Accessibility links

Nazim Bəydəmirli: Dərin islahatlar sentyabrda olacaq... 70-80 yaşlı kadrlarla islahat mümkün deyil [Audio-Müsahibə]


Nazim Məmmədov
Nazim Məmmədov

Azərbaycan İqtisadçılar Klubunun prezidentinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan İqtisadçılar Klubunun prezidenti Nazim Bəydəmirli Amerikanın Səsinə müsahibəsində ölkədə iqtisadi-maliyyə böhranı, kadr siyasəti və dərin iqtisadi islahatların perspektivlərindən danışıb.

Azərbaycan İqtisadçılar Klubunun prezidenti Nazlm Bəydəmirlinin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:07:24 0:00

Amerikanın Səsi: Artıq bir ildən çoxdur ki, iqtisadi böhran açıq şəkildə özünü biruzə verməkdədir. Hökumətin böhranın təsirlərini azaltmaq istiqamətində atdığı addımlar hansı müsbət nəticələr verib?

Nazim Bəydəmirli: Ölkə başçısının ötən ilin sentyabrından başladığı islahatlar çərçivəsində atılan addımlar təbii ki, bir çox sahələrdə bəhrəsini verir. İlk növbədə, büdcə vəsaitlərinin səmərəli xərclənməsi, lazımsız layihələrə vəsaitin ayrılmaması, belə demək mümkündürsə, izafi xərclərin ixtisarı ilə bağlı atılan addımları müsbət qiymətləndirirəm. Hökumət ehtiyatlı addımlar atır. Eyni zamanda qeyd edim ki, Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi, bu da büdcə xərclərinin ixtisarına təkan verən amillərdən biridir. Düzdür, bu sahədə islahatlar hələ davam etdirilməlidir. Mənə elə gəlir ki, daha çox Nazirlər Kabinetinin həm strukturunun azaldılması, həm funksiyalarının optimallaşdırılmasına çox ciddi ehtiyaclar var. Bu baxımdan iqtisadi böhranlar zamanı mənim tövsiyyə elədiyim ilk növbədə dövlət xərclərinin azaldılması, hökumətin dinamikliyinin artırılmasıdır ki, bu da bir-birini təkrar edən qurumların ixtisar olunmasıdır. Hələ ki, bunların yüksək səviyyədə həyata keçirilməsinin gedişatının şahidi olmuruq. Ancaq, bu işartıların özü də müsbətdir. Ölkə başçısı səviyyəsində buna reaksiya verilməsi müsbət amildir.

Amerikanın Səsi: Prezident İlham Əliyev 2016-cı ilin tarixdə dərin islahatlar ili kimi yadda qalacağını bildirib. Bundan öncə də hökumət yeni islahatlar paketinin hazırlandığının anaonsunu verirdi. Bu islahatlar paketi nə vaxt elan edilə bilər və hansı istiqamətlərdə islahatları ehtiva edə bilər?

Nazim Bəydəmirli: Yəqin, ölkə başçısı bu ilin ikinci yarısında ola biləcək islahatların anaonsunu verib. Çünki, indiyədək baş vermiş islahatları dərin islahatlar adlandırmaq bir az doğru deyil. Güman edirəm ki, tam inhisarlaşmanın tam ləğvi, struktur islahatlarının aparılması, sahibkarlığa əsl rəqabət mühitinin yaradılması, eyni zamanda Nazirlər Kabinetinin tərkibinə daxil olan müxtəlif strukurların ləğvi, bir-birinə birləşdirilməsi, bunları, biz bu ilin sentyabrından müşahidə edəcəyik. Ola bilər ki, ölkə başçısı ilin ikinci yarısında aparılacaq islahatların anonsunu verib. Buna çox böyük ümid bəsləyirik. Yəni, sahibkarlığın ucuz maliyyə resurslarına çıxışını təmin etməməklə, bu günədək idxal monopoliyasını ləğv etməməklə, bunu islahat adlandırmaq mümkün deyil. Sahibkarların, Azərbaycan cəmiyyətinin şikayət etdiyi yenə də, istehlak mallarının bahalığıdır, yenə də əmək haqlarının az olmasıdır, yenə də səhiyyənin, təhsilin problemləridir ki, hansı ki, bunlar maliyyələşmə mexanizmindən qaynaqlanır. Çünki, hələ də keçmiş Sovet İttifaqından qalmış maliyyə mexanizmləri işləyir. Bu, bazar iqtisadiyyatına uyğun deyil. Təhsil almış gənclərin iş tapmaması, əgər bu gənclər məzun olursa, onlar bazarda özlərinə iş tapmırlarsa, niyə dövlət bu universitetlərə vəsait ayırmalıdır? Çox faktorlar var, səhiyyəni misal gətirək. Son hadisələr onu göstərir ki, quruculuq işlərinə nə qədər vəsait yatırılmış olsa da, təmir işlərinə əsaslı vəsait qoyuluşu nə qədər baş vermiş olsa da, insan amili olmadığına görə, təbii ki, bu proseslər əhali arasında geniş rezonans yaratmır. Yəni, islahatlar o sürətlə getmir. Ayrılan vəsaitlərə, ayrılan dövlət xərclərinə uyğun olaraq nə infrastruktur düzəlib, nə də ki, vətəndaşlarımız bunu öz həyatlarını dəyişəcək şəkildə hiss etmirlər. Buna görə, ümid edirəm ki, elan edilmiş islahatlar hələ ki, qabaqdadır. Bu il ərzində bunlar tamamlanmalıdır.

