Accessibility links

Rafiq Əliyevdən Azərbaycanın inkişafı düsturu: "Demokratiya x Demokratiya + Texnoloji Iqtisadiyyat + Azadlıq x Azadlıq”


Rafiq Əliyevdən Azərbaycanın inkişafı düsturu: "Demokratiya x Demokratiya + Texnoloji Iqtisadiyyat + Azadlıq x Azadlıq”

Rafiq Əliyevdən Azərbaycanın inkişafı düsturu: "Demokratiya x Demokratiya + Texnoloji Iqtisadiyyat + Azadlıq x Azadlıq”

Fevral ayının 9-u Amerikanın səsinin Sərbəst Kürsü blogunda ənənəvi canlı forum keçirilib. Bu dəfəki forumun qonağı fevral ayının 10-u 70 yaşını qeyd edən tanınmış alim, professor Rafiq Əliyev olub. Forum oxucular arasında böyük marağa səbəb olduğundan müzakirənin mətnini tam şəkildə sizə təqdim edirik.

Keçən həftə Ziyalılar Forumu gənclərin problemlərini müzakirə edib. Bir neçə hotel bu görüşün öz zalında keçirilməsinə icazə verməyəndən sonra toplantı yazıçı, kinodramaturq Rüstəm İbrahimbəyovun İçəri şəhərdəki evində keçirilib. Görüşdə gənclərin problemlərinə toxunulub. Toplantıdan dərhal sonra orada iştirak etmiş "İnam" plüralizm mərkəzinin rəhbəri Vahid Qazi naməlum şəxslərin hücumuna məruz qalmışdı. Bu həftənin əvvəli isə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Ziyalılar Forumu barədə açıqlama verərək deyib ki, bu bir qrup adam vaxtilə - Azərbaycanın qlobal problemləri olan dövrdə Azərbaycanı qoyub qaçan, ölkə haqqında bir dənə də olsun dəyərli məqalə verməyən adamlardır.

Rafiq Əliyevdən Azərbaycanın inkişafı düsturu: "Demokratiya x Demokratiya + Texnoloji Iqtisadiyyat + Azadlıq x Azadlıq”

Rafiq Əliyevdən Azərbaycanın inkişafı düsturu: "Demokratiya x Demokratiya + Texnoloji Iqtisadiyyat + Azadlıq x Azadlıq”

SƏRBƏST KÜRSÜ canlı forumunun qonağı tanınmış professor Rafiq Əliyevdir. Ziyalılar Forumunun üzvü suallarınızı cavablandırıb. Xatırladaq ki, fevral ayının 10-u Rafiq Əliyevin 70 yaşı tamam olub. İnformatika və idarəetmə nəzəriyyəsi sahəsində nüfuzlu elmi məktəbin yaradıcısı olan Rafiq Əliyev dünyanın bir çox məşhur universitetinin (Corciya Dövlət Universiteti - ABŞ, Təbriz Universiteti - İran, Zigen Universiteti - Almaniya, Yaxın Doğu Universiteti - Şimali Kipr və s.) professorudur. O, 70-ə yaxın kitabın müəllifidir. Rafiq Əziz oğlu Əliyev 10 fevral 1942-ci ildə Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kəndində anadan olub. O, 1958-1963-cü ildə Bakıda M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunu fərqlənmə diplomu ilə bitirib. Rafiq Əliyevə suallarınızı Amerikanın səsinin Facebook səhifəsi və ya email ünvanı (info@amerikaninsesi.org) vasitəsilə və ya aşağıda ŞƏRHLƏR bölməsinə yaza bilərsiniz.

----------------------------------------------------------------------------

Salam hörmətli oxucular! Bugünkü forumun moderatoru mən Emil Quliyevəm. Qonağımız, 70 yaşını qeyd edən professor Rafiq Əliyevdir.

Emil Quliyev: Axşamınız xeyir, Rafiq müəllim! Sizi Sərbəst Kürsü canlı forumunda salamlayır və Sizi sabahki 70 illik yubileyiniz münasibəti ilə Amerikanın səsinin əməkdaşları adından təbrik edirəm!

