Accessibility links

Son dörd ayda 113 saylı məktəbin üç şagirdi asılmış vəziyyətdə tapılıb


113 saylı orta məktəb
113 saylı orta məktəb

Bakının Kürdəxanı qəsəbəsindəki Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta məktəbdə ötən ilin dekabrından bu ilin mayınadək azı 3 nəfər yuxarı sinif şagirdi boğazından asılaraq ölmüş vəziyyətdə tapılıb. Şagirdlərin biri 2014-cü il dekabrın əvvəlində, digər ikisi isə 2015-ci ilin fevral və aprel aylarında boğazından asılmış vəziyyətdə aşkar edilib. Faktı 113 saylı məktəbin direktopru Şirin Abbasova Amerikanın Səsinə təsdiq edib.

Yerli sakinlər Amerikanın Səsinin müxbirinə bu dərs ilində 113 saylı məktəbdə oxuyan və müxtəlif vaxtlarda boğazından asılaraq ölmüş vəziyyətdə aşkar edilmiş şagirdlərin sayının 3 deyil 5 olduğunu deyiblər. Onların sözlərinə görə, şagirdlərdən 4-ü oğlan, biri isə qızdır, hamısı 15-16 yaşlarındadır. Amma sakinlər 4-cü oğlanın adını dəqiqləşdirə bilməyib. Onların sözlərinə görə, qız ölümündən əvvəl 113 saylı məktəbdən başqa məktəbə dəyişdirilib və bir qədər vaxtdan sonra ya Məhəmmədli, ya da “sovxoz” kimi tanınan qəsəbədə asılmış halda tapılıb.

Valideynlər şagirdlərin hamısının ölümünün şənbə gününə təsadüf etdiyini deyib.

Amerikanın Səsinin müxbiri ilə söhbət edən valideynlər şagirdlərin ölümünü müxtəlif mənalarda yozub. Bəziləri radikal dini təriqətlə, bəziləri məktəbdə qadın müəllimələrin əksəriyyət (müəllimlərin 70-dən çoxu qadındır) təşkil etməsi, bəziləri yeniyetmələrin yaş dövrü, bəziləri cinayətkar dəstələrlə, bəziləri isə təlim-tərbiyə, nizam-intizamın aşağı olması ilə izah edib.

“Bu hadisələrin hamısı məktəbə yeni direktor təyin edildikdən sonra baş verib”-deyə valideynlərdən biri bildirib.

Digər valideyn isə dərs ilinin əvvəlindən tarix müəlliminin dərsdə görünmədiyini deyib.

Məktəb direktoru Şirin Abbasova valideynlərin iradlarını qəbul etmir.

“Şagirdlərin ölümü bizim üçün də faciədir. Hər üç şagirdin dərsə davamiyyəti normal olub. Onların ölümünün məktəbə heç bir aidiyyatı yoxdur. Ölüm hadisələri dərsdən sonra baş verib”-deyə Abbasova Amerikanın Səsinə bildirib.

Direktor məktəbdə təlim-tərbiyə sahəsində durumun normal olduğunu deyib.

“Məktəbdə nizam-intizam qaydasındadır. Ötən il 25 şagirdimiz ali məktəbə daxil olub, onlardan 2-si 600 bal toplayıb. Tarix müəlliməsi isə iki aydır xəstədir, dərsə gəlmir. Amma, onun dərslərini digər müəllimlər əvəz edir”.

Şirin Abbasova məktəbdə müəllimlərin əksəriyyətinin qadınların təşkil etdiyini təsdiq edib.

“Məktəblərə müəllimləri Təhsil Nazirliyi təyin edir”-deyə o qeyd edib.

Təhsil Nazirliyinin mövqeyini öyrənmək mümkün olmayıb. Belə ki, Təhsil Nazirliyinin rəsmi saytında (http://www.edu.gov.az/view.php?lang=az&menu=0) göstərilən komutatorun telefon nömrəsi (+994 12 5991155) zənglərə avtomotik qaydada nömrə aydın deyil cavabı verir. 146 qaynar xətt xidməti avtomotik qaydada işləmədiyini bildirir. Saytın mətbuat xidməti hissəsinə əlaqə telefonları daxil edilməyib, “Telefon soraqçası” hissəsinə “hazırlanmaqdadır” yazısı daxil edilib. Təhsil Nazirliyinin 09 xidmətindən öyrəndiyimiz (+99412 4863482) telefonuna isə dəfələrlə zəng çalmağımıza baxmayaraq cavab verən olmayıb.

Sabunçu rayon Prokurorluğundan Amerikanın Səsinə bildiriblər ki, hər üç şagirdin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (Özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb və istintaq davam edir.

XS
SM
MD
LG