Accessibility links

Azərbaycanda keçirilən monitorinq zamanı "quş qripi" aşkar edilməyib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin məlumatına görə oktyabrın 20-dən "quş qripi" xəstəliyinə görə ölkə ərazisində başlanan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 18 çöl quşunun, 5 ev quşunun patoloji materialları, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan götürülən 1741 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Müayinə olunmuş nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi müəyyən edilməyib.

Nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.

Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

Növbəti monitorinqin noyabrın 17-də başlanması nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hazırda quş qripi xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizodik vəziyyət sabitdir.

XS
SM
MD
LG