Accessibility links

Rəşid Hacılı: İnternetin tənzimlənməsi - hədəf “Meydan TV”, “Sancaq”dır


Rəşid Hacılı

Rəşid Hacılı

Bu barədə Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı son zamanlar hakim siyasi partiyadan olan millət vəkillərinin internetin tənzimlənməsi təşəbbüslərini şərh edərkən deyib

“Deputatın, özü də hakim partiya təmsilçisinin qanunvericilik təşəbbüsüylə çıxış etməsində təəccüblü heç nə ola bilməz. Ancaq bunu zəruri arqumentlərlə əsaslandırmalı, səbəbləri və hədəfləri aydın və səmimi ifadə etməlidir”.

Bu barədə Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı son zamanlar hakim siyasi partiyadan olan millət vəkillərinin internetin tənzimlənməsi təşəbbüslərini şərh edərkən deyib.

Hüquqşunas xatırladıb ki, interneti tənzimləmək çağırışı parlamentdə “Meydan TV” və “Sancaq” səhifəsində yayılan məzmunlardan şikayətlə başlayıb.

“Onların açıqlamalarından da görünür ki, tənzimləmə təşəbbüsünün aydın hədəfi “Meydan TV” və “Sancaq”dır. Şərəf və ləyaqətin, məlumatların, ölkənin təhlükəsizliyi və ərazi bütövlüyünün, müəllif hüquqlarının, toplumun sağlamlığı və mənəviyyatının qorunması da hədəfdir. Meydan TV-ni və Sancaq səhifəsini çıxmaq şərtilə qalan hədəflər legitimdir, əsaslıdır”, R.Hacılı deyib.

Ancaq R.Hacılı vurğulayıb ki, bu hədəflərin demək olar hamısını qoruyan qanunlarımız var.

“Bunu bu çağırışları edənlər də bilməmiş deyillər. Defamasiya qanunumuz dünyanın əjdaha qanunlarından biridir və 2013-cü ildə elə həmin deputatların özləri Cinayət Məcəlləsinin ad çıxarmış 147 və 148-ci maddələrinə “İnternet”i də əlavə ediblər. Cinayət Məcəlləsinin dövlətin ərazi bütövlüyünə, dövlətin təhlükəsizliyinə qəsdləri, terroru, nifrət və ayrıseçkilik, müharibə çağırışlarını, pornoqrafiyanı cəzalandıran, prezidentin şərəf və ləyaqətini qoruyan və başqa maddələri internetdə yayılan məzmunlara da tətbiq edilir. Ən azından bunu prokurorluqda çoxdan tətbiq edirlər”.

R.Hacılı bununla belə internet üzərindən yayılan məzmunların düzənlənməsi barədə ölkə qanunvericiliyinin heç də mükəmməl olmadığını bildirib.

“Düzənləməsinə gərək olan məsələlər az deyil. Xüsusilə uşaqların müdafiəsi baxımından. Amma bu heç də deputatın dediyinin əksinə olaraq nə Meydan TV’nin, nə Sancağın, nə Azadlığın məzmunu, nə də ki, istər hökuməti, idarəetmədəki qüsurları tənqid edən başqa məzmunlar deyil. “Milli-mənəvi dəyərlər” adlı da hüquqi termin isə ümumiyyətlə yoxdur. Pornonu nəzərdə tuturlarsa, bu demək olar bütün ölkələrin “milli-mənəvi dəyəri” kimi qadağan edilib. Uşaq alkoqolizmi, uşaq narkomaniyası da. Nifrət və düşmənçilik çağırışları da. Şəxsi və ailə həyatına müdaxilələr də. Qadağan edilib, əməl də olunur. Cinayəti törədənin və qurbanın kim olmasından asılı olmayaraq”, Rəşid Hacılı bildirib.

XS
SM
MD
LG