Accessibility links

İlahiyyatçının apellyasiya şikayəti təmin edilməyib


Martın 16-da Şirvan Apellyasiya Məhkəməsi ilahiyyatçı Sərdar Babayev barəsində Masallı rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarından veriilmiş şikayəti təmin etməyib. Vəkil və Sərdar Babayev həbsin səbəbləri ilə bağlı geniş çıxış etməsinə baxmayaraq məhkəmə nəzərə almayıb.

Bu barədə Amerikanın Səsinə vəkil Cavad Cavadov bildirib.

Sərdar Babayev barəsində bu il fevralın 22-də həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) ittiham irəli sürülüb.

İttiham tərəfi Babayevin xarici ölkədə təhsil aldığı halda Masallı məscidində dini ayin həyata keçirdiyini bildirir.

Sərdar Babayev ittihamı qəbul etmir və yerli hakimiyyət nümayəndəsinin sifarişi hesab edir.

Vəkilin sözlərinə görə, Şirvan Apellyasiya Məhkəməsində bu gün baxış başlamazdan öncə məhkəməyə gedən yolların 600-700 metrliyində polis postları qurulub.

“Hətta vəkil kimi məni məhkəməyə buraxmırdılar. Yalnız məhkəməyə müraciət etdikdən sonra məni ayrıca avtomobildə məhkəməyə apardılar”, o qeyd edib.

Vəkil ilahiyyaçının girov müqabilində ev dustaqlığına buraxılması barədə vəsatət qaldıracaq. Şirvan Apellyasiya Məhkəməsinin qərarından isə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.

Cavad Cavadov deyib ki, ilahiyyatçının məhkəməsində iştirak üçün Şirvan şəhərinə gələn DEVAM təşkilatının rəhbəri İlqar İbrahimoğlu və digər şəxslər yerli polis tərəfindən saxlanılıb.

“Onlar artıq bir neçə saatdır ki, Şirvan şəhər Polis Şöbəsindədir. Mən polis şöbəsinə getməyə çalışdım. Lakin yerli yol polisi şəhəri tərk etməyimi xahiş etdi və şəhərin çıxışına qədər öz avtomobilləri ilə mənim avtomobilimi müşayiət etdilər”, vəkil qeyd edib.

Öz növbəsində, Şirvan şəhər Polis Şöbəsindən Amerikanın Səsinə məlumat verməkdən imtina ediblər.

XS
SM
MD
LG