Accessibility links

Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasına müxtəlif baxışlar


Mehriban Əliyeva
Mehriban Əliyeva

Milli Şuranın sədri Cəmil Həsənli və Müsavat Partiyasının başqanı Arif Hacılı facebook səhifələrində prezident İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanı Azərbaycanın birinci vitse-prezidenti təyin etməsinə tənqidi münasibət bildirib. Prezident Adminsitrasiyası rəhbərinin müavini Novruz Məmmədov isə yeni təyinatı ölkənin sabitliyi, təhlükəsizliyi və inkişafı üçün mühüm amil kimi qiymətləndirib.

Cəmil Həsənli: Bir az gülməli, bir az ağlamalı Azərbaycan reallığı

“Mən hələ Milli Məclisin üzvü olanda, 2008-ci ildə həm çıxış etmişdim və həm də müsahibə verib demişdim ki, Azərbaycan Şimali Koreya modelinə doğru gedir. O zaman çoxları buna inanmırdı. Bu gün Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi bunu bir daha təsdiq etdi.

Cəmil Həsənli
Cəmil Həsənli

Söhbət uzun müddətə hakimiyyətin bir ailənin əlində cəmlənməsi və onun vərəsəlik yolu ilə ötürülməsindən gedir. 100 illik cümhuriyyət tarixi və ənənəsi olan bir ölkədə ailə hakimiyyəti, klan idarəçiliyi qurulur. Şimali Koreyada olduğu kimi. 1994-cü ildə Kim İr Sen öləndə hakimiyyətə onun oğlu Kim Çen İr yiyələndi. Azərbaycanla eyni vaxtda, 2009-cu ildə Şimali Koreya Konstitusiyasında dəyişiklik edilərək dövlət başçısı Kim Çen İrin səlahiyyətləri artırıldı. 2011-ci ilin dekabrında o, öləndə isə “demokratik respublika” sayılan Şimali Koreyada hakimiyyət onun oğlu, Kim İr Senin nəvəsi Kim Çen Ina keçdi.

Son 15 ildə antikonstitusyon konstitusiya dəyişikliyikləri ilə İlham Əliyev 100 il bundan öncə cümhuriyyət bayrağı ucaltmış bizim ölkəmizi Şimali Koreya modeli ilə eynilədirdi. Respublika dəyərləri dekorasiyaya, ölkə bir ailənin girovuna çevrildi. Bəziləri əsaslandırmağa çalışır ki, qanun bunu qadağan etmir. Olsun. Amma qanun əxlaqi prinsiplərdən, mənəvi dəyərlərdən uzaq olan çox şeyi qadağan etmir. Azərbaycan hakimiyyəti dünyada öz yerini axtarırdı. İndi o, əminliklə bunu tapdı.

Dünya tarixində prezidentlik institutu yaranandan bəri birinci dəfədir ki, fəaliyyətdə olan prezident öz həyat yoldaşını vitse-prezident, həm də birincisindən təyin edir. Bu təyinat dünya üçün gülməli, ölkə üçün ağlamalı bir hadisədir. Söhbət ondan getmir ki, yeni təyinat almış xanım necə işləyəcək, söhbət ondan gedir ki, az-çox hakimiyyət düşüncəsi, dövlətçilik təfəkkür olan, cümhuriyyət dəyərlərinə, öz xalqına, ilk növbədə isə özünə hörmət edən bir ölkə başçısı bunu etməməli idi.

Vaxtı ilə Fərəh xanımın ölkənin idarəçiliyində böyük rolu olsa da, rəsmi monarx olan Məhəmməd Rza Şah özünə icazə vermədi ki, onun bu rolunu rəsmiləşdirsin, ona hansısa yüksək dövlət vəzifəsi versin. Cümhuriyyət deyilən bir sistemdə prezident fərman verib öz həyat yoldaşını birinci vitse-prezident təyin edirsə, o, həmin fərmanla cümhuriyyətin fatihəsini vermiş olur. Acı da olsa bu reallıqdır, bir az gülməli, bir az da ağlamalı Azərbaycan reallığı”, Həsənli bildirib.

Arif Hacılı: Azərbaycan cəmiyyətinə açıq hörmətsizliyin nümayişidir

Arif Hacılı
Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılının münasibəti belədir:

“Ailə Hakimiyyəti əslində çoxdan qurulmuşdu. Sadəcə etiraf olunmurdu. Bu təyinat həm bunun etirafı, həm də Azərbaycan cəmiyyətinə açıq hörmətsizliyin, saymamazlığın nümayişidir”, Müsavat başqanı qeyd edib.

Novruz Məmmədov: Mehriban Əliyeva yeni uğur və nailiyyətlərə imza atacaq

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib ki, Mehriban Əliyeva uzun illərdir, Azərbaycanın həyatında, dövlətçiliyin müəyyən istiqamətlərində çox böyük işlər görür, tədbirlər həyata keçirir. Böyük uğurlar və nailiyyətlər qazanıb.

Novruz Məmmədov
Novruz Məmmədov

N. Məmmədovun sözlərinə görə, ümumiyyətlə, ötən il referendumdan sonra məlum olanda ki, Azərbaycanda birinci vitse-prezident postu yaradılacaq, demək olar ki, Azərbaycanda hamı o yerdə Mehriban Əliyevanı görürdü.

"Bu da artıq Mehriban xanımın bu illər ərzində qazandığı nüfuzdur. Həm ölkə daxilində, həm də xaricdə bu gün Mehriban xanımın Azərbaycan dövlətçiliyinin, maraqlarının qorunması, təbliği istiqamətində çox böyük yeri və imici var. Bu təyinat Azərbaycanın indiki dövrdə sabitliyinin, təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində böyük kömək olacaq. Mehriban xanım öz fəaliyyəti, istedadı, yorulmazlığı ilə Azərbaycan dövlətçiliyinin çox mühüm istiqamətlərində əlindən gələni edəcək, yeni uğur və nailiyyətlərə imza atacaq", Məmmədova istinadən APA agentliyi yazır.

XS
SM
MD
LG