Accessibility links

Rəsul Cəfərov: Müstəqillik dövründə heç zaman indiki qədər çox sayda gənc həbs edilməyib


Rəsul Cəfərov: Müstəqillik dövründə heç zaman indiki qədər çox sayda gənc həbs edilməyib
Rəsul Cəfərov: Müstəqillik dövründə heç zaman indiki qədər çox sayda gənc həbs edilməyib

Hüquq müdafiəçisi ölkədə hazırda 10 gəncin siyasi məhbus olduğunu deyib. Təşkilat son zamanlar çoxsaylı gənclərin həbsini pisləyir və onların hüquqlarının müdafiəsi sahəsində yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ilə birgə işlər aparır.

Gənc Siyasi Məhbusların Hüquqlarını İctimai Müdafiə Komitəsinin koordinatoru Rəsul Cəfərov Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə hazırda 10 gəncin siyasi məhbus olduğunu deyib. Təşkilat son zamanlar çoxsaylı gənclərin həbsini pisləyir və onların hüquqlarının müdafiəsi sahəsində yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ilə birgə işlər aparır.

Sual: Azərbaycanda hazırda neçə gənci siyasi məhbus kimi tanıyırsınız?

Cavab: Hazırda 10 gənc siyasi məhbus var. Bu siyahı son dövrlər həbs edilmiş gəncləri də əhatə edir. 2005-ci ildə həbs edilmiş “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin adını da bu siyahıya daxil etmişik. Biz, digər siyasi məhbusların da hüquqlarını müdafiə edəcəyik. Amma, son zamanlar hökumətin xüsusilə gənclərlə amansız davranışı, bizi daha çox narahat edir. Müstəqillik dövründə indiki qədər çox sayda gənc heç zaman repressiyalara məruz qalmayıb.

Sual: Həbsdə olan gənclərin fəaliyyət spektri necədir? Həbsdə olanlar siyasi partiya üzvləridir?

Cavab: Həbsdə olan gənclərin böyük əksəriyyəti siyasi partiyaların, xüsusilə müxalif siyasi partiyaların üzvləridir. Onların arasında bir neçə bitərəf gənc də var ki, onlar da bu ilin mart və aprel aylarında keçirilən etiraz aksiyaları ilə bağlı həbs edilib.

Sual: Bu günlərdə Amerika dövlət katibi Azərbaycan qarşısında həbsdə olan gənclərin, xüsusilə Bəxtiyar Hacıyevin və blogerlərin məsələsini qaldırıb. Hazırda gənclərin həbsdən azad edilməsi istiqamətində bir dəyişiklik baş verib?

Cavab: Bu məsələnin Amerika dövlət katibi səviyyəsində qaldırılmasını müsbət qarşılayırıq. Yaxın zamanlarda blogerlər Emin Milli, Adnan Hacızadə və jurnalist Eynulla Fətullayevin həbsdən azad edilməsi presedentini nəzərə alsaq hesab edirik ki, gənclərin məsələsinin mütəmadi gündəlikdə qalması onların vaxtından əvvəl həbsdən azad edilməsinə kömək edə bilər. Amma, narahatlıq doğuran odur ki, Azərbaycan xarici işlər nazirinin Amerika dövlət katibi ilə görüşü ərəfəsində və görüşdən sonra hakimiyyətə yaxın “Lider” televiziyasında Bəxtiyar Hacıyevin əleyhinə təhqiramiz reportajlar nümayiş etdirilir.

Sual: Sizin təşkilat Amerika prezidentinə və Avropa Şurasının yüzdən çox deputatına müraciət qəbul edib. Sənədin əsas məzmunu nədir?

Cavab: Müraciətdə Bəxtiyar Hacıyev, Cabbar Savalan, eyni ilə də müxalifətin son aksiyaları zamanı barələrinə cinayət işi qaldırılaraq həbs qəti imkan tədbiri seçilmiş gənclərin məsələsini mütəmadi olaraq Azərbaycan hakimiyyəti qarşısında qaldırmalarını xahiş etmişik. İstəyir ki, Amerika və Avropa Şurası gənclərin azad edilməsinə nail olmaq üçün keçirdiyimiz tədbirlərdə Azərbaycan vətəndaş cəmiyyətlərinə dəstək olsun.

XS
SM
MD
LG