Accessibility links

Prezident Novruz bayramı münasibəti ilə xalqı təbrik edib


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir ki, odlar diyarını sivilizasiyaların qovuşuğundakı qədim mərkəz olaraq tanıdıb şöhrətləndirmiş mədəni sərvətlər xəzinəsində Novruz mərasimləri müstəsna mövqeyə malikdir.

“Ali ümumbəşəri dəyərlərin daşıyıcısı Bahar bayramının dünya irsinin şah əsərləri sırasında olması hər bir azərbaycanlıya qürur verir.

Yaz bayramı özündə qoruyub saxladığı misilsiz mənəvi qüvvət sayəsində tariximizin ən çətin və mürəkkəb dövrlərində belə gələcəyə nikbin baxmağımızı təmin etmişdir. Ötən əsrin sonlarına doğru müstəqil dövlətçilik idealımıza yenidən qovuşduqdan sonra o, rəsmi milli bayram statusunu qazanmışdır. Builki Novruz bayramını Birinci Avropa Oyunları ərəfəsində qeyd edirik. Yeniləşən, müasirləşən Azərbaycan müxtəlif ölkələrdən çoxsaylı iştirakçıları Novruz günlərində xüsusən aydın ifadəsini tapan ənənələrimizə uyğun böyük qonaqpərvərliklə qəbul etməyə hazırlaşır. Ümidvaram ki, xalqımıza xas ürək açıqlığı bu Oyunları mühüm idman və mədəniyyət bayramına çevirəcək, onun insanların yaddaşlarında unudulmaz hadisə kimi həkk olunmasına xidmət göstərəcəkdir”, dövlət başçısı qeyd edir.

Prezident bildirir ki, Novruz bayramını Azərbaycanın hüdudlarından uzaqlarda da bütün soydaşlar azərbaycançılıq məfkurəsi işığında ölkə ilə birgə qarşılayır.

“Bu ümumxalq bayramı qoy hər ocağa, hər ailəyə bol sevinc, firavanlıq və ruzi-bərəkət bəxş eləsin”, Əliyev qeyd edir.

XS
SM
MD
LG