Accessibility links

MTN icazəsiz beynəlxalq rabitə xidməti yaradan dəstəni həbs edib


Dəstə üzvləri Rabitə Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz beynəlxalq telefon danışıqları təşkil edib.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə külli ziyan vuran dəstəni yaxalaması haqda açıqlama yayıb.
Dəstə üzvləri Zeynalov, Bazay Vahabov, Abbas Hacıyev, Şahin Fərhadov və İlham Məmmədov qanunsuz sahibkarlıq fəaliyyəti göstəriblər. Bu şəxslər “Azerfon” MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələr qoşmaqla icazəsiz beynəlxalq rabitə xidməti yaratmaq kimi cinayətə yol veriblər. Onlar xaricdə istehsal edilən “GSM” kanalpaylayıcılarını və s. texniki avadanlıqları əldə edərək onları Bakı, Sumqayıt və Xırdalan şəhərlərində müxtəlif ünvanlarda yerləşən mənzillərə quraşdırıblar.
Dəstə üzvləri “Azerfon” MMC-yə məxsus, ayrı-ayrı şəxslərin adına sənədləşdirilən 51 ədəd “GSM” mobil telefon nömrəsi alaraq, bu nömrələri xüsusi texniki avadanlıqlara daxil etmək yolu ilə İnternetə qoşularaq Rabitə Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil ediblər. Göstərilən ünvanlara baxış keçirərkən avadanlıqlar işlək və şəbəkəyə qoşulmuş halda aşkar olunublar. Müəyyən edilib ki, qısa müddət ərzində qanunsuz təşkil edilən beynəlxalq telefon danışıqları nəticəsində nazirliyə təxminən 100 min manat ziyan vurulub.
Kompleks əməliyyat tədbirləri çərçivəsində MTN analoji daha bir cinayətin qarşısını alıb. Bu dəfə Çin vətəndaşı Lin Vei və s. eyni üsulla qanunsuz beynəlxalq danışıq xidməti həyata keçiriblər. Mənzillərə baxışlar zamanı avadanlıqların işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə olduğu, “Azerfon” MMC və “Bakcell Ltd” MMC-yə məxsus 8 min 500 manatdan artıq dəyərdə işlənmiş və 2 min 455 manatlıq istifadə edilməmiş ödəmə kartları aşkarlanıb.
Faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olma) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə bütün halların araşdırıldığı, hüquqazidd əməllərin digər iştirakçılarının aşkarlanması üçün əməliyyat-istintaq tədbirlərinin davam etdiyi bildirilir.

XS
SM
MD
LG