Accessibility links

“Nardaran işi” üzrə ittiham olunanlar qohumlarına təzyiq edildiyini bildirir


“Nardaran işi” üzrə ittiham olunan şəxslərin qohumları təzyiqə məruz qalır. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin noyabrın 16-da keçirilən iclasında “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə bildirib.

O, bildirib ki, məhkəmə nəzarətçiləri ittiham olunan şəxslərin prosesə gələn doğmalarının şəxsiyyət vəsiqələrini yığır. Məhkəmə işçiləri sənədlərin surətini çıxarır, sonradan polis ünvan məlumatlarından istifadə edir, onları tapır və təzyiq göstərir.

Xüsusən, müttəhim İbrahim Xudaverdiyev bildirib ki, onun qohumları prosesdə iştiraka görə təzyiqə məruz qalırlar.

Xudaverdiyevin sözlərinə görə, qaynını polisə çağırıblar və onun bacısının (Xudaverdiyevin həyat yoldaşı) məhkəməyə getməməsini tələb ediblər.

2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat zamanı atışma nəticəsində ikisi polis olmaqla 6 nəfər öldürülüb. Bu iş üzrə əksəriyyəti “Müsəlman Birliyi” hərəkatının üzvləri və tərəfdarları olmaqla, ümumilikdə 70-ə yaxın insan məsuliyyətə cəlb olunub.Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə - konstitusiya quruluşunun zorla dəyişdirilməsi, mütəşəkkil silahlı cinayətkar qrup yaratmaq və b. ittiham olunur.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə ittiham olunan 18 nəfərin işi üzrə proses gedir. Onlar arasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da var, o, dövlət əleyhinə çağırışlarda, dini ədavət salmaqda, kütləvi iğtişaşlara çağırışlarda ittiham olunur.

Məhkəmə qarşısına çıxarılan şəxslər ittihamları qəbul etmir və sifariş olduğunu bildirir.

Məhkəmə prosesi noyabrın 18-də davam edəcək.

XS
SM
MD
LG