Accessibility links

ABŞ səfiri: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yeni administrasiya üçün yüksək prioritet olaraq qalacaq


Riçard Morninqstar: Amerika və Azərbaycan bütün enerji məsələlərində ümumi ortaq razılıq əldə edib

Riçard Morninqstar: Amerika və Azərbaycan bütün enerji məsələlərində ümumi ortaq razılıq əldə edib

ABŞ və Azərbaycan bir sıra çox önəmli sahələr üzrə ortaq maraqlara malikdir ki, buna regional təhlükəsizliyi, Dağlıq Qarabağ məsələsini, İran və Əfqanıstan məsələsini aid etmək olar

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar APA agentliyinə müsahibə verib. Müsahibəni təqdim edirik:

- Prezident Barak Obama bildirib ki, ikinci prezidentlik müddətində ilk xarici səfərlərindən birini Türkiyəyə edəcək. Buna əsasən demək olarmı ki, o, ikinci prezidentlik müddətində bölgəyə daha çox diqqət ayıracaq?

- Bizim administrasiya Azərbaycana önəm və yüksək prioritet verməkdə davam edəcək. ABŞ və Azərbaycan bir sıra çox önəmli sahələr üzrə ortaq maraqlara malikdir ki, buna regional təhlükəsizliyi, Dağlıq Qarabağ məsələsini, İran və Əfqanıstan məsələsini aid etmək olar. Azərbaycan Əfqanıstanla bağlı bizə çox köməklik edib. Digər əməkdaşlıq sahəsi enerjidir. Burada biz Azərbaycan iqtisadiyyatının daha çox diversifikasiyasını vacib hesab edirik və bu istiqamətdə Azərbaycanla birgə işimizi davam etdiririk. Bu yaxınlarda keçirilən internetin idarə olunması üzrə forum buna yaxşı bir nümunədir.

Bundan başqa, demokratiya və insan haqları sahəsində biz hökumətlə fəaliyyətimizi davam etdiririk. ABŞ dövlət katibi Hillari Klinton iyun ayında ölkəyə səfər edəndə qeyd etmişdi ki, bizim ən yaxşı əlaqələrimiz o hökumətlərlə, o dövlətlərlə olur ki, onlar öz vətəndaşlarının insan haqlarını qoruyur və onları təmin edir. Biz hökumətlə bu istiqamətdə fəaliyyətimizin davam etdirilməsini səbirsizliklə gözləyirik.

- ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynamasını planlaşdırırmı?

- Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması administrasiya üçün yüksək prioritet olaraq qalacaq və hesab edirəm ki, bu münaqişənin nizamlanması bizim Azərbaycanla əlaqələrimizdə də çox yüksək prioritet təşkil edir. Mən 3 aya yaxındır Azərbaycandayam, bu müddətdə bir şeyi aydın şəkildə anlamışam ki, bu münaqişənin nizamlanması Azərbaycanda hər kəs üçün çox önəmlidir. Hər bir şəxs öz siyasi baxışlarından və mövqeyindən asılı olmayaraq Azərbaycanda bu münaqişənin ağrı-acısını çəkir və siyasi mövqeyindən asılı olmayaraq hər kəs bu məsələdə vahid mövqedən çıxış edir. Mən Minsk Qrupu ilə bu münaqişənin nizamlanması üçün öz fəaliyyətimi davam etdirəcəyəm. Bildiyiniz kimi, Minsk Qrupu münaqişənin nizamlanması üçün çox səylə çalışır və bu yaxınlarda bölgədə növbəti dəfə görüşlər keçiriblər. Ümidvaram ki, bu fəaliyyət və bu görüşlər sonda müsbət nəticə verəcək.

- ABŞ-da prezident Obamanın yenidən seçilməsindən sonra ənənəvi olaraq respublikaçılara səs verən 6 ştatdan olan qruplar ABŞ-dan ayrılmaq istədiklərini bəyan etdilər. Bunu necə şərh edə bilərsiniz? Bu, hansısa ciddi nəticələrə səbəb ola bilərmi?

- Bu, ciddi bir məsələ deyil. Çünki sizin bəhs elədiyiniz insanlar çox kiçik bir azlığı təmsil edirlər və onların ABŞ-dan ayrılması qanuni şəkildə heç bir şəkildə mümkün deyil. Mən buna heç bir diqqət və əhəmiyyət verməzdim.

- Yeni dövlət katibinin seçilmə prosesi hansı mərhələdədir? Bir çox ekspert Con Kerrinin adını çəkir və onun bizim regiona biganə qalmayacağını bildirir. Bu barədə nə düşünürsünüz?

- Dövlət katibinin kim olacağı barədə qərar ABŞ prezidentinin səlahiyyəti daxilində olan məsələdir. Bu barədə prezident qərar verməlidir və bunu Senat təsdiqləməlidir. Ona görə də mən dövlət katibi vəzifəsinə namizədlərin kimliyi barədə şərh verməyəcəyəm. Con Kerri barəsində deyə bilərəm ki, mən onu 30 ildən artıqdır tanıyıram. O, çox layiqli, ədalətli bir insandır və sizə zəmanət verə bilərəm ki, o, Ermənistan və Azərbaycanla bağlı məsələlərə obyektiv yanaşacaq.

- Bakı-Vaşinqton birbaşa hava reyslərinin təşkil olunmasına aid olan danışıqlar nə yerdədir?

