Accessibility links

İntiqam Əliyev: Nə həbs, nə də saxta ittiham iradəmizi qıra bilməz! [Video]


Əliyev itthamlar üzrə özünü təqsirli bilmir

Günün ikinci yarısında İntiqam Əliyevin işi üzrə prosesdə müdafiə tərəfi yeni vəsatətlərlə çıxış edib.

Vəkil Şəhla Hümbətova Amerikanın Səsinə bildirib ki, xüsusən, Hüquq Maarifçiliyi Cəmiyyətinin mühasibi Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın Unibank ASC-dəki hesabına pul köçürülməsi haqqında ödəmə tapşırıqlarında Əliyevin adından atılmış imzaların xətşünaslıq ekspertizasının aparılması haqqında vəsatət irəli sürülüb.

İstintaqın iddiasına görə, pul Ə.Orucovanın hesabına köçürülür, sonradan nağd olaraq İntiqam Əliyevə verilirdi.

Müdafiə tərəfin məlumatına görə, G.Orucovanın başqa QHT-lərdə də mühasib işlədiyini nəzərə alsaq, o, bu təşkilatların vəsaitlərini də bacısının hesabına köçürüb. Bu zaman istintaq yalnız G.Orucovanın ifadələri ilə kifayətlənərək, bankdan onun bacısının hesabına daxilolmalar və çıxarışlar haqqında məlumat istəməyib.

Vəkillər İntiqam Əliyevin imzasının saxtalaşdırldığını iddia edir. Onların firkincə sənədlərdə bu saxtalaşdırma açıq görünür. Məhz bu səbəbdən də bankdan çıxarışlarla bağlı sənəd alınması və bank əməliyyatçısının şahid qismində məhkəməyə dəvət edilməsi barədə vəsatət qalrılıb.

Müdafiə tərəfi həmçinin Ədliyyə Nazirliyindən qrant müqavilələrinin qeydiyyat reyestri kitabını istəmək barədə vəsatət qaldırıb. Ədliyyə Nazirliyi vəkillərə Əliyevin icra etdiyi qrantların qeydiyyatı haqqında məlumat verməyib.

Hakim məhkəmə istintaqının hazırki mərhələsində vəsatətləri baxılmamış saxlayıb. O bildirib ki, əlavə dəlillərə ehtiyac yaranarsa, bu vəsatətlərə məhkəmə istintaqı zamanı qayıtmaq olar.

Əliyev buna etiraz edib. O qeyd edib ki, vəsatətləri təmin etməməklə məhkəmə müdafiə tərəfini onun xeyrinə dəlil toplamaq imkanından məhrum edir.

Əliyev bildirib ki, müdafiə tərəfin vəsatətləri təmin edilməməsinə etiraz edib və məhkəməyə ifadə verməyib.

"İttihamlar üzrə özümü təqsirli bilmirəm. Bu mərhələdə ifadə vermirəm. Zərərçəkənlər və ittihamın şahidləri dindirildikdən sonra ifadə verəcəm", o qeyd edib.

Növbəti məhkəmə iclası fevralın 17-nə saat 11-ə təyin edilib.

***

Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə məhkəmə prosesi davam edib.

İclas Əliyevin işi üzrə əvvəlki proseslərə nisbətən daha geniş zalda keçirilib.

İclasın əvvəlində hakim gözlənilmədən Əliyevin dəmir barmaqlıqlar arxasından çıxarılıb vəkillərinin yanında oturmasına icazə verilməsi haqqında qərar qəbul edib. Bu qərar zalda alqışlarla qarşılanıb.

Daha sonra Əliyev bildirib ki, o, avtozakla məhkəməyə gətirilərkən xüsusilə təhlükəli və aqressiv cinayətkarlar üçün nəzərdə tutulmuş xüsusi bölməyə oturdulub. Bu, dar yerdir, işıq və hava yoxdur və bu şəkildə daşınma təqsirləndirilən şəxsin səhhətinə mənfi təsir göstərib.

Əliyev zalda özünü pis hiss edib və ona dərman veriblər.

Vəkillər və Əliyev məhkəmədə bu iradlarının Penitensiar Xidmətə çatdırılmasını xahiş ediblər.

Əliyevi həmçinin bildirib ki, məhkəməyə gətirilməzdən əvvəl onu diqqətlə yoxlayırlar, soyundururlar və bütün qeydləri əlindən alırlar.

Vəkilləri ilə görüşlərindən əvvəl də məhbusun qeydləri əlindən alınır. Hüquq müdafiəçisi bunu vəkilləri ilə ünsiyyətin məxfiliyinin pozulması kimi qiymətləndirib. Məhbusun qeydləri rəhbərliyə verilir və surəti çıxarılır.

Əliyev qeydlərin əlindən alınmasını və avtozakda qəbri xatırladan kamerada daşınmasını qeyri-insani rəftar və Avropa İnsan Haqları Konvensiyasında zəmanət verilmiş hüquqlarının pozuntusu kimi qiymətləndirib.

Vəkil Fəxrəddin Mehdiyev qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatət qaldırıb.

Əliyev özü bildirib ki, ölkədən qaçmaq niyyəti yox idi, əks təqdirdə cinayət işi başladığını bildiyi halda xarici ölkədən qayıtmazdı.

