Accessibility links

Humanitar yardım işçiləri: Rəfahın təhlükəsiz təxliyəsi mümkün deyil


Qəzza zolağında çalışan humanitar yardım və səhiyyə işçiləri çərşənbə günü İsrailin Rəfaha genişmiqyaslı hərbi əməliyyatının fəlakət olacağı barədə xəbərdarlıq edib və dinc əhalinin kütləvi şəkildə təhlükəsiz təxliyəsinin mümkün olmadığını bildiriblər.

Bombardmanlardan və döyüşlərdən xilas olmaq üçün zolağın digər hissələrindən dəfələrlə qaçan təxminən 1,3 milyon fələstinli sonda Qəzzanın cənubundakı Rəfaha sığınıb.

Bazar ertəsi İsrail Rəfahın şərqindəki 30 kvadrat kilometrlik əraziyə vərəqələr ataraq, sakinlərdən Birləşmiş Millətlər Təşkilatının artıq izdihamlı, təhlükəsizlik və əsas humanitar xidmətlərdən məhrum olduğunu dediyi sahilyanı Əl-Məvasi şəhərinə köçmələrini istəyib.

Britaniyanın Oxfam yardım qrupunun Qəzzadakı sözçüsü Qada ƏlhƏddad insanların haraya gedəcəklərini bilmədiklərini və bütün Əl-Mavasi və mərkəzi Deyr Əl-Balah şəhərlərində çadırlar qurulduğunu deyib.

"Hətta səkilərdə, küçələrdə, qəbiristanlıqlarda, xəstəxanaların həyətlərində, məktəblərin həyətlərində çadırlar qurulub" - deyə, o, yardım agentlikləri və səhiyyə işçiləriu ilə birlikdə keçirilən brifinqdə bildirib.

Yeddi aylıq müharibədən sonra əhali o qədər ağır vəziyyətdədir ki, çoxları, əsasən də uşaqlar bombardmanlar nəticəsində ya şikəst olub, ya kifayət qədər qidalanmadıqları üçün piyada köçmək üçün sağlam deyillər. Əksər hallarda piyada köç etmək yeganə seçimdir.

"Aclıqdan əziyyət çəkən uşaqlar və qocalar çətinliklə yeriyə bilir və bu insanlar sadəcə başqa əraziyə yeriyərək köçə bilməz" - deyə, "Save the Children International" təşkilatının Humanitar təbliğat və Siyasət şöbəsinin rəhbəri Aleksandra Saye jurnalistlərə bildirib.

Fransanın "Medecins du Monde" (Dünya Həkimləri) xeyriyyə təşkilatının beynəlxalq əməliyyatlar üzrə direktoru Helena Rançal İordan çayının qərb sahilindəki Nablusdan "Təhlükəsiz zona anlayışı yalandır. Qəzzada artıq təhlükəsiz ərazi yoxdur" deyib.

O, bu həftə bir çox insan haqları müdafiəçiləri və yardım işçilərinin İsrailin əmri ilə təxliyə barədəki narahatlıqları bir daha təkrarlayıb. O, mülki vətəndaşların qorunmalı və onların əsas ehtiyaclarının ödənilməli olduğunu deyib.

Forum

XS
SM
MD
LG