Accessibility links

Rebekka Vinsent: Azərbaycanda vəziyyət kritik həddə çatıb [Video-Skype]


ABŞ səfirliyinin Azərbaycandakı sabiq əməkdaşı və insan haqları fəalı Rebekka Vinsent deyir ki, Azərbaycan hökumətinin QHT-lərə qarşı kampaniyası ölkədə insan haqları sahəsində faəliyyətə son qoymaq məqsədi daşıyır. Onun sözlərinə görə Avropa qurumlarının İlham Əliyev hökumətini cavabdeh tutmaqdan boyun qaçırması vəziyyətin kritik həddə çatmasına səbəb olub.

Amerikann Səsi: Ötən həftələrdə çox sayda QHT Azərbaycanda hədəf alınıb. Bir sıra vətəndaş cəmiyyət fəalları həbs olunub, bank hesabları dondurulub. Azərbaycanda baş verənlər haqda düşüncələriniz?

Rebekka Vinsent: Azərbaycanda insan haqları durumu həyəcan doğurur. Mən deyərdim ki, misilsiz bir basqı yaşanılır. “Misilsiz” sözündən tez-tez istifadə olunur, amma Azərbaycanda ilbəil, aybaay vəziyyət doğrudan da pisləşməkdədir. Hazırda durum az qala dözülməz həddə çatıb. Konkret olaraq mənim lokal həmkarlarım Leyla Yunus, Rəsul Cəfərov və İntiqam Əliyevin həbsləri dərin narahatlıq doğurur. Özü də bütün bunlar Azərbaycanın Avropa Şurasına sədrlik etdiyi vaxtda baş verir – elə bir təşkilat ki, onun amalı demokratiya və insan haqları olmaldır.

Amerikann Səsi: Siz Rəsul Cəfərovla yaxından işləmisiniz. Insan haqları Klubunun təsisçisi olaraq o, vergidən yayınmaq və başqa ittihamlarla üzləşir. Onun həbsi ilə əlaqədar nə demək istərdiniz?

Rebekka Vinsent: Bəli, mən Rəsulla işləmişəm. Mən o vaxt İnsan Haqları Klubu ilə əməkdaşlıq edirdim. Bu qrup 2013-cü ilin dekabrında Demokratiya üçün İncəsənət Kampaniyası keçirdi. Ondan əvvəl, Eurovision mahnı yarışı ərəfəsində də bu təşkilat beynəlxalq diqqətin Azərbaycanda insan haqları pozuntularına yönəlməsində mühüm rol oynamışdı. Hesab edirəm ki, Rəsul Azərbaycanda insan haqlarını müdafiə etdiyinə görə hədəf alınıb - ələlxüsus siyasi məhbuslarla bağlı işinə görə. O, prezident seçkilərindən öncə 142 siyasi məhbusu müəyyən edən sənəd üzərində işləmişdi. Fikrimcə bu siyahı hökumət orqanlarını qəzəbləndirdi. O vaxtdan bəri o, Avropa Şurası ilə işləmişdi və yeni hesabatçıya tövsiyələr verirdi. Azərbaycan hökuməti ölkədə siyasi məhbusların möcudluğunu inkar etmək üçün çox çalışır.

Amerikann Səsi: Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinin sədri vəzifəsində qalır. Siz hesab edirsinizmi ki, avropaların Azərbaycandakı həbslərə reaksiyaları adekvat olub?

Rebekka Vinsent: Xeyr, düşünmürəm ki, adekvat olub. Onu da qeyd etməliyəm ki, Azərbaycan Avropa Şurasına sədr seçiləndən bəri insan haqları situasiyası pisləşib, yaxşılaşmayıb. Azərbaycan hökuməti Avropa və beynəxlalq ictimaiyyət tərəfindən cavabdeh tutulmadığını görərək daha da ürəklənib. Təəssüf ki, onlar bunda yanılmayıblar. İnsan haqları ilə məşğul olan beynəlxalq təşkilatlar son həbsləri kəskin tənqid ediblər. Amma rəsmi orqanlardan, dövlətlərdən, Avropa İttifaqının sözçüsündən gələn bəyanatlar kifayət qədər sərt deyil. Onlar əksər hallarda narahatlıq ifadə etməklə, yaxud ədalətli məhkəməyə çağırmaqla kifayətlənirlər. Halbuki qanunun işləmədiyi bir ölkədə ədalətli məhkəməyə çağırmaq məntiqə sığmir. Bu adamlar heç öncədən həbs olunmamalı idilər. Onlar kriminal yox, insan haqları fəallarıdır. Əsas məsələni qoyaraq buna diqqət yetirmək əlbəttə ki, qeyri-adekvatdır.

Amerikann Səsi: Azərbaycanda insan haqları durumunu yaxşılaşdırmaq üçün Qərb nə edə bilər? Onun arsenalında nə kimi vasitələr var?

Rebekka Vinsent: Daha çox, daha sərt bəyanatlar lazımdır. Spesifik müdaxilələr olmalıdır, ələlxüsus Leyla Yunusun məsələsində. Bu qadının dərmana, xüsusi pəhrizə ehtiyacı var. Avropa Şurasının Azəraycanla bağlı çox sayda sənədləri, tövsiyələri var. Amma bunlara əməl olumur. Azərbaycan bunlara görə cavabdeh tutulmalıdır. Bu tövsiyələrə əməl olunmasına nəzarət etmək lazımdır. Avropa Şurası Parlament Assambleyasında rəsmilərin təyinatı şəffaf qaydada həyata keçirilməlidir. Azərbaycan hökumətinin tərəfdarı kimi tanınan Pedro Arqamuntun AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi təyin olunması müsbət hal deyil. Cənab Arqamunt haqda bildiklərimiz onun effektiv işləyəcəyinə heç bir ümid vermir.

Amerikann Səsi: Sizin hazırda həbsdə olan Leyla Yunus, Rəsul Cəfərov kimi fəallara sözünüz nə olardı?

Rebekka Vinsent: Möhkəm olun! Onlar bilirlər ki, fəaliyyətlərinə görə hədəf alınıblar. Onlar belə çətin mühitdə bu işin riskini anlayırdlar. Hökumət bu insanları hədəf almaqla ölkədəki situasiyaya ciddi təsir göstərib. Bu adamlar səsi olmayan adamlara səs verirdilər. İndi həmin səs məhv edilib. İnsanların hüquqlarını müdafiə edə biləcək çox az adam qalıb. İnsan haqları ilə məşğul olmaq istəyən, bunu edə bilən adamların sayı artıq çox azdır.

XS
SM
MD
LG