Accessibility links

Mirvari Qəhrəmanlı: Qəzaların səbəbi məsuliyyətsizlik və estakadaların təmir olunmamasıdır [Video-Müsahibə]


Mirvari Qəhrəmanlı: Qəzaların səbəbi məsuliyyətsizlik və estakadaların təmir olunmamasıdır
please wait

No media source currently available

0:00 0:05:27 0:00

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Amerikanın Səsinə müsahibəsində estakadada baş verən qəzanın səbəblərindən danışıb

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Amerikanın Səsinə müsahibəsində ARDNŞ-nin estakadasında baş verən qəza, əmək hüquqları və əmək şəraitinin təhlükəsizliyi sahəsində problemlərdən danışıb.

Amerikanın Səsi: Sizcə, Dövlət Neft Şirkətinin (ARDNŞ-SOCAR) estakadalarında son dövrlər baş verən qəzaların səbəbləri nədir?

Mirvari Qəhrəmanlı: Qəzaların çox səbəbləri olur. Məsuliyyətsizlik, cəzalandırılmamaq və estakadaların təmir olunmaması, ümumiyyətlə təmir-tikinti üçün ayrılan vəsaitdən şəffaf, ədalətli, səmərəli istifadə olunmaması.

Amerikanın Səsi: İtkin düşmüş neftçiləri indiyədək niyə tapa bilmirlər?

Mirvari Qəhrəmanlı: Fövqəladə Hallar Nazirliyinin mütəxəssisi olmaması ucbatından neftçiləri tapa bilmirlər. Bunu artıq Binəqədidə (2015-ci ilin mayında Bakını Binəqədi rayonunda yaşayəış evinin yanması zamanı çoxsaylı insan ölüb-red) yanan ev də sübut etdi, 10-cu platformadakı (2015-ci ilin dekabrında ARDNŞ-nin 10 saylı dəniz platformasında qaz sızması nəticəsində 30-dan çox insan itkin düşüb, onlardan bir çoxunun cəsədi hələ də tapılmayıb-red) axtarış da sübut edib və indiki axtarış da sübut edir. Ona görə ki, 2106-cı il dekabrın 15-də saat 5-də hadisə olub, hadisə yerinə isti-isti gələ bilməyiblər. Səbəblərdən biri də Dövlət Neft Şirkətinin özünün gəmilərinin, vertolyotlarının və xüsusi vasitələrinin olmamasıdır. Ümumiyyətlə, Azərbaycanda bu sahədə peşəkar xilasedicilər yoxdur.

Amerikanın Səsi: İndi, bu son hadisə dənizin o qədər də dərinliyində baş verməyib. Ekspertlər dərinlıiyin cəmi 10-15 metr olduğunu deyir. Belə olan halda neftçilərin olduğu yaşayış butkası niyə tapılmır?

Mirvari Qəhrəmanlı: Butka tapılıb. Amma, dərinlik 10-15 metr də olmaz. Orada svay-ın (dirək-red) hündürlüyü 10-15 metr olar. Sadəcə olaraq küləyi bəhanə gətiriblər. Külək estakadanı atanda, bu butkanın daha sürətlə uzağa atılmasına səbəb olub. İnsanlar butka ilə bərabər düşüblər, ancaq (bu mənim düşüncəmdir) sonradan hərə bir tərəfə yayılıb.

Amerikanın Səsi: Neftçilərin əməyinin mühafizəsi və əmək şəraitinin təhlükəsizliyi üçün hökumətin və həmkarlar təşkilatlarının apardığı işlər yetərlidirmi?

Mirvari Qəhrəmanlı: Azərbaycan “Əmək Məcəlləsi”nin 211 (Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi), 212 (Əməyin mühafizəsinin dövlət tərəfindən tənzimlənməsi), 215 (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri), 217-ci (İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları) maddəsi, Nazirlər Kabinetinin müvafiq qərarına 2 saylı əlavəsi və Azərbaycan Həmkarlar Təşkilatının nizamnaməsi və “Əmək Məcəlləsi”ndə Azərbaycan Həmkarlar Təşkilatlarına verilən səlahiyyətlərin heç biri yerinə yetirilmir. Yəni, işəgötürən öz vəzifə səlahiyyətlətini yerinə yetirə bilmir. Qanunvericilikdə onlardan tələb olunan, - işçi ilə bağladığı əmək müqaviləsinə əsasən öhdəliklərini yerinə yetirmir. Həmkarlar Təşkilatı və Əmək Müfəttişliyi işçilərin sağlam iş şəraiti ilə təmin olunması üçün ictimai və dövlət nəzarətini həyata keçirmir.

Amerikanın Səsi: Dövlət Neft Şirkətinin dənizdəki estakadalarının yenilənməsinə ehtiyac varmı? Artıq beynəlxalq neft şirkətləri platforma üsuluna keçib.

Mirvari Qəhrəmanlı: Mən 1990-cı illəri yadıma salıram. Hamınız nefçi Qurbana bələdsiniz. Baş idarə rəisinin müavini işləyirdi və hər gün hər dəfə o latformaya keçidin lazımlılığından danışırdı. O hələ 90-cı illərdə sübut edirdi ki, estakadaların dəniz platformaları ilə əvəz edilməsinə böyük ehtiyac yaranır. Gördüyünüz kimi, zamanında tapşırıqlar, təkliflər yerinə yetirilmədi və indi də artıq demək olar ki, istismar müddəti çoxdan başa çatmış estakadanın demontaj olunmaması ucbatından insanlar qurban getdilər.

Amerikanın Səsi: On kilometrlərlə köhnəlmiş və korroziyaya uğramış estakadalar qalmaqdadır. Həmin estakadaların utilizasiyası niyə aparılmır?

Mirvari Qəhrəmanlı: Estakadaların utilizasiyası, demontajı olmalıdır. Hava nəqliyyatı ilə dənizin üzərindən uçanda görürsən ki, dənizdə çoxsaylı istifadəsiz qalmış, çürümüş (bunu Neft Daşlarında daha çox müşahidə edərsiniz) çoxlu sayda metal var. Yenə 90-cı illərə qayıdıram, yenə neftçi Qurbana qayıdıram. Onlar o zaman deyirdilər ki, bu böyük miqdarda metal sərfidir, oduqca əhəmiyyətli metaldır. Sonradan hətta Türkiyə şirkətləri istəyirdi ki, bu metalları toplayıb yenidən əridib, satışını və alışını təşkil etsinlər. O vaxt Neft Şirkətinin o qədər vəsaiti olmadığından həmin təkliflər kağız üzərində qaldı. Sonradan ARDNŞ-nin kifayət qədər vəsaiti var idi. Həm də ölkəmizə neftdən çoxlu vəsait daxil oldu. Suyun altında qalıb, üstündə də görünən istifadəsiz estakadalar, dərin dəniz özülləri, yaxud da meydançalarda çox böyük miqdarda metal var. Çox təəssüflər olsun ki, ARDNŞ həmin sahəyə vəsait xərcləmək istəmədi.

XS
SM
MD
LG