Accessibility links

Senat Nikki Heylinin ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə namizədliyini təsdiq edib


Nikki Heyli

Nikki Heyli

Senat Trampın ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə nominasiya etdiyi Cənubi Karolina ştatının qubernatoru Nikki Heylinin namizədliyini təsdiq edib. Heylinin namizədliyi 90 senator tərəfindən dəstəklənib, cəmi dörd senator onun əleyhinə səs verib.

Nikki Heyli ABŞ-ın səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsinə dəstək verdiyini bildirib. Bu addım Yaxın Şərqdə zorakılıqların artmasına gətirib çıxara bilər. Heyli eyni zamanda, Rusiya ilə bağlı sərt mövqe tutaraq deyib ki, Moskvaya hazırda inanmaq mümkün deyil.

45 yaşlı Heyli BMT-də islahatların keçirilməsinə çalışacağını, insan haqlarının müdafiəsi uğrunda mübarizə aparmağa və beynəlxalq təsisatlara dəstək göstərməyə söz verib.

Senatın Bank, İnşaat və Şəhərsalma komitəsi Ben Karsonun İnşaat və Şəhərsalma naziri vəzifəsinə namizədliyini yekdilliklə təsdiq edib. Respublikaçılar partiyasından prezidentliyə namizəd olmuş keçmiş neyro cərrah Karsonun namizədliyinin təsdiqi ilə bağlı Senatda tam tərkibdə səsvermə keçiriləcək.

Ben Karson Senatda dinləmə zamanı

Ben Karson Senatda dinləmə zamanı

Prezident Tramp eyni zamanda, Federal Təhqiqatlar Bürosunun (FBI) rəhbəri Ceyms Kominin vəzifədə qalmasını istəyib.

Tramp Komini Demokrat partiyasından namizəd Hillari Klintonun dövlət katibi olduğu müddətdə məxfi emailləri ilə düzgün davranmadığı üçün məhkəmə işi açmadığına görə tənqid etmişdi.

Demokratların bir çoxu noyabrda prezident seçkilərinə 10 gün qalmış emaillərlə bağlı təhqiqatı yenidən gündəmə gətirdiyi üçün Komiyə qəzəblidir.

FBI direktoru prezident vəzifədən azad etməyənə qədər 10 il müddətinə təyin edilir. Prezident Obama Komini 2013-cü ildə vəzifəyə təyin etmişdi.

Senat Trampın kabinetinə üç nominasiyanı artıq təsdiq edib. Bunlar Müdafiə naziri vəzifəsinə Ceyms Mattis, Daxili Təhlükəsizlik naziri vəzifəsinə Con Kelli və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru vəzifəsinə Mayk Pompeodur.

XS
SM
MD
LG