Accessibility links

NATO Əfqanıstanda missiyasını 2017-ci ilə qədər uzadır


Varşavada NATO sammitinin ikinci günü dünya liderlərinin görüşü
Varşavada NATO sammitinin ikinci günü dünya liderlərinin görüşü

Varşavada NATO sammitinə toplaşan liderlər Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlimlərin 2017-ci ilə qədər davam etdirilməsi və əfqan qüvvələrinə 2020-ci ilə qədər dəstək üçün 1 milyard dollar vəsaitin ayrılmasına söz verib. Birləşmiş Ştatların ayırdığı vəsait də daxil olmaqla alyansın Əfqanıstan təhlükəsizlik qüvvələri üçün illik vəsaitinin həcmi 5 miyard dollara çatır.

Birləşmiş Ştatlar bu yaxınlarda prezident Barak Obamanın 2017-ci ilin əvvəlində prezidentlik müddəti bitənə qədər Əfqanıstanda 8400 nəfərdən ibarət əsgəri qüvvə saxlayacağını elan edib. NATO müttəfiqləri və tərəfdaş ölkələr Varşava sammitində 2017-ci ildə Əfqanıstanda 11 min nəfərdən ibarət əsgəri qüvvə saxlayacaqlarını elan edib.

Qərb ölkələrindən dəstək Taliban qüvvələrinin yaratdığı risklər və İslam Dövləti terror qrupunun ölkənin cənubunda və şərqində özünə yer etməsilə Əfqanıstanda təhlükəsizliklə bağlı vəziyyətlə bağlı narahatlıqlarını əks etdirir.

Varşava NATO sammiti
Varşava NATO sammiti

Qabaqlayıcı tədbirlər

ABŞ rəsmiləri NATO sammitinin alyansın diqqəti qabaqlayıcı tədbirlərə yönəltməsi ilə mühüm dönüş mərhələsi yaratdığını qeyd edib. Prezident Obama cümə günü rəsmilərin bildirdiyi kimi, Rusiya tərəfindən təcavüzün qarşısının alınması məqsədilə Polşaya min nəfərdən ibarət əsgəri qüvvə göndərəcəyini elan edib.

NATO üzvləri həmçinin Baltikyanı ölkələr-Estoniya, Latviya və Litvada əlavə qüvvə yerləşdirilməsi haqda razılıq əldə edib. NATO rəsmilərinin sözlərinə görə, bu, İkinci Dünya Müharibəsindən sonra alyansın yerləşdirdiyi ən böyük əsgəri qüvvədir.

Çevik qüvvələrin yerləşdirilməsi haqda qərar Baltikyanı ölkələrin liderlərinin təzyiqləri nəticəsində qəbul edilib.

ABŞ prezidenti Barak Obama, Almaniya kanslerti Angela Merkel və Ukrayna prezidenti Petro Poroşenko NATO sammitində
ABŞ prezidenti Barak Obama, Almaniya kanslerti Angela Merkel və Ukrayna prezidenti Petro Poroşenko NATO sammitində

Müdafiə sahəsində təhlilçilər isə bildirir ki, son araşdırmalar Rusiya hərbi qüvvələrinin Baltikyanı ölkələrin istənilən paytaxtının nəzarətini 60 saat içində ala bilmək qabiliyyətinə malik olduğunu göstərir.

Rusiya hərbi qüvvə yerləşdirilməsi planlarını dəfələrlə qınayıb və güclü hərbi mövcudluğu olduğu regionda əlavə əsgəri qüvvə yerləşdirməyə söz verib. Rusiyanın eyni zamanda, iki il bundan əvvəl Ukraynada hərbi müdaxiləsinin sona çatacağına dair hələ heç bir işarə yoxdur.

Amerikanın Səsinin Serbiya xidmətinə müsahibə verən ABŞ senatoru Ben Kardin Rusiyanın Ukraynada mövcudluğuna son qoyulmalı olduğunu deyib, lakin NATO-nun qarşıdurma deyil, əməkdaşlıq istədiyini əlavə edib.

"Rusiyanın təcavüzkar olduğu aydındır. Biz Rusiyanın beynəlxalq qanuna riayət etməsinə nail olmalıyıq. Bəli, biz Rusiyaya qarşı Ukraynada müdaxilə ilə bağlı sanksiyalar tətbiq etmişik. Bəli, biz regionun təhlükəsizliyi üçün əks-təsiri olan işlərə qarşı çıxış etməyə davam edirik. Lakin bizim ümidimiz budur ki, Rusiyanın beynəlxalq öhdəliklərə hörmət etməsi üçün əməkdaşlıq edəcəyinə nail olacağıq."

ABŞ senatoru Ben Kardin
ABŞ senatoru Ben Kardin

Bu ilin əvvəli NATO Monteneqronu 29 üzvü olan alyansa rəsmən üzv olmağa dəvət edib. Senator Kardin ölkənin müraciətinə ABŞ Konqresində hər iki partiyadan dəstək veriləcəyini gözlədiyini deyib.

Monteneqronun müdafiə naziri Militsa Peyanoviç-Curisiç Varşavada Amerikanın Səsinə bildirib ki, ölkənin NATO-ya üzv olması sabitlik və təhlükəsizliyə xidmət edəcək.

Brexitdən sonra NATO

NATO-nun Varşavada sammiti Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar keçirilmiş referendumdan bir neçə həftə sonraya təsadüf edir. Bu addım Avropa İttifaqı və NATO-da birliklə bağlı narahatlıqlara yol açıb. Lakin senator Ben Kardin Birləşmiş Ştatların Avropa İttifaqı və NATO ilə tərəfdaşlıq münasibətlərinin güclü olaraq qaldığını və Britaniyanın qurumu tərk etməsinin Avropa İttifaqını sarsıtmayacağını deyib.

"Brexit reallıqdır və biz bu reallığı qəbul etməliyik. Məqsədlər həmişə eynidir. Avropada bizim Rusiya tərəfdən qarşılaşdığımız risklər var, cənubda isə terrorizmin yaratdığı sınaqlar mövcuddur. Biz bu təhlükələri ünvanlamaq üçün ağıllı hərəkət etməliyik. Bunu NATO vasitəsilə edəcəyik və mən əminəm ki, biz güclü və vahid bir ittifaqın şahidi olacağıq."

XS
SM
MD
LG