- Ümidvarıq ki, yaxın gələcəkdə ABŞ-la Azərbaycan arasında birbaşa uçuşlar həyata keçiriləcək. Düşünürəm ki, bu cür uçuşlar hər iki ölkə üçün çox faydalı olacaq. Bunun üçün müəyyən icazələrin alınması lazımdır. Amma bu icazələrin alınması ilə bağlı son durumun necə olunmasından xəbərdar deyiləm.

Biz iki ölkə arasında birbaşa uçuşlara dair “açıq səma” adlandırılan sazişin əldə olunması üçün müzakirələrin aparılmasını istəyirik. Mən ABŞ-dan Azərbaycana və əks istiqamətdə birbaşa reyslə uçmağı səbirsizliklə gözləyirəm.

- Siz Azərbaycanın müxalifət partiyaları ilə bir neçə görüş keçirmisiniz, hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə isə hələ də görüşməmisiniz. Bu, onlarda narahatlıq doğurub.

- Bu kimi görüşlər Yeni Azərbaycan Partiyasını narahat etməməlidir. Mən Azərbaycana təyin olunmuş səfirəm və müxtəlif şəxslərlə, qruplarla onların istəyinə əsasən görüşürəm. Yeni Azərbaycan Partiyası belə bir görüş istəsə, mən böyük məmnuniyyətlə onlarla da görüşməyə hazıram.

- Azərbaycanın işğal altındakı ərazisində Xocalı hava limanının açılması cəhdlərinə ABŞ-ın münasibəti necədir?

- Ümid edirik ki, bu məsələ bütün tərəflərin iştirakı ilə güc tətbiq edilmədən həll olunacaq. Eyni zamanda düşünürəm ki, hava limanının açılması və orada reyslərin həyata keçirilməsi faydalı olmayacaq. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında qeyd edildiyi kimi, bu, regionda gərginliyin artırmasına səbəb ola bilər və bu da heç kəsin marağında deyil. Minsk Qrupu eyni zamanda onu da aydın şəkildə bildirib ki, hava limanının istismara verilməsi Dağlıq Qarabağın hüquqi statusuna heç bir təsir göstərməyəcək. Biz ümidvarıq ki, bu məsələ diplomatik və hüquqi yolla həllini tapacaq. Sonda bir daha qeyd eləmək istəyirəm ki, bu hava limanının açılması hüquqi statusa heç bir təsir etməyəcək.

- Azərbaycanla ABŞ arasında ikitərəfli hərbi əlaqələr necə inkişaf edir? Birgə təlim və treninqlərin keçirilməsi planlaşdırırsınızmı?

- Azərbaycanla bu sahədə əməkdaşlığımız çox yaxşıdır. Azərbaycan bir sıra təlimlərdə iştirak edir, bunların əksəriyyəti NATO ilə bağlıdır. Eyni zamanda ABŞ Azərbaycanla Xəzər dənizində təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq edir. Bu əməkdaşlıq da vacibdir. 907-ci düzəlişin mövcud olmasına baxmayaraq, biz lazımi səviyyədə əməkdaşlıq qura bilmişik. Bundan başqa, bizim terrorizmlə mübarizə sahəsində də əməkdaşlığımız mövcuddur.

- ABŞ Senatı İrana qarşı sanksiyaları yenidən sərtləşdirib. Yeni administrasiya İranla bağlı problemin diplomatik yolla həlli üçün səylərini gücləndirməyi düşünürmü?

- İran ABŞ administrasiyası üçün çox mühüm və prioritet təşkil edən məsələdir. ABŞ prezidenti çox aydın şəkildə bəyan edib ki, İranın nüvə silahına malik olması qəbuledilməzdir. Bununla yanaşı, prezident qeyd edib ki, məsələnin diplomatik yolla həlli üçün hələ də vaxt var. Ümidvarıq ki, sərt sanksiyalar və diplomatik yolla bu məsələnin həllinə nail olunacaq. Mən bu prosesdə bilavasitə iştirak etmirəm və məndə olan məlumat bununla məhdudlaşır.

- Azərbaycan bu məsələnin həllində faydali ola bilərmi və nə edə bilər?

- Bəli, İran Azərbaycanla qonşu olan bir dövlətdir və bu ölkələr arasında geniş və mürəkkəb əlaqələr var. Onların gündəlik əsasda demək olar ki, müxtəlif sahələrdə qarşılıqlı əlaqələri mövcuddur. Əgər Azərbaycan İranın mövqeyinə hansısa təsir göstərə bilərsə, bu, əlbəttə ki, çox məqsədəuyğun olar.

- ABŞ Yaxın Şərqdə mövcud olan İsrail-Fələstin münaqişənin həll olunmasında nə dərəcədə fəal rol oynaya bilər?

- Əlbəttə ki, İsrail-Fələstin münaqişəsinin həll olunması administrasiya üçün yüksək prioritet kəsb edir. BMT-nin məlum qətnaməsinə gəldikdə, bizim bununla bağlı mövqeyimiz bəllidir, biz düşünürük ki, bu qətnamə ümumilikdə prosesə müsbət təsir etməyəcək, faydalı olmayacaq. Biz bu qətnamə ilə bağlı öz mövqeyimizi Azərbaycan hökumətinə bildirmişik və Azərbaycan hökuməti özü bununla bağlı qərarını verəcək.
XS
SM
MD
LG