Accessibility links

Baytarlıq Nəzarəti Xidməti quş qripi ilə bağlı xəbərdarlıq edir


Quş qripi virusu

Quş qripi virusu

Azərbaycanın Baş Dövlət Baytarlıq Müfəttişi Sialə Rüstəmova mayın 7-də “Türkiyədəki vəziyyətlə və respublika ərazisinə xarici ölkələrdən köçəri quşların miqrasiyası ilə əlaqədar olaraq keçə biləcək yüksək patogenli quş qripi xəstəliyinə qarşı qabaqlayıcı profilaktiki baytarlıq-sanitariya tədbirlərinin görülməsi” məqsədi ilə sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) rəsmi məlumatına əsasən, Türkiyədə ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyi (H5N1) qeydə alınıb.

Sənəddə baytarlıq idarələrinin rəislərinin, eləcə də quşçuluqla məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırılır ki, nəzarəti gücləndirsinlər. Baş verə biləcək quş qripi və digər quş xəstəliklərinin yayılma riskinin qarşısını almaq üçün lazımı tədbirlər həyata keçirsinlər.

Sərəncamda quşların tam qapalı şəraitdə saxlanılması, onların köçəri və sinontrop quşlarla (sərçə, göyərçin, qarğa, qağayı və s.) təmasda olmasına yol verilməməsi, həyətyanı təsərrüfatlarda mövcud quşlar arasında monitorinqlərin aparılması, əhali arasında quş qripi xəstəliyinin profilaktikası məqsədi ilə sanitariya-maarifi işinin təşkili, baytarlıq-sanitariya tələblərinə cavab verməyən yerlərdə diri quşların saxlanılması, kəsilməsi və satılmasının qadağan edilməsi və digərməsələlərin həyata keçirilməsi tapşırılır.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə birlikdə respublikanın bir sıra bölgələrində, xüsusən köçəri və vəhşi quşların miqrasiya marşrutları üzrə məskunlaşdıqları su hövzələrində, Milli parklarda, Dövlət qoruqlarında, ovçuluq təsərrüfatlarında və ev quşları arasında vaxtaşırı monitorinqlər aparır.

Dövlət Baytarlıq Nəzarəti Xidməti hazırda Türkiyənin quş qripi yayılmış 12 bölgəsindən diri quş, quş əti və quşçuluq məhsulları gətirilməsinə qadağa qoyub.

XS
SM
MD
LG