Accessibility links

Qənimət Zahid: Heç bir təzyiq, heç bir terror azadlıq arzularının qarşısına sipər çəkə bilməz! [Yenilənib]


Qənimət Zahid (Foto Qənimət Zahidin Facebook səhifəsindən götürülüb)
Qənimət Zahid (Foto Qənimət Zahidin Facebook səhifəsindən götürülüb)

"Sərhədsiz Reportyorlar" beynəlxalq hüquq müdafiə təşkilatı Qənimət Zahidin qohumlarına qarşı təzyiqləri pisləyən bəyanat yayıb.

Bəyanatda deyilir:

"Azərbaycan hakimiyyəti müstəqil jurnalistləri təqib etmək vərdişindən əl çəkmək niyyətində görünmür. Onlar Qənimət Zahidin ölkədən didərgin düşməsindən məmnunluq keçirməkdən əlavə, indi də onun Azərbaycanda yaşayan yaxın qohumalrına qarşı təqiblərə başlayıb. Söhbət Zahidovlar familiyasından gedir.

Jurnalistin anasının yaşadığı Şamaxı rayonunun Meysəri kəndindəki evi müşahidə altına salınıb, polis onun başqa qohumlarına qarşı geniş təqib kampaniyasına başlayıb. Qənimət Zahidin qardaşı oğlu Tural Zahidov iyulun 18-də polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə Polis Şöbəsinə aparılıb və dərhal 30 sutka həbs verilib. Onun əmisi oğlu Rövşən Zahidovu da iki gün sonra həbs ediliblər. Röbvşənə 25 sutka inzibati həbs cəzası verilib.

Qənimət Zahidin digər qardaşı oğlu Rüfət isə Azərbaycan Cinayət Məcəlləsinin 234.1.1 maddəsi ilə ittiham edilərək 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə təhlükəsi altında həbsə alınıb. Qənimət Zahidin, ən azı, başqa bir qardaşı oğlu da axtarışda hesab edilir.

Onun həbs edilən və edilməyən qohumlarının heş biri nə jurnalistika, nə də siyasi fəaliyyətlə məşğuldur.

"Sərhədsiz Reportyorlar"ın Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Yohann Bihr deyib:

"Biz Azərbycan hakimiyyətinin Qənimət Zahidin qohumlarını təqib etməsi xəbərini şok effekti ilə qəbul etdik. Bu zamana qədər Azərbaycanda baş vermiş həbs presedentlərini də nəzərə alsaq, qətiyyətlə demək olar ki, bu həbslər Qənimət Zahidin jurnalist fəaliyyətini dayandırması üçün hədə-qorxudur. Biz hakimiyyəti bu saxta ittihamlara dərhal son verməyə və kollektiv cəzalandırma təcrübəsindən imtina etməyə çağırırıq".

2009 - cü ildə "Sərhədszi Reportyorlar"ın xüsusi mükafatına layiq görülən Qənimət Zahidin özü də 2007-ci ildə həbs edilmişdi və 2010-cu ilin mart ayında azadlığa çıxmışdı. Ailəsinə qarşı ciddi təhlükə üzündən o, 2011-ci ildə Azərbaycanı tərk etməyə məcbur olmuşdu və hal-hazırda ailə üzvləri ilə birlikdə Fransada məskunlaşıb. 2012- ci ildə Qənimət Zahid Azərbaycanın televiziya məkanında senzuranı sındıran bir layihənin əsasını qoyaraq peyklə yayılan "Azərbaycan saatı" televiziya proqramının yayımına başlayıb. Bu proqramın yayımına qarşı Azərbaycan hakimiyyəti dəfələlə müxtəlif manelər yaratsa da, proqram üçün hər dəfə yeni imkanlar tapılmış və yayım davam etdirilir. Qənimət Zahid proqramın dövriliyini və həcmini artırmaq niyyətindədir.

O, Sərhədsiz Reportyorlara bildirib ki, təzyiqlərə baxmayaraq jurnalist fəaliyyətini dayandırmaq fikrində deyil. Azərbaycanda 2014-cü ilin ortalarından başlayaraq hüquq müdafiəçilərinə, jurnalistlərə, bloqerlərə qarşı misli görünməmiş təqiblər və təzyiqlər davam etməkdədir, onlar ya susmağa, ya ölkəni tərk etməyə, ya da həbsxanada oturmağa məcbur edilirlər.

