Accessibility links

Girovlar Xankəndində saxlanılır

Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevə baş çəkib. Bu barədə Azərbaycan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitə bildirir ki, hər iki girovun və öldürülmüş Həsən Həsənovun cəsədinin qaytarılması barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin mətbuat xidməti faktı təsdiq edib və girovlardan ailələrinə məktub gətirildiyini bildirib.

İyulun əvvəllərində Azərbaycanın Ermənistanın nəzarətində olan Kəlbəcər rayonunda 3 azərbaycanlı girov götürülüb.

Kəlbəcərdə girov götürülən azərbaycanlılardan biri Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. O, Tümendə yaşayır. Dilqəm Əsgərov, Kəlbəcər rayonundan Şahbaz Quliyev və Cəbrayıl rayonundan Həsən Həsənovla birgə anadan olduğu Şaplar kəndinə gedib. Bu zaman onlar erməni silahlıları tərəfindən girov götürülüb. Həsən Həsənov öldürülüb, digər iki nəfər isə Azərbaycanın Ermənistanın nəzarətində olan Xankəndi şəhərində saxlanılır.

XS
SM
MD
LG