Rafiq Əliyev: Sizə təşəkkür edirəm. Sizə uzun ömür arzulayıram. Diqqətiniz və zəhmətiniz qarşısında sizə böyük sayğılarımı bildirirəm.

EQ: Çox sağ olun, Rafiq müəllim. Mən oxucularımızı intizarda qoymadan birbaşa ilk suala keçmək istəyirəm.

İlk sual "Cənublu" adlı istifadəçidən daxil olub. Sual belədir:
70 yasli ustadimizi tebrik edirem. Ziyalilar Forumu Guney Azeerbaycanda olanlarin huquqlarini mudafie edecekmi? Azerbaycan genci deyende niye Guney Azerbaycanda yasayan 10 milyondan cox genclerden soz acmirsiniz. Biz inciyirik. Azerbaycan xalqi butovdur. Muzakirelerinizde xalq deyende cenubu da nezere alin. Size uzun omur arzulayiram. Isiqli ziyalilar xalqimiza cox lazimdir.

Cavab: Təbii ki, “Ziyalılar Forumu” Güney Azərbaycanda olan azad fikirli gənclərin yanındadır. Bir millət kimi Azərbaycanın həm güneyi, həm quzeyi var. Çox şey tarixi şansdan asılıdır. Sizə dərin təşəkkür edirəm.

SUAL (Carnegie Turkiyə):
1.Rafiq müəllim, mən bugün dünyanı belə xarakterizə edərdim: bir tərəfdə “demokratiya” naminə dünyanı işğal etməyi hədəfləyən imperialist qərb, digər tərəfdə despotizm, avtoritarizm, ayrıseçkilik, qanunsuzluq, kobud insan haqları pozuntuları müşayətilə hakimiyyəti zəbt etmiş diktatorlar. Azərbaycan vətəndaşları gəncləri bu dilemmada Azərbaycanın vətənimizin maraqlarına xələl gətirmədən öz mövqeyini optimal necə müəyyənləşdirməlidir?
2.Elmin sirlərini sizdən birbaşa öyrənmək imkanı olmayan, fəqət sizin xəzinənizdən “yararlanmaq” istəyən gənclər üçün nə məsləhət görürsünüz? 3.Böyüklüyünüz (həm elm həm mərifət həm müasirlik baxımından) qarşısında baş əyirəm və Sizinlə fəxr edən minlərlə Azərbaycan gənci adından deyirəm: AD GÜNÜNÜZ MÜBARƏK! VAR OLUN! İmza: Vətən xaini

CAVAB: Şəxsən sizə və məni təbrik edən minlərlə Azərbaycan gənclərinə dərin təşəkkürümü bildirirəm.


Birinci suala cavab: Bu gün dünya ədalətə hamilədir. Özü də yarımçıq doğulacaq ədalətə yox, bütöv ədalətə hamilədir. Mənim düşündüyümə görə, bu yöndə dünyada gedən proseslər, maddiyət üçün deyil mənəviyyat üçündür, ədalət üçündür, azadlıq üçündür. Biz əvvəllərdə də demişik, indi də deyirik ki, Azərbaycan da dəyişən dünyaya adekvat olaraq dəyişməlidir. Bunun üçün bütün sahələrdə Azərbaycanda islahatlar getməlidir. Bu islahatlar ilk növbədə ölkəmizin bütövlüyünü, ərazi bütövlüyünü təmin etmək istiqamətində demokratikləşmə, millətin hər bir fərdinin azad olması istiqamətində getməlidir.(Hər bir xalqın azad olması üçün onun hər bir fərdi azad olmalıdır)

İkinci suala cavab: Şükürlər olsun ki, bu gün ümumi informasiya fəzası var, internet var, üzbəüz (face to face) görüşməyə elə də böyük ehtiyac yoxdu. Mən kitablarımın bəzilərini internetdə yerləşdirmişəm. Elmi müzakirələr aparmaq üçün mənim Facebook səhifəmə üzv olsanız burda elmi müzakirələr təşkil edə, forumlar keçirə bilərik.

SUAL (Azər): 1.Rafiq müəllim, Siyavuş Novruzovun Aslan İsmayılov və digər ziyalılar haqqında dediklərinə necə şərh verərdiniz?
2.Doğrudanmı əsl ziyalı olmaq üçün Qarabağ haqqında məqalə yazmaq lazımdır? Vəya əsl ziyalı kimdir?

