Accessibility links

Prezident Əliyev: Gələn ildən başlayaraq neft sənayesində sabitləşmə olacaq


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

“2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçiriləcəyi ilə əlaqədar Bakıda bir sıra iri idman obyektləri tikilir”

Dekabrın 18-də Milli Olimpiya Komitəsində (MOK) president İlham Əliyevin iştirakı ilə 2012-ci ilə yekun vurulub, idmançılara və məşqçilərə mükafatlar təqdim olunub.
Toplaşanlar qarşısında çıxış edən prezident iqtisadi problemlərdən danışıb. O deyib ki, il bütün sahələr üzrə uğurlu olub.

Dövlət başçısı qeyri-neft sektorunda vəziyyətdən razıdır. Onun proqnozlarına görə, bu sahə gələn il 10% artacaq. Eyni zamanda o etiraf edib ki, neft sektorunda müəyyən tənəzzül olub, lakin “çox şaddır ki, artıq neft sahəsində də sabitləşmə dövrü başlayıb”.

“Bir müddət bundan əvvəl mən bu məsələ ilə bağlı Nazirlər Kabinetinin toplantısında fikirlərimi açıq şəkildə bildirdim ki, ictimaiyyət də bilsin. Bütövlükdə, bu məsələdə dönüş yaranmalı idi. Mən çox şadam ki, bizim əsas tərəfdaşımız olan BP şirkəti bu fikirlərə, bu iradlara çox böyük məsuliyyətlə yanaşıb. Bu gün səhər bp şirkətinin prezidenti mənimlə görüşdə şirkətin gələcək illər üçün planlarını açıqladı. Mən çox şadam ki, bu planların arasında neft hasilatının sabitləşdirilməsi məsələləri ön planda dayanır. Bu, onu göstərir ki, bizim aramızda olan əməkdaşlıq, doğrudan da, güclü əsaslar üzərində qurulub. Gələn ildən başlayaraq iqtisadiyyatımızın əsas sahəsi olan neft sənayesində sabitləşmə olacaq. Bundan sonra dayanıqlı neft hasilatı uzun illər təmin ediləcək”, Əliyev bildirib.

“Mənim iradlarımdan sonra Azərbaycanı istəməyən xarici qüvvələr, erməni lobbisi və əfsuslar olsun ki, onlarla bir düşərgədə olan daxili müxalifət bu məsələni böyük dərəcədə qabarıq şəkildə büruzə verməyə çalışmışdı. Sanki Azərbaycanda neft sənayesində hər hansı bir ciddi problem var. Sanki Azərbaycan ilə, SOCAR ilə onun tərəfdaşları arasında hansısa problemlər var”, prezident vurğulayıb.

“Sadəcə olaraq, demək istəyirəm ki, bizi istəməyən qüvvələr, daxili qüvvələr, satqınlar, həmin o adamlar ki, idmançılarımızın London Yay Olimpiya Oyunlarında ilk günlərdə qızıl medal əldə edə bilməməsindən sevinən və ondan sonra oyunların yekunlarına görə ermənilərlə bərabər məyus olan daxili müxalifət sevinməsin. Erməni lobbisi, bizi istəməyən, Azərbaycanın uğurlu inkişafını istəməyən xarici qüvvələr sevinməsin”, o bildirib.

Xatırladaq ki, rəsmi şəxslər və hökumətyönümlü media prezident Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışından sonra bp-ni beynəlxalq mediada Azərbaycana qarşı tənqidi məqalələr sifariş etməkdə, müxalifəti maliyyələşdirmək cəhdlərində ittiham edib. Bu fonda bp-nin ölkədən çıxarılmasına və ya “Azəri-Çıraq-Günəşli” layihəsində operatorluğun ondan alınmasına çağırışlar səslənib.

Dövlət başçısı Azərbaycanda idmanın inkişafından məmnundur.

O bildirib ki, 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçiriləcəyi ilə əlaqədar Bakıda bir sıra iri idman obyektləri tikilir.

“Ən mühüm obyekt böyük Olimpiya stadionunun inşasıdır ki, bu da regionda nəhəng idman obyekti olacaq”, Əliyev deyib.

“Bu oyunların bizə həvalə edilməsi, bu məsuliyyətin bizə tapşırılması əlbəttə ki, böyük tarixi əhəmiyyətə malik olan bir hadisədir. Mən bu münasibətlə Azərbaycan xalqını dərhal təbrik etmişdim”, o qeyd edib.

“Bir daha demək istəyirəm ki, bu qərarın qəbul edilməsində bir neçə mühüm amil öz rolunu oynayıb, ilk növbədə, ölkəmizin inkişafı. İyirmi bir ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq. Tarix baxımından bu qısa müddət ərzində özümüzü dünya xəritəsində inkişafda olan, dinamik, müasir ölkə kimi təsdiq edə bilmişik. Bizim beynəlxalq nüfuzumuz həddindən artıq yüksək səviyyədədir. Bu nüfuzun təzahürüdür ki, biz BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilmişik, yəni, dünyada bundan yuxarı beynəlxalq qurum yoxdur. Bizim bütün ölkələrlə ikitərəfli əlaqələrimiz də çox müsbətdir. Eyni zamanda, əgər təkcə beynəlxalq nüfuzumuz olsaydı, iqtisadi imkanımız olmasaydı çətin ki, bu məsuliyyətli iş bizə tapşırılardı. Əlbəttə, ölkəmizin iqtisadi inkişafı böhranlı illərdə də davam edib. İndi Avropanın bir neçə ölkəsində ciddi böhran davam edir”, - dövlət başçısı bildirib.

“Artıq bir neçə ildir ki, bu proseslər gedir və bu böhranlı illərdə Azərbaycan ildən-ilə iqtisadi nailiyyətlərlə bütün Avropanı təəccübləndirir. Nəinki bizim statistik rəqəmlərə görə bu, belədir, eyni zamanda, dünyanın aparıcı reytinq agentlikləri aparıcı Avropa ölkələrinin bir neçəsinin reytinqini aşağı salarkən Azərbaycanın kredit reytinqlərini qaldırırlar”, - o qeyd edib.

Dövlət başçısı vəd edib ki, oyunlar yüksək səviyyədə keçiriləcək, baxmayaraq iki il vaxt qalıb.

“Dünyada ikinci belə ölkə yoxdur ki, bu templərlə inkişaf etsin. İki il əlbəttə ki, çox az bir vaxtdır. Amma mən əminəm ki, bütün lazımi tədbirlər, texniki, təşkilati məsələlər öz həllini tapacaq və birinci Avropa Olimpiya Oyunları tarixə düşəcək. Təkcə ona görə yox ki, bu, birinci oyunlardır, ona görə ki, bu, ən yaxşı oyunlar olacaq”, - dövlət başçısı vurğulayıb.
XS
SM
MD
LG