Accessibility links

Cəmil Həsənli: Hakimiyyətin qəsbini Konstitusiya Məhkəməsi təsdiq edib [Video]


Milli Şuranın prezidentliyə keçmiş namizədi hakimiyyətin qəsbindən, AŞPA-nın müşahidəçilərinin “qonorar”ından, Milli Şuranın gələcək prioritetlərindən danışıb

Azərbaycanda 9 oktyabr prezident seçkilərində hakimiyyətin qəsbi baş verib.

Konstitusiya Məhkəməsi saxtalaşdırılmış səsvermənin nəticələrini və hakimiyyətin qəsbini təsdiq edib. Bu barədə bugünkü mətbuat konfransında Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) prezidentliyə keçmiş namizədi Cəmil Həsənli bildirib.

Onun sözlərinə görə, Əliyevin inauqurasiyasının tələsik keçirilməsi dünya ictimaiyyətinin seçkilərin nəticələrini qəbul etmədiyini bir daha göstərir.

Oktyabrın 17-də Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin yekun protokolunu təsdiq edib, oktyabrın 18-də Həsənli apellyasiya şikayəti verib və elə həmin gün iş günü başa çatdıqdan sonra Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Konstitusiya Məhkəməsinin iclası oktyabrın 19-na səhər saat 9.30-a təyin edilib.
“Konstitusiya Məhkəməsi bizim şikayətimizə Ali Məhkəmədə baxılmasının başa çatmasını gözləməli idi”, deyə Həsənli bildirib.

İnauqurasiya ictimaiyyət məlumatlandırılmadan, tələsik keçirilib.

Həsənlinin fikrincə, hakimiyyət başa düşüb ki, dünyanın aparıcı dövlətlərinin nümayəndələrindən heç kim belə bir mərasimə gəlməyəcək.

Onun sözlərinə görə, hakimiyyət təmtəraqlı inauqurasiyaya hazırlaşırdı və hətta gül mağazalarında böyük partiyada gül sifariş vermişdi.

Həsənli hesab edir ki, səsvermədə seçicilərin 20%-i iştirak edib və əksəriyyət Həsənliyə səs verib. 50 seçki dairəsi ərazisində səsvermənin nəticələri tamamilə saxtalaşdırıldığı onun müşahidəçiləri tərəfindən aşkar edilib.

“Bu o demək deyil ki, qalan 75 seçki dairəsində seçkilər saxtalaşdırılmayıb. Bütün məntəqələrdə seçkilər saxtalaşdırılıb.

Bu seçkilərdə ilk dəfə olaraq seçkilər açıq şəkildə, ictimaiyyətin və müşahidəçilərin gözü qarşısında saxtalaşdırılıb, qutulara topa-topa bülletenlər doldurulub.

Məntəqələrin əksəriyyətində səsvermənin nəticələri ilə bağlı protokol doldurulmayıb, 95 faiz məntəqələrdə müşahidəçilərə protokolların surəti verilməyib”. Həsənli kobud saxtalaşdırmalara nümunə kimi Beyləqan rayonunun seçki məntəqələrini göstərib.

Onun Seçki Qərargahında 2500 məntəqədən pozuntular haqqında aktlar və video sübutlar var və dünya ictimaiyyəti bu haqda məlumatlandırılacaq.

Cəmil Həsənli həmçinin müqəddəs yerlərə, Məkkəyə də seçki saxtalaşdırıldığı daşındığını deyib.

“Şeyxülislam xahiş etsəydi, mənə səs verəcək seçicilərdən xahiş edərdim ki, İlham Əliyevə 5 min səs versinlər. Amma, müqəddəs allah evinə (Kəbə) səsvermə saxtakarlığının daşınmasına razı olmaram, Bu Azərbaycan dindarları üçün böyük problemdir və gələcəkdə də problemlər yaradacaq”.

Brüsseldə, Parisdə və Strasburqda keçirdiyi görüşlər haqqında danışan Həsənli deyib ki, Avropa qurumları AŞPA və Avropa Parlamenti missiyalarının seçkilərlə bağlı qalmaqallı qiymətləndirmələrini araşdırır.