CAVAB:

1. Onun, Aslan İsmayılov və digər ziyalılar haqqında dediklərini heç bir məntiqlə, hörmətli Eldar Namazov demişkən nə Aristotel, nə də Zadə məntiqi ilə anlaya bilmirəm. O ki qaldı Aslan İsmayılova, Rüstəm İbrahimbəyova, Əkrəm Əylisliyə, Cəmil Həsənliyə və başqa görkəmli ziyalılarımıza, o və onlar ayrı-ayrı müqayisə olunmaz müstəvilərdə olan şəxsiyyətlərdirlər.

2. Ziyalılıq çox atributlu bir anlayışdır. Ziyalı ilk növbədə milli mənafe, xalq mənafeyini şəxsi və korporativ maraqdan üstün tutmalı, muzdlu ideoloji öhdəlikdən azad olmalı, həmişə həqiqətin yanında olmalı, ictimai fikrə təsiretmə bacarığına sahib olmalı, Mövlanə təbiri ilə desək, qızardılmış ətdə gözü olmamalı (nəfsinin qulu olmamalı), kreativlik, zəmanəsini qabaqlamaq bacarığına və başqa meyarlara cavab verə bilməlidir.

SUAL (Fikrət Məmmədov): Axsaminiz xeyirli olsun Rafiq muellim sizi kecmis telebeniz olaraq butun telebe yoldaslarimin adindan ad gununz munasibetile tebrik edirem. Size sualim budur ki umumiyyetle bizim indiki genclerin elm dalinca yox sadece dolanisiq ve karyera ucun islemek isteyine nece baxirsiz bu normal haldirmi yoxsa bunun menfi cehetleri cox pis olacaqmi xais edirem bu haqda oz fikirlerinizi deyerdiniz.

CAVAB: Hörmətli Fikrət bəy,
Sizə və bütün tələbə dostlarınıza minnətdarlığımı bildirirəm. Əfsuslar olsun ki, son 20 ildə Azərbaycanda elmə sosial sifariş olmadığı üçün bu sahədə böyük reqres yarandı. Bu gün və dünən də bizim ölkəmiz xam mal (neft və qaz) yönümlü iqtisadi modellə işlədiyi üçün elmə ehtiyac yoxdur. Lakin, post-neft dövrü üçün ölkənin hansı iqtisadi modellə işləməsini müyyənləşdirmək üçün və belə modeli həyata keçirmək üçün güclü elmə ehtiyac olacaqdır. Post-neft dövrü o qədər də uzaqda deyil. Əfsuslar olsun ki, elmi potensialımız o dövr üçün hazır deyil. Məsələnin başqa bir tərəfi odur ki, elmsiz təhsil yoxdur. Elmli təhsil kadrlarımızın qıtlığı elə indidən özünü göstərir.

SUAL (Zamik İslamov, Azerbaycan Dovlet Neft Akademiyasinin MBA programi uzre mezunu): Axsaminiz xeyir olsun. İlk once, Radionuza dunyaca taninmis ve Azerbaycan uchun chox deyerli olan bir ziyalimizi – akademik Rafiq Eliyevi canli verilishe devet etdiyinize gore teshekkur edirem. Men hormetli professorumuzu 70 yasinin tamam olmasi munasibetile tebrik edir ve ona birinci novbede can sagligi arzu edirem. Rafiq muellimin qalan omrunu arzularinin heyata kechmesi sevincile yashamasini arzu edirem – bilirik ki, ziyalimizin Azerbaycan uchun de boyuk arzulari vardir. Ziyalimizdan sorusmaq isterdim ki, “İnshaallah 75 yashinizi qeyd ederken Azerbaycani, Azerbaycan gencliyini nece gormek isterdiniz ?” Chox sag olun!

CAVAB: Hörmətli Zamiq bəy,

Xoş sözləriniz üçün sizə təşəkkür edirəm. MBA məzunu olmağınız münasibətilə sizi təbrik edirəm. Ömür vəfa etsə, böyük əminliyim var ki, beş ildən sonra Azərbaycanı demokratik, cəmiyyətini işıqlı, hər bir fərdini azad görəcəyik. Bu hədəfə çatmaq yolunda siz gənclərin böyük zəhməti olacaq. Bizlər məsuliyyəti siz gənclərin çiyninə qoymaq fikrindən uzağıq. İnşallah, bu hədəfə bir yerdə çatacağıq.


