Accessibility links

Ermənistan Kəlbəcərdə Azərbaycan vətəndaşlarını tutub [Video]


Dilqəm Əsgərov

Dilqəm Əsgərov

Erməni mediası onları “diversant”, “təxribatçı” adlandırır və videolarını yayıb.

İyulun 14-də Azərbaycanın Ermənistanın nəzarətində olan Kəlbəcər rayonunda ermənilər tərəfindən saxlanılan Azərbaycan vətəndaşlarından biri Dilqəm Əsgərovdur. O, Kəlbəcərin Şaplar kəndində anadan olub. Həmyerliləri onu fotosundan tanıyıblar.

Erməni mediası Azərbaycanın “təxribat qrupu” adlandırdığı insanların rəhbəri kimi təqdim etdiyi şəxsin videosunu yayıb. Videoda əlləri arxasına burulmuş adamın avtomobildən çıxdığı göstərilir. Ermənilərin versiyasına görə, bu, iyulun 14-də Kəlbəcərdə saxlanılan Azərbaycan təxribat qrupunun rəhbəridir. “Nəticədə qrupun rəhbəri və üzvlərinin bir hissəsi həbs olunub, digərləri xüsusi təyinatlı əməkdaşlar tərəfindən məhv ediib”, məlumatda deyilir.

Lakin “komandir”in adı açıqlanmır. Bundan əvvəl erməni mediası təxribatçı adlandırdığı Azərbaycan vətəndaşı Şahbaz Quliyevin fotosunu yaymışdı.

Ermənistan mediası Azərbaycan vətəndaşlarından götürülən telefonla çəkilmiş videonu da yayıb. Videoda həmin şəxslər Kəlbəcər niyə gəldiklərindən danışır. Bu isə “diversant”, “təxribatçı” ifadələri ilə uzlaşmır. Həmin şəxslərin danışığı məşhur “kovboy” filmlərindəki “mal-qara” oğruları ifadəsi ilə üst-üstə düşür.

“Bu gün biz Kəlbəcərdə mənim doğulduğum kənddə doğum günümü qeyd edirik. Biz dana tutub kəsmişik və kabab bişiririk. Bizim əhali həmişə belə edib. Bizdə hətta deyirlər ki, ömründə bir dəfə də olsun mal-qara oğurlamayan adama qız verməzlər. Biz də öz adət-ənənəmizi qoruyuruq. Yanımızdakı üçüncü dostumuza da bu işi öyrədirik. Qoy, bizim hərbçilər bura gəlməyin təhlükəli olması barədə danışmasınlar. Burada sakitlikdir, hər tərəf yeməklə doludur, hələ fermadan Cermuk şüşəsinə doldurulmuş araq da götürmşük”, deyə o erməni mediasının yaydığı videoda bildirir.

Qeyri-rəsmi məlumatlara görə, Kəlbəcərin keçmiş sakinləri müntəzəm olaraq cəbhə xəttini keçərək öz doğma yerlərində sərbəst hərəkət edirlər. Bununla bağlı, youtube.com saytında çoxsaylı videolar da yerləşdiriblər.

Ermənistan mediasının məlumatına görə, qrup Kəlbəcərə iyulun 11-də girib. Onlardan biri öldürülüb, ikisi əsir götürülüb. Hələlik yalnız birinin adı məlumdur. Kəlbəcər rayonu Ermənistan ordusunun nəzarətindədir və Ermənistan-Azərbaycan cəbhə xətinin 70-80 kilometr dərinliyində yerləşir.

XS
SM
MD
LG