Accessibility links

“Seçki qanunvericiliyinin təhlili: beynəlxalq normalar, problemlər və perspektivlər” müzakirə edilib


Seçki mövzusunda konfrans

Seçki mövzusunda konfrans

Azərbaycanda azad seçkilərin keçirilməsi üçün şərait yoxdur. Buna səbəb hakimiyyətin istəyinin olmaması və mürtəce qanunvericilikdir ki, bu da son illər daha da sərtləşdirilib. Avqustun 18-də Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) “Seçki qanunvericiliyinin təhlili: beynəlxalq normalar, problemlər və perspektivlər” mövzusunda keçirdiyi dəyirmi masanın leytmotivi belədir.

DTİ-nin rəhbəri, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Akif Qurbanov bildirib ki, seçki qanunvericiliyinin ölkənin beynəlxalq öhdəliklərinə, Avropa Şurası və ATƏT standartlarına uyğunluğunun təhlili aparılıb.

“Seçki sisteminin təkmilləşdirilməsi haqqında” adlanan araşdırma 10 siyasi partiyanın təmsilçiləri ilə müzakirə edilib.

Hakim partiya, Prezident Administrasiyası, parlament aparatı, parlamentin Hüquq siyasəti komitəsinin rəhbəri tədbirə dəvətli olsalar da iştirak etməyiblər.

Bununla belə, görüşdə siyasi qüvvələrin geniş spektri təmsil olunub.

Ekspert-hüquqşünas Ələsgər Məmmədli “Konstitusiya seçki sisteminə baxış, Seçki Məcəlləsi və qarışıq qanunlar, problemlər və təkliflər” adlı araşdırma xülasəsini təqdim edib.

Araşdırmaya ölkədəki vəziyyət, hakimiyyətin qollarının formalaşdırılmasında vasitə kimi seçkilərin faktiki aradan qaldırılması təhlükəsinin yaranması, seçkilərə inamın itməsi, cəmiyyətin demokratiya prinsiplərinə inamının azalması daxildir.

Müstəqillik dövründə keçirilən altı prezident seçkisindən seçilmiş prezidentin xeyrinə elan edilən rəsmi faiz 85, 5% təşkil edib. 1992-ci ildə Əbülfəz Elçibəyin seçkisi istisna təşkil edib -59,4%.

Seçki mövzusunda konfrans

Seçki mövzusunda konfrans

Beş referendumda hakimiyyətin təkliflərinin xeyrinə orta göstərici 89,76% olub. Parlament və bələdiyyə seçkilərində də yerlərin 90%-i hakimiyyətin maraqlarını təmsil edənlərə çatıb.

Lakin bu statistika cəmiyyətin əhval-ruhiyyəsini əks etdirmir.

O, “Seçki Məcəlləsi” ilə bağlı problemlərin sırasında son beş ildə seçki kampaniyasının müddətinin 4 aydan 2 ayadək, təşviqat kampaniyasının isə 60 gündən 3 həftəyədək azaldılmasını göstərib.

Bundan əlavə, seçki komissiyalarında balans hakimiyyət nümayəndələrinin xeyrinə pozulur, halbuki, bunlar hakimiyyət və müxalifət nümayəndələri arasında balans əsasında formalaşdırılmalıdır.

Sərbəst toplaşma ilə bağlı problem də seçkiqabağı mühitə mənfi təsir göstərir.

2012-ci ildən razılaşdırılmamış mitinqlərə görə cərimələrin məbləği2400 dəfə artırılıb.

Siyasi partiyalar təşviqat üçün efirə buraxılmır.

Son beş ildə dövlət telekanalları və İctimai Televiziya dövlətdən 400 mln. dollar həcmində yardım alıb, lakin yalnız İTV məhdud qaydada pulsuz efir təqdim edib.

A.Qurbanov MSK-nın normativ aktlarını təhlil edib. Aşağı seçki komissiyaları müstəsna olaraq MSK təlimatlarına əsaslanırlar, qanunlara yox.

MSK yanında şikayətləri araşdıran ekspert qrupları bu orqandan asılıdır.

Ekspert-hüquqşünas Səməd Rəhimli Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanda seçki hüquqlarının pozulması haqda qərarlarını təhlil edib. 2005 və 2010-cu il seçkilərində Strasburq məhkəməsi Azərbaycandan 12 şikayəti təmin edib. Lakin hökumət AİHM-in seçki sistemindəki nöqsanların aradan qaldırılmasına dair qərarlarını yerinə yetirmir.

Milli Şuranın sədri Cəmil Həsənli seçkilərdə demokratik normalara əməl olunması ilə bağlı vəziyyətin pişləşdiyini qeyd edib. Onun fikrincə, seçkilərin əvəzinə faktiki olaraq hakimiyyətin qəsb edilməsi baş verir.

“Artıq hakimiyyət üçün vacib deyil, ATƏT-in Demokrtaik Təsisatlar və İnsan Haqlaır Bürosu hansı rəyi verəcək. Onlar missiyanı dəvət edirlər ki, seçkilərə legitimlik görüntüsü versinlər”, o vurğulayıb.

Seçki mövzusunda konfrans

Seçki mövzusunda konfrans

Böyük Quruluş Partiyasının lideri Fazil Qəzənfəroğlu hesab edir ki, Azərbaycanda seçkilərin keçirilməsində əsas problemlərdən biri partiya demokratiyasının olmamasıdır. Onun fikrincə, ölkədə siyasi partiyaların inkişafı üçün şərait yoxdur.

Demokrat Partiyasının lideri Sərdar Cəlaloğlu müxalifət haqqında qanunun qəbuluna tərəfdar olub. O, hökumətin AHİM-in qərarlarını yerinə yetirməməsinə diqqəti çəkib. Belə ki, AİHM-də üç işi qazansa da kompensasiya ödənişindən başqa hökumət Strasburq məhkəməsinin qərarlarını yerinə yetirməyib.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, müxalifətin seçkiləri boykot etmək üçün kifayət qədər əsası var. Belə ki, ölkədə siyasi rəqabət atmosferi, təşviqat üçün bərabər imkanlar yoxdur, seçki administrasiyası hakimiyyətin nəzarəti altındadır.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, indiki vəziyyətdə seçkilərdə iştirak hakimiyyət tərəfindən buna legitimlik fonunun verilməsində istifadə olunacaq. Seçkilərdə mandatı yalnız hakimiyyətlə əlbir olanlar alacaq.

İndiki şəraitdə Azərbaycanda hakimiyyətin demokratik yolla dəyişdirilməsi imkanları yoxdur.

REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli diqqəti iqtisadi aspektlərə yönəldib. Onun sözlərinə görə, indiki parlament seçkiləri ÜDM-in 16% endiyi şəraitdə keçirilir.

Müzakirələrin nəticələrinə əsasən araşdırmaya əlavələr ediləcək və müvafiq dövlət qurumlarına, ictimai və beynəlxalq təşkilatlara təqdim olunacaq.

Dəyirmi masa Azərbaycanda bu ilin noyabrında keçiriləcək parlament seçkiləri öncəsi təşkil edilib.

Öz növbəsində, iqtidar bir qayda olaraq ölkədə azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığını bildirir. Bununla yanaşı, beynəlxalq qurumlar Azərbaycanda bundan öncə keçirilən seçkilərin ATƏT standartlarına cavab verməıdiyini bəyan edib.

XS
SM
MD
LG