Emil Quliyev (moderator): Növbəti sual, daha doğrusu suallar Elməddin adlı istifadəçidən daxil olub. İstifadəçinin sizə 4 sualı var:


Salam Rafiq muellim, Sizi Belcika’dan, Liege Universitetinden salamlayiram, Size Allahdan uzun omur ve mohkem cansagligi arzulayarim.Alimler bizim cemiyyetimizin goren gozudur, ve qaranliq zulmetleri isiqlandiran ziyadir.Bu menada , sizin sozun esl menasinda oz ohdenize dusen mesuliyyetli vezifeni sherefle davam edirsiniz.Biz sizinle fexr edirik ve sizleri ozumuze numune gotururuk..Daim burda professorlar ve telebeler ile danisanda fexrle Lutfi Zadenin ve Rafig Eliyevin hemyerlisi olmagimi bildirirem.. Sual1: Deyirler, ‘fuzzy logic’-in yaradicisi Lutfi Zadedir ve ondan sonra bu isde en boyuk uguru qazanan sizsiniz..Eceba, ardicilliq davam edirmi? Ye’ni yene de yetisen Azerbaycanli var mi bu meslelerde? Sual2: Menaviyyati, milli teessubkesliyi olmayan ‘alimler’ , ‘qeyri-selis mentiqle’ 0-1 skalasinin harasinda movqe tutur? Sual3: Meni coxdandir bir sual dusundurur: deyirler, her xalq layiq oldugu kimi yonetilir!!!Biz bele yonetilmeye layiqikmi? Sual4: Eger size Azerbaycani halhazirda xilas edecek ve inkisafa aparan optimal bir dustur yazin deseler bu qisaca nece olardi?? Onceden tesekkur ve minnetdarligimi bildirirem!!!

CAVAB: Hörmətli Elməddin bəy,
Xoş sözləriniz və təbrikləriniz üçün sizə minnətdarlığımı bildirirəm. Mənə çox xoş oldu ki, siz Fuzzy Logic təfəkkürünə sahibsiz.

1. Əfsuslar olsun ki, bu gün Azərbaycanda bu ənənə davam etdirilmədi. Az da olsa ABŞ-da, Kiprdə və bəzi başqa ölkələrdə bu sahədə çalışan yaxşı azərbaycanlı alimlər var.

2. Siz dediyiniz “alimlər” 0-1 şkalasında sıfıra söykəniblər.

3. Azərbaycan xalqı dəyərli xalqdır. Xüsusən, onun böyük fərdləri, böyük şəxsiyyətləri olub, var və olacaqdır. Bu xalq daha yüksək səviyyəli yönətilməyə layiqdir.

4. Belə bir düstur təbii dildə olmalıdır, çünki qeyri səlis-məntiq əsasən sözlərlə, cümlələrlə, persepsiya informasiyası ilə işləyir. Bu düstur belə olmalıdır: “Demokratiya * Demokratiya+Texnoloji Iqtisadiyyat+Azadlıq* Azadlıq”. Bu düsturda vurma və toplama qeyri-səlisdir. Düsturun realizə olunması “Computing with words” vasitəsilə həyata keçirilməlidir.

EQ (moderator): Rafiq müəllim, forumun sonuna təxminən yarım saat vaxtımız qalır. Növbəti sual Azər Sanxay adlı oxucudan daxil olub:

Salam Rafiq bey size sualim indiki gencliyi nece gorursunuz?sizin dovrunuzden daha cox ziyalimi yetisdirmek olardi yoxsa indiki vaxtdami.Hal hazirda ozunuzun varisi kimi hansi ziyali genci gorursunuz?

