Accessibility links

Azərbaycanda media atmosferi: cari vəziyyət və yeni çağırışlar (audio)


“Azərbaycanda media atmosferi: cari vəziyyət və yeni çağırışlar” mövzusunda konfrans

“Azərbaycanda media atmosferi: cari vəziyyət və yeni çağırışlar” mövzusunda konfrans

“Tənqidsiz təriflərin mənası yoxdur və ölkənin inkişafına xidmət etmir”.

Bakıda “Azərbaycanda media atmosferi: cari vəziyyət və yeni çağırışlar” mövzusunda ikigünlük beynəlxalq konfrans açılıb. Konfrans “Etik jurnalistikanın təşəbbüsləri - Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir. Layihə Avropa Komissiyasının maliyyə dəstəyi ilə bir sıra jurnalist təşkilatları tərəfindən həyata keçirilir.


Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia plüralist medianın inkişafının vacibliyini qeyd edib. O deyib ki, Azərbaycanda dövlət televiziyası yalnız ölkənin uğurlarını nümayiş etdirir. “Əlbəttə, uğurlardan danışmaq yaxşıdır, ancaq adamlar başqa fikirləri də eşitmək istəyir”, - Kobia vurğulayıb. Tənqidsiz təriflərin mənası yoxdur və ölkənin inkişafına xidmət etmir.

O, diqqəti İnternet medianın artan önəminə yönəldərək noyabrda Azərbaycanda keçiriləcək İnternetin idarə olunması üzrə qlobal forumun əhəmiyyətini vurğulayıb.

Onun fikrincə, bu, İnternetin inkişafının və bu sahədə azadlığın təminatının nümayişi üçün yaxşı imkan yaradacaq.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyev Azərbaycanda KİV üçün liberal qanunvericilik bazasının yaradıldığını bildirib.

Onun sözlərinə görə, hakimiyyətin əsas məqsədi Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdıracaq peşəkar və azad KİV-in formalaşmasıdır.
Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibinin müavini
Oliver Mani Kril jurnalistlərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini bildirib. “Qorxu və korrupsiya şəraitində azad mətbuat ola bilməz”, - o vurğulayıb.

Beynəlxalq ekspert həmçinin jurnalistlər üçün “ləyaqətli iş
şəraitinin” yaradılmasının, onların hüquqi və sosial müdafiəsinin təmin olunmasının, dövlət orqanları qarşısında jurnalistlərin hüquqlarını müdafiə edə biləcək həmkarlar ittifaqlarının yaradılmasının vacibliyini vurğulayıb.

Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov Azərbaycan KİV-nin problemləri arasında diffamasiyaya görə cinayət təqibini, mətbuatın iqtisadi bazasının zəif olmasını, reklam bazarının məhdud olmasını, son vaxtlar qəzet yayımında yaranan çətinlikləri göstərib. Bu mövzu, həmçinin KİV-də dövlət reklamı məsələsi hələ ötən il redaktorlarla Prezident Administrasiyasının şöbə müdiri əli Həsənovun görüşündə müzakirə olunub. O qeyd edib ki, bu istiqamətdə yeni addımlar hazırlanır.

“Kaspi” qəzetinin redaktoru Natiq Məmmədli deyib ki, bəzi KİV və jurnalistlər mətbuat azadlığından sui-istifadə edir.

“Bəzi qəzetlər üçün onlara qarşı dəfələrlə məhkəmə iddialarının qaldırılması nüfuz məsələsinə çevrilib, bəzi jurnalistlər isə öz imiclərini formalaşdırmaq üçün polis məntəqələrinə düşmək istəyirlər”, - o vurğulayıb.

İREX media layihəsinin hüquqşünası Ələsgər Məmmədli diqqəti ona yönəldib ki, çox zaman KİV qeyri-dəqiq informasiya
yazmağa məcbur olur, çünki dövlət qurumlarından rəsmi məlumat ala bilmir. “Açıq informasiyanın olmadığı yerdə dezinformasiya olur”, - Ə.Məmmədli vurğulayıb.

O qeyd edib ki, ən yaxşı dövlət orqanlarının saytlarında da açıqlıq 40% təşkil edir. Yəni, onlar 10 informasiyadan yalnız 4-nü yerləşdirirlər ki, buna da məcburdurlar.

Avropa Şurasının media azadlığı, plüralizm və peşəkarlıq proqramının koordinatoru Şahin Abbasov qeyd edib ki, AŞ Azərbaycanda mətbuat sahəsində üç istiqamətdə fəaliyyət göstərir: media azadlığının monitorinqi, Strasburq məhkəməsinin Avropa ifadə azadlığı konvensiyasının 10-cu maddəsi üzrə presedent qərarları, media sahəsində hüquqşünasların və jurnalistlərin hazırlanması üzrə layihələrin reallaşması.

Monitorinq göstərir ki, jurnalistlərin fiziki baxımdan təqib olunması faktları var, İdrak Abbasova qarşı fiziki, Xədicə İsmayılovaya qarşı mənəvi təqiblər kimi. Bundan əlavə, KİV və jurnalistlərin məhkəmə təqiblərinə məruz qalması davam edir.
XS
SM
MD
LG