Accessibility links

Qiyas İbrahimovun məhkəməsində şahid ifadələri dinlənilir


Qiyas İbrahim
Qiyas İbrahim

Oktyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində "NİDA" Vətəndaş Hərəkatının həbsdə olan üzvü Qiyas İbrahimovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Şahidlərdən Nəsimi rayon Polis Idarəsinin 22-ci Polis Bölməsinin əməkdaşı Seyran Lütfəliyev ifadə verib: “10 may 2016-cı ildə bizə şikayət daxil oldu. Xarici görkəmindən oxşadıb, özümüzü ona təqdim etdik. Heç bir zorakılıq əlaməti olmayıb. Qiyasın özü bizə bildirdi ki, narkotik satıram. Hətta özü cibindəki narkotiki çıxarıb bizə verdi”, o qeyd edib.

Bu zaman vəkil Elçin Sadıqov Q.İbrahimovdan S.Lütfəliyevi tanıyıb-tanımadığını soruşub və Q.İbrahimov bildirib: “Evə axtarış aparmağa gedəndə, daha doğrusu narkotik qoymağa gedəndə bu şəxs mənim sol qolumdan tutmuşdu. Anama yaxınlaşıb onu sakitkləşdirmək istəyəndə mənə dedi ki, sakit ol iş çıxartma. Elə etmə ki, evdən narkotiklə birgə silah da çıxardaq”.

Daha sonra, Bakı Baş Polis İdarəsinin əməkdaşı İmran Əliyev də S.Lütfəliyevin dediklərini təsdiqləyib.

E.Sadıqov şahiddən Qiyas İbrahimovu necə tanıyıb, yaxınlaşdığını soruşub. Şahid Əliyev İmran bildirib ki, “bizə dedilər ki, saqqallı oğlandı, zahiri görünüşcə oxşatdım ki, narkotik satıcısı budur. Bizə zahiri əlaməti ilə bağlı məlumat verdilər, şəkil görməmişəm”.

Məhkəmə istintaqında Q.İbrahimovun anası Şura Əmiraslanova da şahid qismində ifadə verib: “Qapı açıldı, 5-6 nəfər içəri girib, soruşdu ki, Qiyasın anasısan. Bəli deyən kimi, 15 nəfər içəri girdi. Elə vəziyyət yaranmışdı ki, özləri çığırırdılar. Axırda bir polis dedi ki, bir az sakit olun evdə xanım var. Qiyas mənə yaxınlaşıb dedi ki, qorxma ana məni siyasətlə suçlayıb, narkotiklə tutmaq istəyirlər. Yatağı yeni yığmışdım. Polis soyuducunu açanda dedim ki, narkotiki yatağa qoyubsan. O döşək yuxarıda idi, amma indi ortadadı”.

Ş.Əmiraslanova oğlunun həbsindən sonra 3 gün xəbər ala bilmədiyini deyib: “Teleqramıma 20 gün sonra cavab gəldi. 25 gün Qiyasla danışa bilmədim. Hətta təcridxanaya gedəndə apardığım yeməkləri vermirdilər”.

Ş.Əmiraslanova hakimdən haqlı qərar verməsini xahiş edib. “Oğluma şər atıblar, oğluma hər gün dərsə getməsi üçün bir manat verirdim. Mənim oğlum 5 il eyni paltarları geyinib universitetə gedib, onun narkotika ilə heç bir əlaqəsi yoxdur. O, Heydər Əliyevin heykəlinə yazdığı siyasi şüarlara görə həbs olunub. Mənim fəryadımı eşidin və haqlı qərar verin. Mənim Qiyasdan başqa heç kimim yoxdur”, ana məhkəmə heyətinə bildirib.

Məhkəmə prosesi oktyabrın 11-də saat 17-də davam etdiriləcək.

XS
SM
MD
LG