CAVAB: Hörmətli Azər bəy, Sizi salamlayıram. Azərbaycanda (həm Azərbaycan müstəvisində, həm də onun xaricində) ləyaqətli Azərbaycan gəncliyi var. Arzum budur ki, bu gənclər daha çox kreativ olsunlar, içərilərində olan qorxu hissini daha çox dəf etsinlər, ümidsizlikdən azad olsunlar. Düşünürəm ki, bizim dövrümüzdə ziyalılar daha çox idi, daha əzəmətli idi (baxmayaraq ki, sovet dövründə çox yasaqlar var idi). Məsələn, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Ziya Bünyadov, Famil Mehdi və başqaları. Varisimiz kimi Azərbaycan və onun xaricində olan bütün vətənpərvər, qorxmaz, yüksək intellektli gəncləri görürəm.

SUAL (Pərvanə Bayramova): İndiki genclerde daha çox neyi görmek isterdiniz?Teşekkürler.

CAVAB: Pərvanə xanımı salamlayıram,
İndiki gənclərdə daha çox görmək istədiklərim bunlardır: Allah və vətən sevgisi, yüksək intellekt, azad fikir bir də cəsarət. Unutmayaq ki, bayraqları bayraq yapan üstündəki qandır, topraq əgər uğrunda ölən varsa Vatandır.

EQ (moderator): Vaxtımızın bitməsinə az qaldığından Facebook və email vasitəsilə daxil olan təbrikləri və qısa sualları ümumiləşdirib sizə təqdim edirik:

Farid Haqverdiyev: Ad günün mübarək

Aynur Atabeyli: Semimi qelbden tebrik edirik!

Ceydam Sarikaya: TEBRIKLER.

Yashar Mammadov: tebrik edirem, sizce az-da dahilere yeterince

Zahid Guliyev (Almaniyadan)
: Hörmetli ziyali,dünya shöhretli alim,Garabagsiz Garabagli Rafig Aliyevi tebrik edirem.Özüme söz vermishem Isa bulaginda Garabag shikestesi oxuyacam Rafig bey ücün. Rafig beyin 80 yashindada bu arzuma yetsem yene serf eliyir.Allah hamini arzusuna yetirsin. Rafig beye sualimi bele vererdim.Onun ehtimallarina göre Garabagi nece ilden sonra azad ede bilerik ve yaxud azad etmek shansimiz varmi? tessekkür edirem.

Bakılı:
Ad gününüzü təbrik edirəm.

Seymur: Salam Rafiq Muellim,sizi tebrik edirem! size uzun omur,elmi ishlerinizde ugurlar arzulayiram.

Ceyhun: Bizim ADNA-nin fexri Rafiq muellim sizi ad gunu munasibetile tebrik edirem.Allah size uzun omur versin ve biz genclerin bawindan eskik etmesin. Yashar Mammadov: tebrik edirem

Rafiq Əliyev: Xoş sözlərinizə və təbriklərinizə görə təşəkkür edirəm. Sualınız çox ağır və çətin sualdır. Qarabağı azad etmək şansı təbii ki, var. Burda zəka və qılıncın birliyi lazımdır. O ki qaldı nə vaxt, burda çətinlik çəkirəm.

Emil Quliyev (moderator): Rafiq müəllim, təxminən 1 saatdan sonra 70-ci doğum gününüzə qədəm qoyacaqsınız. Bu münasibətlə, bir daha Sizi Amerikanın səsinin əməkdaşları, oxucuları və şəxsim adından təbrik edirəm. Dəyərli vaxtınızı ayırıb, oxucularımızın sualların cavablandırdığınız və təbrikləri qəbul etdiyiniz üçün təşəkkürümü bildirirəm.

Rafiq Əliyev:
Hörmətli Emil bəy,
Sizin bu tədbiriniz 70 ildə ən yadımda qalan və qiymət verdiyim bir tədbir oldu. Təbrikləriniz üçün şəxsən Sizə, redaksiyanıza və bütün iştirakçılara dərin minnətdarlığımı bildirirəm. Tanrı sizi qorusun.

Dərin hörmətlə,
Rafiq Əliyev

Emil Quliyev: Çox sağ olun! Mən də iştirakçılarımıza Sərbəst Kürsü forumuna göstərdikləri yüksək marağa görə minnətdarlığımı bildirir və vaxt məhdudiyyəti səbəbilə sualları cavabsız qalan oxucularımızdan üzr istəyirəm. Sərbəst Kürsünün növbəti canlı forumunda görüşənədək...

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG