Accessibility links

Sabir Rüstəmxanlı: "ABŞ hökumətinin İranda azərbaycanlıların vəziyyətinə diqqətinin artdığı hiss olunur"


Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı ABŞ-a səfəri çərçivəsində paytaxt Vaşinqtonda Amerika rəsmiləri ilə bir sıra görüşlər keçirib.

Sabir Rüstəmxanlının Amerikanın Səsinə bildirdiyi kimi, ABŞ-ın Azərbaycandakı səfiriyinin dəstəyi ilə həyata keçirilən işgüzar səfər zamanı onun Dövlət Departamentində və Amerika Konqresində görüşləri olub. O, Dövlət Departamentində keçirilən görüş zamanı ABŞ və Azərbaycan arasında münasibətlərinin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, bununla yanaşı İranda azərbaycanlıların problemləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldığını bildirib.

Aprelin 26-da Sabir Rüstəmxanlının ABŞ Konqresində İran azərbaycanlılarının hüquqlarının müdafiəsinə dair qətnaməni təqdim etmiş Kaliforniya konqresmeni Dana Rohrabakerlə görüşü olub. Görüş zamanı DAK həmsədri konqresmen Rohrabaçerə İranda etnik azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulması, azərbaycanlı milli fəalların həbsxanalara salınması, azərbaycanlıların mədəni və dil hüquqları uğrunda apardığı mübarizə ilə bağlı məlumat verib. Sabir Rüstəmxanlı Amerika Birləşmiş Ştatları hökuməti tərəfindən İranda azərbaycanlıların vəziyyətinə diqqətin artdığının hiss olunduğunu bildirib.

Konqresmen Dana Rohrabaker Amerikanın Səsinin suallarını cavablandıraraq deyib ki, ABŞ hökuməti İranda Azərbaycan türklərinin azadlıqlar və öz mədəni hüquqları uğrunda mübarizəsinə dəstək məqsədilə maarifləndirmə səylərini artırmalıdır. O bu istiqamətdə addımların atıldığını vurğulayıb. Konrqesmen Rohrabaker bildirib ki, o, Amerikanın Səsinin İranda azərbaycanlılar üçün Azərbaycan türkcəsində proqramlar yayımlaması ilə bağlı Konqresə layihə təqdim edib və bu haqda müraciətlə çıxış edib.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG