Accessibility links

Ismayıllı hadisələrinə görə təqsirləndirilənlərin məhkəməsi başlayıb


İsmayıllı hadisələri

İsmayıllı hadisələri

Jurnalistlər, müxalifət fəalları, müttəhimlərin bir çox qohumları məhkəmə zalına buraxılmayıb

Noyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsində Rəşid Hüseynovun sədrliyi ilə 23-24 yanvar İsmayıllı hadisələri ilə bağlı ittiham olunan Tofiq Yaqublu (Müsavat Partiyası başqanının müavini), İlqar Məmmədov (ReAL Hərəkatının sədri) və digərlərinin məhkəməsi başlayıb.

REAL Hərəkatının icra katibi Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, məhkəmə baxışı bir az gecikib. Səbəb isə təqsirləndirilən şəxslərin məhkəməyə geç gətirilməsi olub.

Onun sözlərinə görə proses açıq olsa da jurnalistlər, müxalifət fəalları, hətta müttəhimlərin bir çox qohumları məhkəmə zalına buraxılmayıb. Bu, zalda yerin məhdud sayda olması ilə izah edilib.

Hazırda məhkəmənin qarşına prsiesdə iştirak etmək istəyən 100-ə yaxın adam toplaşıb. Onların sırasında ittiham olunanların qohumları və Müsavat fəalları, eyni zamanda səfirliklərin nümayəndələri var.

Yanvarın 23-də İsmayıllıda “Çıraq” hotelinin inzibatçısı Emil Şəmdinovun və onun tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə, daha sonra kütləvi etirazlar baş verib.

Etirazlar yanvarın 24-də yatırılıb. 18 nəfər həbs edilib.

Tofiq Yaqublu, İlqar Məmmədov, həmçinin İsmayıllı rayon sakinlərinə qarşı Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmək və ya zor tətbiq etmək) maddələri ilə cinayət işi qaldırılıb və barələrində həbs qətiimkan tədbiri seçilib.
XS
SM
MD
LG