Həsənli bildirib ki, AŞPA nümayəndə heyəti üzvləri ilə Strasburqda Hilton otelində onlara qonorarlar ödənilməsi haqqında danışıqlar haqqında səhih dəlillər var.

“Biz bu danışıqları Azərbaycan rəsmilərindən kimin apardığını, kimin tərcüməçi olduğunu bilirik. Fransanın hüquq mühafizə orqanları da bunu bilir. Zamanı gəldikcə bu məlumatlar açıqlanacaq”, deyə Həsənli bildirib.

Avropa deputatlarının bir hissəsinin korrupsiyaya uğramış Azərbaycan nazirlərinin övladları ilə əlaqəsi var, deyə qeyd edib.

O bildirib ki, oktyabrın 27-də DQMŞ seçkilərin saxtalaşdırılmasına qarşı etiraz aksiyası keçirəcək.

Oktyabrın 24-də DQMŞ-nin sessiyasında təşkilatın gələcək prioritetləri müəyyən olunacaq. “Fırıldaqçı bəyanatlarla çıxış edənlərin və hakimiyyətə işləyənlərin DQMŞ-da yeri yoxdur”, deyə o bildirib.

Onun fikrincə, Milli Şuranın gələcək mübarizə strategiyası seçkiləri saxtalaşdıran Mərkəzi Seçki Komissiyası (MSK üzvü Akif Qurbanov istisna olmaqla, o seçkilərin nəticələrini tanımayıb) və digər seçki komissiyasının istefasına, məsuliyyətə cəlb olunmasına nail olmaq olacaq.

“Milli Şura hökumətin saxtalaşdırdığı seçkilər nəticəsində belə ölkədə əsas müxalifətdir. Artıq iqtidarın təyin etdiyi müxalifətə yer yoxdur. Biz bütün seçki komissiyalarının paritet əsaslarla təşkilinə nail olacağıq. Bundan sonra parlament seçkilərinə getmək olar”, Həsənli bildirib.

14-24 noyabr tarixlərində Həsənli ABŞ-a səfər edəcək, Dövlət Departamentində, Konqresdə, Senatda, Nümayəndələr Palatasında və beynəlxalq hüquq müdafiə təşkilatlarında görüşlər keçirəcək.

Biryulevoda baş verən hadisələrə toxunan Həsənli hakimiyyətin 1,2 mln. iş yeri açdığı haqqında bəyanatlarının yalan olduğunu bildirib. Belə olan halda ölkə vətəndaşları ölkəni tərk etməzdilər və Biryulevo və başqa yerlərdə belə məhrumiyyətlərə və alçaldılmalara məruz qalmazdılar, deyə o bildirib.

Həsənli Azərbaycanın sosial inkişafını qeyri-neft sektorunun inkişafında görür. Bu gün Azərbaycan gömrük sistemindəki rüşvətxorluq, yüklərin ləngidilməsi sayəsində qərbdən-şərqə daşınan yüklərin cəmi 4 faizi Azərbaycan ərazisi ilə aparılır.

Qeyri neft sektorunun inkişafı gömrükdə, nəqliyyat infrastrukturunda islahatlardan keçir. Yeni zavod və fabriklər yaradılmadan daimi iş yerlərindən danışmaq yersizdir”, o qeyd edib.

O, Milli Şuranın strateji xəttinin Azərbaycanın Avropaya inteqrasiyası olduğunu bildirib.

“Bu prioritet 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən müəyyən edilib. Azərbaycanın indiki iqtidarının da Avrasiya İttifaqına, Gömrük İttifaqına qoşulacağına inanmıram. Necə ola bilər, bunlar pullarını Avropa banklarında saxlayıb, Rusiya Gömrük İttifaqına qoşulsunlar. Bu mümkün olan deyil”, o qeyd edib.

Azərbaycan iqtidarı, Konstitusiya Məhkəməısi və Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin qanunvericiliyə uyğun, azad, şəfafa və ədalətli keçirildiyini bildirib.

"Səsvermə zamanı vətəndaşların iradəsinə təsir edən hər hansı cəhd qeydə alınmayıb",-deyə MSK sədri Məzahir Pənahov bildirib.
XS
SM
MD
LG