Accessibility links

Ərəstun Oruclu: Avropaya inteqrasiyada insan hüquqları və demokratiya ən ləng sahədir


Ərəstun Oruclu: Avropaya inteqrasiyada insan hüquqları və demokratiya ən ləng sahədir

Ərəstun Oruclu: Avropaya inteqrasiyada insan hüquqları və demokratiya ən ləng sahədir

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Amerikanın Səsi radiosuna müsahibəsində Aİ-nin Varşava Sammitinin Azərbaycanda islahatlara təsiri, Aİ-Azərbaycan əməkdaşlığından danışıb.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsi radiosuna müsahibəsində Avropa İttifaqının Varşavada keçirilən Şərq Tərəfdaşlığı üzrə Sammitinin Azərbaycanda islahatlara təsiri, Avropa İttifaqı-Azərbaycan ikitərəfli və çoxtərəfli əməkdaşlığından danışıb.

Sual: Avropa İttifaqının Varşavada keçirilən Şərq Tərəfdaşlığı üzrə Sammitinin Azərbaycanda islahatlara pozitiv təsiri nə ola bilər?

Cavab: Bu adi bir işçi sammit idi. Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı çərçivəsində öz münasibətini nümayiş etdirirdi. Eyni zamanda, tərəfdaşlarının müxtəlif aspektlər üzrə, yəni iqtisadiyyat, enerji təhlükəsizliyi, təhlükəsizlik, demokratiya və insan haqları ilə bağlı yanaşmasını bilmək istəyirdi. Sammiti irəliyə doğru müsbət bir addım saymaq olar. Çünki, artıq tərəfdarlarla əməkdaşlıq konkret layihələrlə real müstəviyə keçir.

Sual: Avropa İttifaqının regionda əsas marağı enerji təhlükəsizliyi ilə bağlıdır. Bu isə Nabucco layihəsi barədə qərarların qəbul edilməsi mərhələsinə təsadüf edir. Bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?

Cavab: Nabucco perspektiv bir layihədir və yüksək ehtimalla demək olar ki, o reallaşacaq. Hazırda hazırlıq mərhələsidir. Bu mərhələnin uğurla başa çatdırılıb, daha da genişləndirilməsi üçün qaz kəməri boyunca yerləşən ölkələrlə əməkdaşlığı genişləndirmək lazımdır. Artıq, Avropa İttifaqı bu istiqamətdə addımlar atır.

Enerji təhlükəsizliyi məsələsində də çox ziddiyyətli məqamlar var. Birinci, burada Rusiya açıq-aşkar müqavimət göstərir. İkinci, potensial tərəfdaş ölkələrin mövqeyi qeyri-müəyyəndir. Üçüncü, Avropa İttifaqının Rusiyanın müqavimətini neytrallaşdırmaq üçün potensialı yetərincə deyil.

Sual: Avropa İttifaqı Azərbaycanla assosiativ üzvlüklə bağlı danışıqlara başlayıb. Bu sahədə aparılan danışıqların perspektivinə necə baxırsınız? Ümumilikdə, Azərbaycanın demokratiya, insan hüquqları, yaxşı idarəçilik, iqtisadi sahədə Avropaya inteqrasiyası sahəsində nələr baş verir?

Cavab: İqtisadiyyat, insan hüquqları və demokratiya sahəsində Avropaya inteqrasiya ən ləng sahədir və bu gələcəkdə də belə olacaq. Hətta, demokratiya və insan hüquqları baxımından ölkədə vəziyyət gün-gündən pisləşməyə doğru gedir. Təsəvvür edin ki, Sammit keçirildiyi günlərdə belə, Azərbaycanda müxalifət fəallarının məhkəmə prosesi davam edirdi. Ölkədə siyasi məhbus problemi qalır və Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi Azərbaycana buraxılmır. Bu barədə inteqrasiyadan danışmaq gülünc olardı.

İqtisadi inteqrasiyadan danışarkən deyə bilərəm ki, bu ilin yazında ərəb inqilabları fonunda hökumət korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərə başladı. Bu gün, həmin mübarizənin nəticələrini hamı görür. Bu sahədə nəticəsizlik bir daha sübut edir ki, hakimiyyətin bütün fəaliyyət sütunu korrupsiya və monopoliyalardan ibarətdir. Bu səbəbdən də Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmaq istəmir, Avropa ilə sadələşdirilmiş gömrük münasibətlərinə və daha yaxın iqtisadi inteqrasiyaya getmir. Azərbaycan hakimiyyəti hesab edir ki, neftdən kifayət qədər böyük pullar götürür və bu vəsaiti daxildə xərcləməklə kifayətlənmək olar. Rəsmi hakimiyyət daxili bazarda Avropa ilə rəqabətdən çəkinir.

Sual: İnsanlar arasında inteqrasiya prosesi necə gedir? Yəni, viza rejimi sahəsində vəziyyət necədir?

Cavab: Viza sahəsində hər iki tərəfdən çətinliklər mövcuddur. Azərbaycandan Avropaya getmək üçün viza almaq çox çətindir. Hətta, Avropa universitetlərində təhsil almaq istəyənlər belə viza problemi ilə qarşılaşır. Azərbaycan hökuməti isə 2010-cu il parlament seçkiləri öncəsi viza rejimini daha da sərtləşdirib. Bir neçə aydan sonra Azərbaycanda Eurovizion mahnı müsabiqəsi keçiriləcəyinə baxmayaraq, həm Azərbaycandan Avropaya, həm də əksinə viza almaq üçün insanlar çətinliklərlə üzləşməkdə qalır.

XS
SM
MD
LG