Accessibility links

Azərbaycan müdafiə naziri orduya xüsusi tapşırıqlar verib


“Azərbaycan müdafiə naziri ölkə üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmaqla bağlı müvafiq tapşırıqlar verib”.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatın görə, bu göstərişi nazir Zakir Həsənov sentyabrın 21-də Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə keçirdiyi xidməti müşavirədə verib.

Nazir xüsusi vurğulayıb ki, Silahlı Qüvvələrin sərəncamında olan raket-artilleriya qurğu və sistemləri bu tapşırıqları dəqiqliklə yerinə yetirməyə imkan verir.

Mətbuat xidməti bildirir ki, müşavirədə regionda mövcud olan hərbi-siyasi vəziyyət təhlil edilərək müəyyən edilmiş əsas istiqamətlər üzrə kəşfiyyatın bütün növlərinin gücləndirilməsi ilə düşmən ərazisindəki yeni hədəflərin aşkar olunması, onların əhəmiyyətinin qiymətləndirilməsi və məhvedilmə ardıcıllığının müəyyənləşdirilməsi, Quru Qoşunlarının birlik və birləşmələri, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, Silahlı Qüvvələrin digər növ və qoşun qisimlərinin qarşılıqlı əlaqədə fəaliyyətinin artırılmasına xüsusi diqqət yönəldilib.

Azərbaycan müdafiə nazirinin göstərişi bu gün Yerevanda Ermənistanın müstəqillik gününə həsr edilmiş paradda hərbi texnika, reaktiv sistemlərin nümayişindən sonraya təsadüf edir.

Ermənistanın paradda nümayiş etdirdiyi yeni silahlar arasında “İsgəndər” operativ-taktiki raket kompleksi, “Smerç” yaylım atəşli reaktiv sistemlər, “İnfauna” radioelektron mübarizə sistemi olub.

Ermənistan mediasının rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, paradda Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşması, Ermənistan Ordusu və Ermənistandakı 102-ci Rusiya hərbi bazasının bölmələri iştirak edib.

XS
SM
MD
LG