Azərbaycan media azadlıqlarının səviyyəsinə görə, dünyada 180 ölkə arasında 162- ci yeri tutur", sənəddə qeyd edilir.

***

Fransada mühacirətdə olan “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” televiziya proqramının rəhbəri Qənimət Zahid qardaşı oğlanlarının və əmisi oğlunun həbsi ilə bağlı bəyanatla çıxış edib.

Bu il iyulun 18-dən 21-dək Qənimət Zahidin iki qardaşı oğlu və bir əmisi oğlu həbs edilib. Digər qardaşı oğlunun isə axtarıldığı bildirilir. Həbslər “Azərbaycan saatı” televiziya proqramında ölkə rəhbərlərinin sərt tənqidindən sonraya təsadüf edir.

Qənimət Zahidin Facebook səhifəsində yaydığı bəyanatında deyilir:

“Hər kəs bilir ki, bu günlərdə mənim Azərbaycanda yaşayan qohumlarıma qarşı kütləvi repressiyalar başlanmışdır və onlar həbs edilməkdədir. Bu prosesin nə qədər çəkəcəyini, daha kimlərin təqib ediləcəyini və şərlənərək həbsxanalara atılacağını proqnozlaşdıra bilmərəm. Bunu proqnozlaşdırmaq üçün mən də traybalist təfəkkürlə düşünən birisi olmalı idim ki, bu cür ola bilmədim.

Əlbəttə, dəfələrlə vurğuladığım kimi, yenə də təkrarən bildirirəm ki, qohumlarımın mənim fəaliyyətimlə heç bir əlaqəsi yoxdur. Bunu onları təqib edənlər də yaxşı bilirlər. Sadəcə olaraq, belə hesab edirlər ki, əgər mənim qohumlarımı həbs etməklə, onlara əziyyət verməklə onların mənə qarşı təzyiqlərini artırmaq olar və mən indiki fəaliyyətimdən əl çəkərəm.

Qətiyyətlə bəyan edirəm: indi Azərbaycanda həbsdə saxlanılan 100 nəfərdən artıq siyasi dustağın taleyi mənim qohumlarımın taleyindən əhəmiyyətsiz deyil; hakimiyyətin qohumlarıma qarşı tətbiq etdiyi bu repressiv kampaniyanı dövlət terroru kimi dəyərləndirirəm; bu kampaniyanın gedişində mən qohumlarımın nəinki həbsini, hətta onların fiziki olaraq məhv edilə biləcəyini də nəzərə alıram və bu təzyiqlərə görə mən indi içində olduğum fəaliyyəti dayandırmaq niyyətində deyiləm və dayandırmayacağam.

Əksinə, hakimiyyətin həftədə cəmi iki saatlıq televiziya proqramına bu cür ağrılı reaksiyasını, terror kimi dəyərləndirilə biləcək davranışlarını nəzərə alaraq bu proqramın dövriliyini artırmaqla bağlı imkanları araşdırmaqdayam. Düşünürəm ki, Azərbaycan Saatı həftədə cəmi iki dəfə olmalı deyil və Azərbaycan xalqının informasiya ehtiyaclarını nəzərə alaraq bu proqramların sayını artırmaq olduqca mühümdür, zəruridir.

İnanıram ki, mühacirətdə olan jurnalistlər, ölkədə söz azadlığının bərqərar olmasında israrlı olan soydaşlarım məni eşidəcək və mənə dəstək verəcəklər.

Heç bir təzyiq, heç bir terror milyonlarla insanın azadlıq arzularının qarşısına sipər çəkə bilməz!

Təqiblərə məruz qalan qohumlardan üzr istəyirəm və onlara bildirmək istəyirəm ki, məni ittiham edə bilərlər. Eyni zamanda bu terroru ittiham edən insanların yanında yer ala bilərlər və mən bu seçimə qarışmayacağam”, sənəddə qeyd edilir.

Öz növbəsində, rəsmi Bakı hələ baş redaktorun bəyanatına şərh verməyib.

XS
SM
MD
LG