Accessibility links

Yanvarın 5-də müxalif İctimai Palatanın sessiyası 2013-cü ilin prezident seçkisi ilə bağlı qərar verib. Qərar seçkidə İctimai Palatanın namizədlə iştirakı perspektivini əsas götürərək seçki platformasının hazırlanmasını, seçki qərargahının yaradılmasını nəzərdə tutur.

Bildirilir ki, İctimai Palata üzvlərinin seçkidə namizəd olaraq iştirak etmək qərarını elan etməsi, eləcə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, demokratik seçki mühitinin formalaşdırılması və bu məqsədə nail olmaq üçün ölkənin demokratik qüvvələrinin ən geniş çevrəsinin birliyinə nail olmaq istiqamətində səyləri qurumun rəsmi sənədlərində ifadə olunan siyasi kursuna zidd deyil.


“Azadliq.info”nun məlumatına görə, sessiyada İctimai Palatanın 2013-cü ildəki fəaliyyətinin əsas istiqamətləri belə müəyyən olunub:


- Seçkiqabağı şərait və seçki prosesinin demokratikləşməsi, bir və ya bir neçə namizədlə seçkidə fəal iştirak, seçkiqabağı tədbirlər planı və seçki platformasının hazırlanması, seçkinin monitorinqi və seçkiyə nəzarətin təmin edilməsi, demokratik qüvvələrin konsolidasiyası;


- Cəmiyyət həyatının bütün sahələrində kompleks islahatlar aparılması təşəbbüslərinin irəli sürülməsi və bu məqsədə çatmaq üçün iqtidarla dialoq üçün addımların atılması, vətəndaşların və ictimai-siyasi təşkilatların konstitusion hüquq və azadlıqlarının fəal şəkildə müdafiə olunması, öz qanuni tələblərinin təmin olunması uğrunda yığıncaq, mitinq, piket, nümayiş və sairə formada kütəvi aksiyaların keçirilməsi;


- İctimai Palatada vətəndaş cəmiyyətinin təmsilçiliyinin gücləndirilməsi, təşkilatın gücünün və nüfuzunun artırılması məqsədilə müvafiq funksional struktur islahatlarının aparılması, İctimai Palatanın bütün demokratik qüvvələrin əməkdaşlığı və koalisiya
mərkəzinə çevrilməsi.


“Musavat.com” xəbər verir ki, Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən sessiyada çıxış edən AXCP sədri Əli Kərimli deyib ki, 2013-cü il mühüm ildir və müxalif qüvvələr köklü dəyişiklik amalı üçün çiyin-çiyinə olmalıdır:

“İlham Əliyevə üçüncü dəfə prezident seçilmək imkanı verməməliyik. Daha bir beş ili bu iqtidara tanımamalıyıq. Biz böyük liderimiz Elçibəydən nümunə götürərək daha böyük koalisiyalar qurmalıyıq. Xalqı bir araya toplayıb bu hakimiyyəti iş başından ayırmalıyıq. İctimai Palata ölkədəki ən böyük gücdür. Lakin daha böyük konsolidasiyalara, xalq hərəkatına ehtiyac var”.

Müsavat başqanı İsa Qəmbər çıxışında qeyd edib ki, seçkidə iştirak zəruridir: “Biz əl-qolumuzu bağlayan heç bir qərar qəbul etməmişik.

“Prezident yalnız mən olmalıyam” sözünü kimsə deyə bilməz. Biz prosesin sonunda görsək ki, kim güclüdür, kim irəlidədir, kim daha çox şanslıdır, onu müdafiə edəcəyik. Prosesin gedişində və sonunda baxıb dəyərləndirəcəyik. Seçkidə iştirak qərarı bizim xalqa çağırışımızdır. Hakimiyyətə, dünyaya mesajımızdır ki, Azərbaycanda təkcə bu hakimiyyət mövcud deyil, başqa iddia edən qüvvələr də var. Prosesin gedişində qarşılıqlı güzəştlər, variant dəyişiklikləri mümkündür. Bəlkə biz üçüncü bir namizədi müdafiə edəcəyik, lakin bu gün cəmiyyətə, hər kəsə çağırışımızı etməliyik”.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

Show comments

XS
SM
MD
LG