Amerikanın Səsi: Ekspertlər ölkə iqtisadiyyatında durumun daha da gərginləşməkdə olduğunu bildirir. Əhali banklardan əmanətlərini sürətlə geri çəkir, problemli kreditlər sürətlə artır, iqtisadi layihələrin kreditləşməsində problemlər var. Sizcə, köklü dəyişikliklərə rəvac verən ilkin addımlar nə olmalıdır?

Nazim Bəydəmirli: Mənə elə gəlir ki, bank sektoruna əhalinin inamını bərpa etmək lazımdır. İki devalvasiyanın əsl səbəbləri bir kənarda qalsın, devalvasiyadan öncə hökumət üzvlərinin, Mərkəzi Bank rəsmilərinin verdiyi bəyanatdan dərhal sonra devalvasiyanın baş verməsi insanların banklara etibarını azaldıb. Yəni, əsas budur, bunu bərpa etmək üçün banklarda olan əmanətlərin sığortalanması tam həyata keçirilməlidir. Bəzi banklar, hətta ləğv edilmiş banklar sonradan sığorta fondu ilə qaytardığı vəsait əmanətlərin strukturunda 30-35 faizi belə keçmir. Hələ, qaytarılan əmanətlərdən söhbət gedir. O baxımdan, insanlar baxır ki, hökumət bir tərəfdən bəyan edir ki, əmanətlərin 90-95 faiz sığortalanıb, amma praktik olaraq ləğv olunmuş və yaxud lisenziyası geri alınmış bankların qaytardığı əmanətlər 30 faizi keçmir. Bu o deməkdir ki, insanlar artıq bu rəsmilərə etibar etmir. Bu baxımdam hesab edirəm ki, ilk növbədə kadr islahatları aparılmalıdır və islahatlar insanların etibar etdiyi kadrlarla aparılmalıdır. Yoxsa, sosial şəbəkələrdə ən çox müzakirə olunduğu kimi, 70-80 yaşında olan insanlarla hansı islahatı aparmaq mümkündür. Yəni, Nazirlər Kabinetinə baxdıqda görürük ki, (Qərb ölkələrinin Nazirlər Kabineti təqribən 20 nəfərdən ibarətdir, onun da biri baş nazir, ikisi baş nazirin müavini, həm də müvafiq nazirliklərin rəhbərləri olur) 40-dan çox struktur var. Bu böyük mexanizmi işlək vəziyyətə gətirmək üçün təbii ki, onun funksiyalarını müəyyənləşdirmək və bir-birini təkrar edən qurumları ləğv etmək lazımdır.

Kredit məsələsi ilə bağlı sualınıza gəlincə, heç kəsə sirr deyil ki, hətta banklar statistik məlumatları verəndə qaytarılmayan kreditlərin faizini aşağı göstərirlər. Yəni, yenidən kreditləşmə baş verir, ancaq problem olduğu kimi qalır. Problemin kökündə dayanan əsas səbəb Azərbaycanda pulun baha olmasıdır. Bunun da kökündə duran səbəb Azərbaycan öz vəsaitlərini xaricdə saxlayır, xaricdə bir faizdən də aşağı idarəetməyə verir. Ancaq, Azərbaycan bankları xaricdən 8-9 faizlə vəsait cəlb edir və bunun üzərinə də marjalarını gələndə 15-16 faizə çıxır. Bir şeyi başa düşmək lazımdır ki, 18-20 faizə biznes krediti ola bilməz. Bu iqtisadiyyat inkişaf edə bilməz. Mən təklif edirəm ki, 2009-cu ildə cənab prezidentin dediyi kimi, xaricdə saxlanılan vəsaitlərin bir hissəsi Azərbaycan iqtisadiyyatına gətirilsin və ucuz faizlə uzun müddətli resurslar şəklində kommersiya banklarına verilsin. Onlar da həmin vəsaiti həm istehlak, həm də biznes kreditlərinə yönəltsin. Bu da təbii ki, Mərkəzi Bankın və hökumətin nəzarəti altında baş verməlidir. Bu baş verməsə, biz pulu ucuzlaşdırmasaq heç bir iqtisadi inkişafa nail ola bilməyəcəyik. Bir də inam və etibarın qaytarılması lazımdır. Əmanətçilər banklara vəsait qoyub və vəsaitlərini geri ala bilmir. Üstəgəl devalvasiya baş verib və əmanətçilərə kompensasiya verilmir. Yəni bütün ölkələrdə bu baş verib, ancaq Azərbaycanda baş verməyib. Bu baxımdan bank sektoruna inam çox aşağıdır, ona görə də əmanətlər geri çəkilir. Bu da iqtisadiyyata mənfi təsirini göstərir.

XS
SM
MD
LG