Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri birgə bəyanatla çıxış edib


ATƏT Xarici İşlər Nazirləri Şurasının Dublində toplantısı_logo

ATƏT Xarici İşlər Nazirləri Şurasının Dublində toplantısı_logo

“Bizim ölkələrimiz yenə də tərəflərə yardım göstərmək üçün əlindən gələni etməyə hazırdır, lakin Dağlıq Qarabağ münaqişəsinə son qoymağa görə məsuliyyət tərəflərin öz üzərinə düşür” bəyanatda deyilir

ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində ATƏT-in Minsk Qrupunun nümayəndə heyətinin rəhbərləri – Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Hillari Klinton və Fransanın Avropa məsələləri üzrə naziri Bernar Kazenyov dekabrın 6-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış edib.
Həmsədr ölkələr tərəfləri münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün siyasi iradə nümayiş etdirməyə çağırıb.

“2012-ci il iyunun 18-da Los-Kabosda prezidentlərimizin bəyan etdikləri kimi, tərəflər Helsinki Yekun Aktının prinsiplərini əldə rəhbər tutmalıdır. Bu prinsiplər əsasən güc və ya güclə bağlı təhdidin tətbiq olunmaması, ərazi bütövlüyü, xalqların bərabər hüququ və öz müqəddəratını təyinetmə hüququnu nəzərdə tutur.

Həmçinin bizim ölkələrin prezidentlərinin 2009-cu ildə Akvil və 2010-cu ildə Muskok bəyanatlarında əksini tapmış elementlər nəzərə alınmaqla və prezidentlərin 2011-ci il Dovil bəyanatlarına əsaslanaraq tərəfləri sülh yolu ilə nizamlanmaya nail olmaq üçün qətiyyətli addımlar atmağa çağırırıq”, - nazirlərin bəyanatında deyilir.

“Biz təəssüf edirik ki, 2012-ci il yanvarın 23-də Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə bəyanatı ilə əlaqədar sülh prosesində sürətli irəliləyiş gözləntiləri özünü doğrultmadı. Bunun müqabilində tərəflər qarşılıqlı anlaşmaya əsaslanan saziş əldə etmək əvəzinə, çox vaxt danışıqlar prosesində birtərəfli üstünlük axtarıblar", - sənəddə deyilir.

Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin tərəfləri 1994-cü ildə bağlanan atəşkəs haqqında sazişə əməl etməyi davam etdirməyə çağırılırlar. Qeyd olunur ki, hərbi gücün tətbiqi münaqişəni həll edə bilməz.

“Biz tərəfləri əhali arasında düşmənçilik hissinin alovlandırılmasına yardım edən fəaliyyət və bəyanatlardan çəkinməyə çağırırıq. Tərəflərin liderləri öz əhalilərini düşmən deyil, yenidən qonşu kimi, digər tərəfin mədəniyyətinə, tarixinə və ənənələrinə tam hörmət şəraitində yaşayacaqları günə hazırlamalıdırlar”, - bəyanatda qeyd olunur.

Nümayəndə heyətlərinin başçıları Ermənistan və Azərbaycan XİN rəhbərlərinin 2013-cü ilin əvvəlində Minsk Qrupunun həmsədrləri ilə birlikdə münaqişənin nizamlanması yollarının müzakirəsinə hazır olmalarını alqışlayır.

"Bizim ölkələrimiz yenə də tərəflərə yardım göstərmək üçün əlindən gələni etməyə hazırdır, lakin Dağlıq Qarabağ münaqişəsinə son qoymağa görə məsuliyyət tərəflərin öz üzərinə düşür", - bəyanatda vurğulanır.
XS
SM
MD
LG