Accessibility links

Məlahət Zeynallı: Əvəz Zeynallının müdafiəsi, həm də azad medianın müdafiəsidir


Məlahət Zeynallı: Əvəz Zeynallının müdafiəsi, həm də azad medianın müdafiəsidir

Məlahət Zeynallı: Əvəz Zeynallının müdafiəsi, həm də azad medianın müdafiəsidir

Redaktorlar Birliyi, jurnalist təşkilatları və hüquq müdafiəçiləri “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının həbsi ilə bağlı müzakirə keçirib. Müzakirələrin mərkəzində Ə.Zeynallının həbsinin siyasi sifariş olduğu durub.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Redaktorlar Birliyi, jurnalist təşkilatları və hüquq müdafiəçiləri “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının həbsi ilə bağlı müzakirə keçirib.

Müzakirələrin mərkəzində Ə.Zeynallının həbsinin siyasi sifariş olduğu durub. “Əvəz Zeynallı ilə bağlı məhkəmə xronikası və deputat Gülər Əhmədovanın müxtəlif adamlarla telefon danışıqları sübut edir ki, jurnalist sifarişlə həbs edilib”, - “Xural” qəzetinin əməkdaşı Nurəddin Xoca qeyd edib.

Vəkil Elçin Sadıqov bildirib ki, redaktorun barəsində həbs qətimkan tədbirinin seçilməsi və cinayət işinin başlanması üçün heç bir əsas yoxdur. “İttihama əsas kimi deputat Gülər Əhmədovanın oktyabrın 19-da baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etdiyi şikayət əsas götürülüb. Gülər Əhmədova şikayətinə bir CD əlavə edib. Guya, həmin diskdə Əvəz Zeynallının danışığı yazılıb. Amma ekspert arayışında deyilir ki, Əvəz Zeynallının səsi eşidilmir. Eyni zamanda, qanunsuz yolla yazılmış hər hansı video və ya audio yazı istintaq üçün sübut ola bilməz”, - o vurğulayıb.

Vəkilin fikrincə, eyni vaxtda redaktorun yaşadığı evdə, şəxsi avtomobilində və qəzetin ofisində qanunsuz axtarış aparılıb. “Əvəz Zeynallıya qarşı irəli sürülən ittihamdan, qanunsuz axtarışlardan şikayət vermişik”, - o qeyd edib.

“Axtarış zamanı evimizdə bir neçə gün əvvəl insult keçirmiş atam olub. Axtarış aparanlar ev sahiblərindən heç kimi axtarış zamanı evə buraxmayıb. Birinci olaraq qızıl külçələrinin, brilyantların və avtomat silahının harada olduğunu soruşublar. Yəqin ki, onlar jurnalistlərlə korrupsionerlərin yerini səhv salıblar”, - Ə.Zeynallının həyat yoldaşı Məlahət Zeynallı qeyd edib.

Çıxışlardan aydın olub ki, Gülər Əhmədova avqust ayından başlayaraq müxtəlif adamlara zəng edərək Ə.Zeynallının onun telefonuna cavab verməsini xahiş edib. “Bu insan səkkiz gün mənə zəng edib Əvəz Zeynallının telefonuna cavab verməsi üçün ona müraciət etməyimi xahiş edib. Nəhayət, Əvəz Zeynallı mənim xahişimlə Gülər Əhmədovanın telefonuna cavab verib”, - “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu qeyd edib.

Eyni zamanda, Gülər Əhmədova iki dəfə eyni xahişlə Nurəddin Xocaya zəng edib. “Bir neçə dəfə, mən Əvəz Zeynallı ilə birgə olanda Gülər Əhmədova onun telefonuna cavab verməsi xahişi ilə sms göndərmişdi”, - “Qafqazinfo” Agentliyinin rəhbəri Elburus Ərud bildirib.

Redaktorlar, hüquq müdafiəçiləri və jurnalist təşkilatları Əvəz Zeynallının hüquqlarının müdafiəsi üçün birgə işləmək barədə razılığa gəliblər. Müzakirələrdə “Xural” qəzetinin redaksiyasından xahiş edilib ki, qəzetə və Əvəz Zeynallıya qarşı məhkəmə iddiaları, təzyiqlər və telefon zəngləri ilə bağlı sistemləşdirmə aparıb Redaktorlar Birliyinə təqdim etsinlər.

Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Əvəz Zeynallının həbsini ailəsi qabaqcadan gözləyib. “Onun yazıları vətənpərvərliyə xidmət edirdi. Ailənin hər bir üzvü Əvəzin həbsini gözləyirdi. Sadəcə, həbsin tarixi oktyabrın 28-nə təsadüf etdi”.

Xanım Zeynalı jurnalisti həbslə qorxutmağın və tutduğu yoldan döndərməyin mümkün olmayacağına inanır. “Əvəz Türkiyədə təhsil alıb və çox vətənpərvər insandır. O yazıları ilə hökumətdə korrupsiyaya uğramış şəxsləri tənqid edirdi. Çox çalışdılar, onu bu yoldan döndərər bilmədilər. O azad medianın, demokratiyanın dönməz müdafiəçisidir”.

Məlahət Zeynallı yerli və beynəlxalq ictimaiyyəti jurnalistin müdafiəsinə çağırıb. “Əvəz Zeynallının müdafiəsi həm də müstəqil medianın müdadfiəsidir”, - deyə o qeyd edib.

Öz növbəsində, rəsmi şəxslər jurnalistin həbsi ilə bağlı hər hansı məlumat verməyib. Rəsmi Bakı bir qayda olaraq ölkədə media azadlığının tam təmin edildiyini və jurnalistlərin yazılarına görə həbs edilmədiyini bəyan edir.

Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində "Xural" qəzetinin təsisçisi və baş redaktoru Zeynalov Əvəz barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, Əvəz Zeynalov Əhmədova Gülər barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzet səhifələrində çap olunacağını bildirməklə ona hədə-qorxu tətbiq edib, bu materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, maddi nemət olan külli miqdar təşkil edən 10 min manat pulu rüşvət kimi istəyib.

Əvəz Zeynalova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq davam etdirilir.

Cinayət Məcəlləsinin jurnalistə qarşı irəli sürülən yuxarıdakı maddələrinin sanksiyasına görə, onu əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

XS
SM
MD
LG