Accessibility links

MTRŞ ANS-in “Hesabat” proqramını bir aylıq dayandırıb


“Hesabat” analitik-informasiya proqramının yayımı 1 ay müddətinə dayandırılıb. Bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) yanvarın 22-də keçirilən iclasında qərar qəbul edib.

MTRŞ-nin məlumatında deyilir ki, “ANS” televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alnaraq, “Televiziya və radio yayımı haqqında” qanunun 23.1-ci maddəsinə uyğun olaraq “ANS” televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılıb.

MTRŞ bildirir ki, ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunda nəzərdə tutulmuş proqrama verilən tələblərin və televiziyanın fəaliyyət prinsiplərinin pozulması ilə əlaqədar olaraq “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” proqramının, “Salam Azərbaycan” proqramının yayımı da müvəqqəti dayandırılıb. “Reklam haqqında” qanunun tələblərini pozduğu üçün ANS TV hər bir pozuntuya görə 6000 manat olmaqla 9 fakt üzrə 54 000 manat, hər bir pozuntuya görə 5000 manat olmaqla 5 fakt üzrə 25 000 manat, ANS ÇM radiosu isə 13 fakt üzrə 5000, 8 fakt üzrə 7000, 5 fakt üzrə 8000 manat məbləğində, ümumilikdə 26 fakt üzrə 161 000 manat məbləğində cərimə edilib.

MTRŞ həmçinin bildirir ki, “ANS Müstəqil Yayım və Media Şirkəti” arasında milli televiziya serialı məhsulunun hazırlanmasına dair müqavilənin tələbinə əsasən şura tərəfindən “ANS-ə 160 000 manat vəsait köçürülüb. ANS “Abşeron” serialını müqaviləyə uyğun olaraq 10 iyul 2015-ci ilədək təhvil vermək barədə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyin icra müddətindən xeyli sonra - 28 avqust 2015-ci ildə müqaviləyə dəyişiklik edilməsi təşəbbüsünü irəli sürüb. Bundan sonra isə müqaviləyə aidiyyatı olmayan tam başqa bir serialın - “Sevgi naminə” adlı serialın hesabatı MTR-ya təqdim edilib. MTRŞ tərəfindən isə bağlanmış müqaviləyə uyğun olaraq öhdəliklərin icra edilməməsi ilə əlaqədar olaraq ANS-ə qarşı köçürülmüş vəsaitin geri qaytarılması barədə məhkəmədə iddia qaldırılıb.

"Təəssüflə bildiririk ki, ANS rəsmiləri yuxarıda qeyd olunan qanun pozuntuları ilə bağlı MTRŞ tərəfindən verilən qərarlardan, habelə həmin qərarlarla bağlı ANS tərəfindən məhkəmələrə olan şikayətlərin təmin olunmamasından düzgün nəticə çıxarmaq əvəzinə, öz efiri vasitəsilə MTRŞ-nin ünvanına davamlı olaraq əsassız ittihamlar səsləndirilməklə ictimai rəyi çaşdırmaq yolu tutub", məlumatda qeyd edilir.

"Hesabat" verilişinin müəllifi jurnalist Mirşahin Ağayevdir. ANS hələ MTRŞ-nin qərarına münasibət bildirməyib.

XS
SM
MD
LG