Accessibility links

Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib


Ukrayna rəsmilərinin çərşənbə günü bildirdiyinə görə, Rusiyanın 55 raket və 21 pilotsuz uçuş aparatının da daxil olduğu hücumu nəticəsində Ukraynanın qərbindəki Lviv vilayətində elektrik istehsal edən obyektə ziyan dəyib.

Ukraynanın ən böyük özəl elektrik şirkəti DTEK Rusiya raketlərinin şirkətin Ukraynadakı altı istilik elektrik stansiyasından üçünə "ciddi zərər" vurduğunu bildirib.

Lviv vilayətinin qubernatoru Maksim Kozitski Telegram kanalında bildirib ki, Rusiyanın qanadlı raketləri Çervonohrad rayonundakı generasiya qurğusunu, eləcə də Strıysk rayonunda mühüm enerji obyektini zədələyib.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Ukraynanın mərkəzindəki Korovohrad vilayətinin qubernatoru Andrey Rakoviç Rusiyanın raket hücumu nəticəsində bir nəfərin yaralandığını, 13 evin dağıldığını bildirib.

Vinnitsadakı rəsmilər də Rusiyanın mühüm infrastruktur obyektlərini hədəf alan hücumlar həyata keçirdiyini bəyan edib.

Ukrayna Hərbi Hava Qüvvələri ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin 55 raketdən 39-nu, 21 pilotsuz təyyarədən 20-ni vurduğunu bildirib.

Hücum Ukrayna əks-kəşfiyyatının müstəntiqlərinin Rusiya agentlərinin Ukrayna prezidenti Volodimir Zelenskiyə və digər yüksək səviyyəli məmurlara sui-qəsd planının qarşısını aldıqlarını bildirməsindən bir gün sonra baş verib.

Ukrayna Dövlət Təhlükəsizliyi Xidmətinin bildirdiyinə görə, Ukrayna Dövlət Qvardiyasının yüksək vəzifəli şəxsləri qoruyan iki polkovniki planı həyata keçirməkdə və vətənə xəyanətdə şübhəli bilinərək həbs edilib. Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında deyilib ki, sui-qəsd Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən hazırlanıb.

Forum

XS
SM
MD
LG