Accessibility links

Baş Prokurorluq: Sevinc Babayevanın cəsədi İstanbul Ədliyyə Tibb İdarəsində ekspertizadan keçirilib


Sevinc Babayeva
Sevinc Babayeva

S. Babayevanın İstanbul şəhərində olduğu ünvan müəyyənləşdirilib, onun ünsiyyətdə olduğu şəxslər ətrafında istintaq-əməliyyat tədbirləri keçirilir

Azərbaycan Baş Prokurorluğu fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin yaydığı videoda rüşvət qalamaqalından adı hallanan Sevinc Babayevanın meyitinin ekspertizası ilə bağlı məlumat yayıb. Sevinc Babayeva İstanbulda vəfat edib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Azərbaycan vətəndaşı Sevinc Babayevanın Türkiyənin “Medicana International İstanbul Hospital” xəstəxanasında vəfat etməsi ilə əlaqədar ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Baş Prokurorluğunun hüquqi yardım göstərilməsi haqqında vəsatəti əsasında onun meyiti İstanbul Ədliyyə Tibb İdarəsində Türkiyə hüquq mühafizə orqanları əməkdaşları və məhkəmə-tibb ekspertləri tərəfindən Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarının, eləcə də Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun nümayəndələrinin iştirakı ilə məhkəmə-tibbi ekspertizası müayinəsindən keçirilib.

Ekspertizanın qarşısına S.Babayevanın ölümünə səbəb ola biləcəyi ehtimal olunan bütün fərziyyələr üzrə suallar qoyulub. Ekspertiza müayinəsi yekunlaşdırılıb və cənazənin Bakı şəhərinə göndərilməsi üçün müvafiq prosedur tədbirlər görülür.

Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları türkiyəli həmkarları ilə birgə S. Babayevanın İstanbul şəhərində olduğu müddətdə yaşadığı ünvanı müəyyənləşdirib, həmin müddətdə onun ünsiyyətdə olduğu şəxslərin dairəsi dəqiqləşdirilməklə onların ətrafında zəruri istintaq-əməliyyat tədbirləri və digər prosessual hərəkətlər həyata keçirilir.

Eyni zamanda araşdırmalarla müəyyən edilib ki, S. Babayeva 6-13 avqust 2012-ci il tarixlərdə Azərbaycan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Kardiologiya şöbəsində “Kəskin ağ ciyər emboliyası” diaqnozu ilə müalicə olunub.

Mətbuat xidməti bildirir ki, ekspertizanın nəticəsi barədə Türkiyə tərəfindən müvafiq cavab alındıqdan sonra həyata keçirilmiş araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə informasiya veriləcək.
XS
SM
MD
LG