Accessibility links

Müsəlman mühacir: Donald Tramp, sən heç ABŞ Konstitusiyasını oxumusan?


Xizr Xan seçiciləri Hillari Klintona səs verməyə çağırıb

Cümə axşamı Filadelfiyada Hillari Klintonun əsas siyasi partiyanın prezidentliyə namizədlik nominasiyasını qəbul etdiyi qurultayda müsəlman bir mühacir çıxış edib. Çoxları bu çıxışı Demokratların qurultayının ən emosional çıxışı hesab edir.

Həlak olmuş ABŞ əsgərinin atası Xizr Xan Respublikaçı namizəd Donald Trampı sərt tənqid edib və ondan “Sən heç ABŞ Konstitusiyasını oxumusan” soruşaraq gileylənib.

Xanın oğlu, uşaq ikən ailəsi ilə birgə Birləşmiş Ərəb Əmirliklərindən ABŞ-a mühacirət edən kapitan Humayun Xan 2004-cü ildə İraqda bir maşının hərbi komleksə daxil olaraq partlaması nəticəsində həlak olub. O, tabeliyində olan əsgərlərə yerə yatmağı əmr edib, özü maşına yaxınlaşdığı an maşın partlayıb. Xanın 27 yaşı var idi.

“Klinton mənim oğlumu “Amerikanın ən yaxşı insanlarından biri” adlandıranda çox doğru buyurdu. Donald Trampa qalsa, oğlum heç Amerikada olmazdı da”, deyə Xan bildirib. Onun oğlu ölümündən sonra Bürünc Ulduz və Bənövşəyi Ürək mükafatlarına layiq görülüb.

Xan deyib ki, həyat yoldaşı ilə birgə o, ABŞ-a “əliboş” gəlsələr də, oğullarını “özləri olmağa və xəyallarının arxasınca gedə biləcək” azad ölkədə yetişdirəcəklərini bilirdilər.

“Donald Tramp davamlı olaraq müsəlmanları ləkələyir,” deyə Xan bildirib. “O digər azlıqları, qadınları, hakimləri, hətta öz partiyasının rəhbərliyinə qarşı hörmətsizlik edir. O, divar inşa etməyi və bizim bu ölkəyə girişimizə qadağa tətbiq etməyi vəd edir. Donald Tramp, sən amerikalıları gələcəklərini sənin əlinə vermələrini istəyirsən. Mən isə sənə bir sual vermək istəyirəm: Sən heç ABŞ konstitusiyasını oxumusan? Mən öz nüsxəmi sənə borc verə bilərəm,” deyərək cibindən Konstitusiyanın bir nüsxəsini çıxarıb. “Burada “azadlıq” və “qanun qarşısında bərabərlik” sözlərini diqqətlə oxu,” deyə o əlavə edib.

Xan milyarder biznesmeni Arlinqton Məzarlığında ABŞ-ı “müdafiə edərkən həlak olan igid vətənpərvərlərin məzarlarını” ziyarət etməyə çağırıb. “Orada sən bütün dinlər, genderlər və etnik mənsubiyyətlərə aid insanların məzarını görəcəksən. Sən isə heç kəs və heç nəyi qurban verməmisən,” deyə Xan gileylənib.

Xizr Xan həmçinin “Mən hər bir vətənpərvər amerikalını, müsəlman mühacirləri və bütün mühacirləri bu seçkilərə ciddi yanaşmağa çağırıram,” deyib və seçiciləri “seçki günündə səs verməyə” çağırıb.

XS
SM
MD
LG