“Mən bu ölkədə qalacağam, həbsimi mübarizəmizin bir hissəsi kimi qiymətləndirirəm. Xədicə, Leyla, Anar, Rəsul, Tofiq, İlqar, NİDA-çılar və başqa dostalarımız kimi insanlarla birlikdə həbsdə olmaq mənim üçün şərəfdir”, Əliyev bildirib.

Digər tərəfdən Əliyev qeyd edib ki, onun həbsdə saxlanılması üçün əsas yoxdur, belə ki, istintaq yekunlaşıb və o, artıq istintaqa heç bir təzyiq göstərə bilməz.

Əliyev hesab edir ki, məhz prokurorlar təzyiq göstərir.

“Nədənsə milyonları mənimsəməkdə ittiham edilən şəxsləri həbsdən azad edirlər, məni isə yox. Qərarın nə olacağını bilirəm, çünki siyasi məhbuslar ev dustaqlığına buraxılmır. Amma mən bu məsələni Azərbaycan məhkəmələrinin hansı vəziyyətdə olduğunu göstərmək üçün qaldırıram. Nə həbs, nə yalan ittiham mənim iradəmi sındırmayacaq, hansı qərarı istəyirsiniz qəbul edin”, Əliyev bildirib.

Öz növbəsində, prokuror bildirib ki, təqsirləndirilən şəxslər məhkəməyə ləyaqətli şəkildə gətirilməlidirlər, qeydlərin alınması isə yolverilməzdir.

Öz növbəsində, hakim deyib ki, Penitensiar Xidmətin rəhbərliyinə müraciət göndəriləcək və sözügedən məsələlər aradan qaldırılacaq.

Vəkil Şəhla Hümbətova məhkəmənin audio və videoçəkilişinin aparılması haqqında vəsatət qaldırıb. Digər vəkillər də bunu dəstəkləyiblər.

Hümbətova qeyd edib ki, çəkiliş aparılması zəruridir, çünki tez-tez iclas protokollarında qəsdən və ya bilmədən proses iştirakçılarının ifadələri təhrif olunur.

Videoçəkiliş prosesin şəffaflığına və ədalətliliyinə də şərait yaradacaq.

Vəkil Cavad Cavadov sənədlər arasından Əliyevin rəhbərlik etdiyi Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisində axtarış və müsadirə protokollarının çıxarılması haqqında vəsatət qaldırıb. Protokolda prosessual hərəkətlərin ardıcıllığı göstərilməyib, müsadirə edilmiş materialların siyahısı yoxdur.

Əliyev özü bildirib ki, “bu, axtarış deyil, basqın idi”. Onun sözlərinə görə bütün sənədləri sadəcə olaraq torbalara doldurub aparıblar, təşkilatın möhürünü müsadirə ediblər.

“Möhürümüzü müsadirə ediblər. Bundan sonra istənilən sənədi saxtalaşdırmaq olar”, Əliyev bildirib.

O qeyd edib ki, evindən hətta uşaqlarının və qohumlarının şəxsi həyatları ilə bağlı məlumatlar olan kompüterləri müsadirə edilib.

Vəkil Hümbətova bildirib ki, sənədlərin bir hissəsi cinayət işinə tikilib. Amma işlə bağlı olmayan materiallar, o cümlədən Əliyevin səhhəti haqqında tibbi sənədlər də qaytarılmır. Bu sənədlər Əliyevin müalicəsinin davam etdirilməsi üçün əhəmiyyətlidir.

Daha sonra Əliyev özü qrantların qeydiyyatdan keçirilməməsi haqqında ittihamların əsassız olduğunu bildirib. Onun sözlərinə görə, sonuncu iki qrant qeydiyyatdan keçirilməyib və onlar üzrə heç bir iş görülməyib.

Öz növbəsində, prokuror bildirib ki, axtarış məhkəmə qərarı ilə aparılıb və bu zaman Əliyevin nümayəndəsi iştirak edib.

O, 13 qrant müqaviləsinin qeydiyyatdan keçirilmədiyini, bunun qanunsuz sahibkarlıq olduğunu iddia edib.

Hakim qətimkan tədbirinin dəyişdirilməsi və protokolların sübutlar sırasından çıxarılması haqqında vəsatətləri təmin etməyib. Sənədlərin qaytarılmasına gəlincə, hakim bu vəsatəti qismən təmin edib və tibbi sənədlərin qaytarılması barədə qərar verib.

İniqam Əliyevin təşkilatının yerləşdiyi ofisin qapılarınlın açılması iləı bağlı vəsatətə etiraz olmayıb.

"İcarə müqaviləsi təqdim edilsin və ya ofisin sahibi sənədləri təqdim etsin.Ofis açıla bilər" prokuror bildirib. Hakim də bu vəsatətin əleyhinə olmadığını bildirib.

Bundan sonra prosesdə fasilə elan edilib. Proses fasilədən sonra davam etdiriləcək.

İntiqam Əliyev 8 avqust 2014-cü ildə qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilib. Sonradan o, mənimsəmə və vəzifə saxtakarlığında da ittiham edilib.

Əliyev bütün ittihamları təkzib edir və siyasi motivli hesab edir. "Amnesty İnternational" beynəlxaq hüquq müdafiə təşkilatı onu “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG