Accessibility links

Azərbaycan Pentaqonla əlaqələri bərpa edir


Nəcməddin Sadıqov
Nəcməddin Sadıqov

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov ABŞ-nın Azərbaycandakı hərbi attaşesini Müdafiə Nazirliyinə (MN) dəvət edərək onunla fikir mübadiləsi aparıb və hərbi əməkdaşlıq sahəsində yaranmış soyuqluqdan təəssüf hissini ifadə edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, N.Sadıkov qeyd edib ki, ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı yürütdüyü ikili standartlar siyasətinə baxmayaraq, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi çıxış etməkdə davam edir və Əfqanıstanda həvalə olunmuş missiyanı uğurla yerinə yetirir.

Danışıqların sonunda N.Sadıkov Azərbaycan Müdafiə Nazirliyinin Pentaqon və NATO ilə hərbi əməkdaşlığı davam etdirməyə, hərbi qurumlar arasında etibarın tam bərpa olunmasına hazır olduğunu bəyan edib.

"Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bundan sonra Dövlət Departamentinin rəsmi şəxsləri tərəfindən hərbi əməkdaşlıq planlarının yerinə yetirilməsinə mane olması cəhdlərinin təkrarlanmayacağına, hərbçilərin isə razılaşdırılmış və təsdiq olunmuş planların siyasətçilər tərəfindən pozulmasına uymayacaqlarına və ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılacağına ümüdini ifadə edib", məlumatda deyilir.

Müdafiə Nazirliyinin məlumatında o da bildirilir ki, bir ilə yaxındır, Azərbaycanın ABŞ ilə əlaqələrində soyuqluq müşahidə olunur.

"ABŞ Dövlət Departamentinin ölkəmizə qarşı münasibətdə qeyri-konstruktiv siyasətinə baxmayaraq Azərbaycan bütün dünyaya özünün nailiyyət və müvəffəqiyyətlərini nümayiş etdirir. Dövlət Departamenti tərəfindən provokasiya xarakterli yazılar və fəaliyyətlər Azərbaycana 1-ci Avropa Oyunlarını yüksək səviyyədə keçirməsinə, sabit iqtisadi inkişafa nail olunmasına, bütün dünyadan olan jurnalistlərə və qonaqlara ölkəmizdəki demokratiya və azadlığı öz gözləri ilə görmələrinə imkan verilməsinə mane ola bilmədi. Bütün bunlar bizim Silahlı Qüvvələrin döyüş qabiliyyətinin real yüksəldilməsi fonunda baş verir", məlumatda qeyd edilir.

XS
SM
MD
LG