Accessibility links

Rza Diqqəti: Xalq meydana özü gəldi, burada başqa lider yoxdur (Audio)


Rza Diqqəti: Xalq meydana özü gəldi, burada başqa lider yoxdur (Audio)

Rza Diqqəti: Xalq meydana özü gəldi, burada başqa lider yoxdur (Audio)

Tanınmış foto-jurnalist Rza Diqqəti ilə Təhrir meydanından müsahibə

Tanınmış foto-jurnalist Rza Diqqəti hazırda Misirdə baş verən hadisələri işıqlandırmaq üçün Qahirədədir. Rza Diqqəti Amerikanın səsinin Azərbaycan xidmətinə Təhrir meydanından müsahibə verib.

Dilşad Aliyarlı: Rza bəy, siz hazırda Qahirədə haradasınız?

Rza Diqqəti: Mən indi Təhrir meydanının yaxınlığındayam, 50 metr aralıda dayanmışam ki, səs gəlməsin.

Sual: İndi orada nə qədər adam var?

Cavab: Burada təxminən 20-30 minə qədər adam toplaşıb.

Sual: İnsanlar bütün gecəni Təhrir meydanında qalır, elədirmi?

Cavab: Bəli, bu 12 gündür on minlərlə insan buraya, Təhrir meydanına toplaşır. Gündüz buraya daha çox insan gəlir. Sonra onlar bir-birini əvəz edir. Amma meydan adamla dolu olur. Bu gün yağış yağdı və hava soyudu. Lakin buna baxmayaraq, insanlar dağılışmayıb. Onlar burada ocaq qalayıb, onun ətrafına yığışıblar.

Sual: Rza bəy, gün ərzində nümayişlərin dinamikası necə olur?

Cavab: Gün ərzində buraya çox insan gəlir. Onlar şüarlar səsləndirir, tələblərini irəli sürür. Hamısının da tələbi birdir: Hüsnü Mübarək getməlidir.

Sual: Bu gün artıq xəbər verildi ki, Hüsnü Mübarək hakim partiyanın lideri kimi istefa verib. Bu xəbər insanlar tərəfindən necə qarşılandı?

Cavab: Adamlar bu xəbəri böyük sevinclə qarşıladılar. Onlar deyir ki, baxın, biz 12 gündür etiraz nümayişləri keçiririk və bu 12 gündə o artıq ikinci dəfədir bizim tələblərimizi qəbul edir. Əvvəlcə, Hüsnü Mübarək bildirdi ki, nə özü, nə də onun oğlu prezident seçkilərinə qatılmayacaq. İndi isə partiya rəhbərliyindən istefa verdi. Ona görə xəbərlər sevinc hissi ilə qarşılanıb və nümayişçilər deyir ki, meydanda nə qədər çox qalsalar, bir o qədər çox şeyə nail ola biləcəklər.

Sual: İnsanlar jurnalistlərlə təmas qurmağa meyllidilərmi? Sizə öz sözlərini çatdırmaq istəyirlərmi?

Cavab: Meydanda toplaşan insanlar jurnalistlərlə danışmaq istəyir, ürək sözlərini jurnalistlərə çatdırmaq istəyirlər. Bilirsiniz ki, ölkədə 30 ildir diktatura mövcud idi. Insanlar həbsə salınırdı, azad mətbuat mövcud deyildi. Ona görə indi adamlar çox rahat danışır. Amma hökumət tərəfdarı bir qrup iki gündür jurnalistlərə hücum edir. Jurnalistlərin döyülməsi, bıçaqla vurulması halları var. Bu bir neçə gün ərzində 50-dən çox jurnalist yaralanıb. Hökumət tərəfdən, polis tərəfindən həbs edilən jurnalistlər var. Bəzi jurnalistlərin kameraları alınıb.

Sual: Rza bəy, bəs sizin özünüzə təhlükə mövcuddurmu?

Cavab: Biz daim təhlükə altındayıq. Onlar mehmanxanalar, bizim meydana getdiyimiz yerlərdə dayanıb gözləyir və bizə hücum edirlər. Buna görə Təhrir meydanına getməyimiz və oradan çıxmağımız çətinləşib. Mənim özümü dəfələrlə saxlayıblar, amma mən bir az ərəb dilində danışa bildiyim üçün və bir neçə dəfə Qahirədə olduğum üçün şəhəri yaxşı tanıdığıma görə vəziyyətdən çıxa bilmişəm. Lakin başqa jurnalist dostlarım böyük təzyiq altında olublar, onların bıçaqlandıqlarının şahidi olmuşam.

Sual: Bu gün prezident Mübarəklə yanaşı, hakim partiyanın bütün rəhbərliyi istefa verdi. Addım-addım müəyyən dəyişikliklərin şahidi oluruq. İnsanlar bu haqda nə düşünür? Müxalifət qüvvələrinin reaksiyası necədir?

Cavab: İnsanlar demokratiya istəyir, azadlıq istəyir. Onlar azad seçkilər keçirilməsini arzu edir. Onlar deyir ki, Hüsnü Mübarək 30 ildir hakimiyyətdə idi və bundan sonra onun oğlunun, sonra da onun oğlunun hakimiyyətə gəlməsini istəmirlər. İnsanlar təzyiqlərdən qorxmur. Onlar deyir ki, həbsdə də olublar, işgəncələrə də məruz qalıblar, lakin indi meydandan çıxmaq istəmirlər.

Sual: Müxalifətlə dialoq prosesi necə gedir? Müxalifət cərgəsində qüvvələr nisbəti necə bölünüb? Müsəlman Qardaşları güclüdür, yoxsa dünyəvi müxalifət, yoxsa, güc onların birliyindədir?

Cavab: Bilirsinizmi, Müsəlman Qardaşları meydana əslinə qalsa, sonradan gəldi. Birinci olaraq meydana gələnlər gənclər idi. Bunlar yaşı 30-dan aşağı olan gənclərdir. Yəni, xalq bu meydana özü gəldi. Ondan sonra isə artıq o biri qruplar onlara qoşuldu. Mən deyərdim ki, bu hərəkatda bir rəhbər yoxdur. Xalq özü hərəkata başçılıq edir. Elə Tunisdə də gördüyümüz kimi, xalq hərəkata özü başlayır, burada bir rəhbər görmürük.

Sual: Rza bəy, bu hərəkatda dini element belə görünür, mövcud deyil.

Cavab: Demək olar yoxdur Müsəlman Qardaşlarının bu hərəkatda payı 20 faizdir. Burada islam elementindən söhbət getmir.

Sual: Siz dediniz ki, meydana toplaşanların əksəriyyəti gənclərdir. Biz hadisələr başayandan Misirdə dərin iqtisadi problemlərin mövcud olduğunun şahidi olduq. Bu gənclər kimdir? Onlar hansı təbəqəni təmsil edir?

Cavab: Ölkədə yoxsul adam çoxdur. Misirdə kəskin qütbləşmə prosesi gedir. Olduqca zəngin adamlar var. Amma insanların böyük əksəriyyəti yoxsulluq içində yaşayır. Hərəkatın başlanmasına da yoxsulluq və işsizlik kimi problemlər səbəb oldu. Gənclər işsizdir. Bir tərəfdən yoxsulluq və işsizlik, o biri tərəfdən isə diktatorluq, bu üç məsələ birləşdi. Əvvəl, gənclər internet və facebook vasitəsilə hamını toplaşmağa çağırmağa başladı. Bundan sonra isə artıq işsiz və yoxsul gənclər də küçələrə çıxdı.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG