bildirdiyi rəydir və bu rəy ABŞ-ın məsələyə dair xarici siyasətini dəyişmir.

“ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyənləşdirilir. Ştatlar öz fikirlərini bildirməkdə azaddırlar lakin onların rəyi milli xarici siyasəti təmsil etmir", Amerika səfirliyi bildirir.

XS
SM
MD
LG