Accessibility links

Müxalifət Fəvvarələr meydanında mitinq keçirəcəyini bildirib


Müxalifət Fəvvarələr meydanında mitinq keçirəcəyini bildirib
Müxalifət Fəvvarələr meydanında mitinq keçirəcəyini bildirib

İctimai Palatanın Nərimanov kinoteatrının qarşısında mitinq keçirməklə bağlı müraciətinə mənfi cavab verilib. Müxalifət Bakının mərkəzində Fəvvarələr meydanında aksiya keçirəcəyini bəyan edib.

Bakı şəhər icra hakimiyyəti İctimai Palatanın Nərimanov kinoteatrının qarşısında aprelin 2-də mitinq keçirməklə bağlı müraciətinə mənfi cavab verib. İcra hakimiyyəti aksiyanın Bibiheybət stadionunda keçirilməsini məsləhət bilib.

Meriya hərəkətin intensivliyini və vətəndaşların istirahət hüququnun pozulmasını əsas gətirərək mitinqin Nərimanov kinoteatrının qarşısındakı meydanda keçirilməsinə icazə verməyib.

Öz növbəsində, meriyanın təklif etdiyi Bibiheybət stadionunu İctimai Palata qəbul etməyib. İctimai Palata etiraz aksiyasının aprelin 2-də Bakının mərkəzində yerləşən Fəvvarələr bağında keçiriləcəyini bəyan edib.

Daxili İşlər nazirliyinin mətbuat xidməti bildirib ki, aprelin 2-də Bakının mərkəzi küçə və meydanlarında razılaşdırılmamış aksiya keçirmək, ictimai asayişi pozmaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaq.

Bu gün səhər tezdən başlayaraq müxalifət fəallarının saxlanılması başlanıb. İctimai Palatanın Mitinq Komitəsinin son məlumatına görə, artıq ondan çox müxalifət fəalı hüquq-mühafizə orqanları tərəfindən saxlanıb.

Axşam saatlarında isə bir qrup iqtidar tərəfdarı Bakının mərkəzi küçələrindən birində müxalifətdə olan AXCP sədri Əli Kərimlinin evinin qarşısında aksiya keçirib, təhqiredici şüarlar səsləndirib. Amma, bu aksiyaya hüquq-mühafizə orqanları mane olmayıb, sadəcə seyr etməklə kifayətlənib.

XS
SM
MD
LG