Accessibility links

Saatlıda qəbir daşları dağıdılıb [Video]


Saatlı rayon Musalı kənd qəbiristanlığı (Şəkil "Media Forum" saytının filmindəndir)
Saatlı rayon Musalı kənd qəbiristanlığı (Şəkil "Media Forum" saytının filmindəndir)

AXCP günahkarların cəzalandırlmasını tələb edir. İqtidaryönümlü media hadisəni törədənlərin AXCP rəhbərliyi tərəfindən bu işə cəlb edildiyini yazır



AXCP Saatlı rayon təşkilatı Musalı kəndində qəbir daşlarının dağıdılmasını qətiyyətlə pisləyir və cinayətdə əli olanların təcili tapılıb cəzalandırılmasını tələb edir. Bu, artıq insanların mənəviyyatı ilə oynamaqdır. Bu barədə AXCP Saatlı rayon şöbəsi Məclisinin sədri Ziyafət Hüseynli Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, Saatlı rayonunun Musalı kənd qəbirstanlığında qəbir daşlarının dağıdılmasında şübhəli şəxs qismində tutulan Nəsimi Əliyev və Ədalət Məmmədov heç bir zaman AXCP üzvü və ya tərəfdarı olmayıb. “Onların AXCP tərəfindən öyrədilməsi ilə bağlı yayılan məlumatlar tamamilə böhtandır”, deyə o qeyd edib.

Z.Hüseynlinin özü də Musalı kəndindədir və dağıdılan qəbirlər arasında onun qohumlarının da qəbri var. “Doğma əmim oğlunun qəbir daşı aşırılıb”.
Məclis sədri, saxlanan hər iki şəxsin içkiyə meylli olduğunu bildirib. “AXCP hesab edir ki, bu iki şəxs 80-90 qəbir daşını dağıda və aşıra bilməz. “Birincisi, iki nəfər 90-a yaxın qəbir daşını dağıtmaq gücündə deyil, ikincisi isə dağıdılan və aşırılan ağır qəbir daşlarına iki nəfərin gücü çata bilməz. Bu qabaqcadan məqsədli hazırlanmış bir fəaliyyətdir. Qəbir daşlarının dağıdılıb, aşırılmasında ən azı bir qrup insan iştirak edib”, deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 23-dən 24-nə keçən gecə Saatlı rayonunun Musalı kənd qəbiristanlığında naməlum şəxslər tərəfindən çoxsaylı qəbrin baş daşları sındırılıb və ya aşırılıb.

Trend agentliyinin məlumatına görə, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş operativ tədbirlər nəticəsində hadisəni törədənlər, Musalı kənd sakinləri, heç bir yerdə işləməyən 1987-ci il təvəllüdlü Əliyev Nəsimi Arif oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Ədalət Səxavət oğlu şübhəli şəxs qismində saxlanılıblar. Onlar hadisəni sərxoş halda törətdiklərini etiraf ediblər.
Faktla bağlı cinayət işi açılıb və hazırda istintaq aparılır.

Agentliyin əldə etdiyi ilkin məlumatlara görə, hadisəni törədən şəxslər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbərliyi tərəfindən bu işə cəlb edilmiş və rayonda sabitliyi pozmaq, rayon sakinləri arasında süni narazılıq yaratmaq məqsədilə insanların mənəvi dəyərlərinə toxunan bir hərəkətə təhrik ediblər.

Rayondan Trend-ə verilən məlumata əsasən, saxlanılan Nəsimi Əliyevin atası Arif Əliyev rayonda daim vəzifəli şəxsləri şantaj etməklə mənfəət əldə etməyə çalışan bir şəxs kimi tanınır. Xüsusən də 2010-cu ildə baş vermiş təbii fəlakət zamanı onun əmlakına ziyan dəymədiyi halda, rayon rəhbərliyinin ünvanına böhtanlar yağdıraraq ona qərəzli şəkildə evin tikilməsinə və kompensasiya verilməsinə maneçilik törədildiyi barədə müxtəlif mərkəzi orqanlara və müxtəlif internet saytlarına yalan məlumatlar göndərir.
XS
SM
MD
LG